Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:57

Cana qulluq zamanı…


«Mövsüm vaxtı hamı vitamin qəbul edir, uşaq da, yaşlı da. Əsasən «S» vitaminləri alınır…»

«Mövsüm vaxtı hamı vitamin qəbul edir, uşaq da, yaşlı da. Əsasən «S» vitaminləri alınır…»

Yaz ki, gəldi, vitamin qəbul etmək, cana qulluq lazımdır. Adətən el arasında da deyirlər ki, yazın əvvəli adamın üzülən vaxtıdır. Bunun başlıca səbəbi isə insanın ilboyu yığdığı vitaminlərin tükənməsidir. Gərəkdir ki, bu fəsildə orqanizmini vitaminlərlə zənginləşdirəsən, onu qüvvətləndirəsən ki, qanın oynayan vaxtında xəstəliklərə, təbiətin şıltaqlıqlarına həssas olmayasan.


Elə Bakıdakı apteklərdən birində işləyən Könül də deyir ki, yazda ən çox tələbat vitaminlərədir: «Mövsüm vaxtı hamı vitamin qəbul edir, uşaq da, yaşlı da. Əsasən «S» vitaminləri alınır…»


Tibb elmləri doktoru, professor Adil Qeybulla isə bildirir ki, avitaminoz dövründə immunsistemi zəifləyir, bəzi xəstəliklər kəskinləşir: «Buna görə də, immunsistemi zəif olanlar, xüsusən də yaşlı insanlarda və uşaqlarda vitaminoterapiyanın aparılması məsləhət görülür. Bunun üçün polivitamin tabletlərinin və ya vitaminlərin inyeksion formasından istifadə etmək olar».


Bakıdakı apteklərdən birində olduğum qısa müddətdə gördüm ki, sən demə, canına qulluq edənlər də az deyilmiş: «S» vitamini istifadə edirik. Qida rasionu zəifdir, vitaminə üstünlük veririk»; «Ən çox immuniteti artırmaq üçün «B» vitaminindən istifadə edirəm».


Ancaq yazda vitamin qəbul etməyin faydalılığını başa düşən respondentim Seymur kimi bəzən polivtaminlərin keyfiyyətsiz olmasından şübhələnənlər də az deyil. Odur ki:


«Mən həkimlə məsləhətləşirəm. Amma, çalışıram şirə içim, meyvə yeyim…»


Tibb elmləri doktoru, professor Adil Qeybulla deyir ki, aptekdə satılan polivtaminlərin xarici görünüşünə baxıb keyfiyyəti, istehsalçının söylədiyi kimi, standartlara cavab verməsi haqda fikir söyləmək çətindir. Amma həmin həblərin keyfiyyətsizliyi özünü iki halda büruzə verə bilər ki, bu da orqanizmə ciddi ziyan vurmaz: «Ya dərman az keyfiyyətli ola bilər ki, təsir etməz. Ya da hipervitaminoz halı baş verə bilər, vitamin normadan çox ola bilər ki, müəyyən fəsadlara gətirər. Ancaq narahat olmağa dəyməz. Vitaminin heç olmamasının fəsadı çox olmasının fəsadından qat-qat çoxdur».


Seçim qarşısında qalanlara başqa bir təbib, Xalq Təbabəti Mərkəzinin rəhbəri Adil Məmmədov məsləhət görür ki, ilin bu vaxtında «S» vitamini ilə zəngin olan göy-göyərtiyə üstünlük versinlər, qida rasionunda meyvə-tərəvəzin çəkisini artırsınlar.


XS
SM
MD
LG