Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:35

Ter-Petrosyan yenidən prezident seçilmək istəyir?


Ekspertlərin fikrincə, erməni xalqı yenidən Ter-Petrosyanı prezident seçməyəcək
Ekspertlərin fikrincə, erməni xalqı yenidən Ter-Petrosyanı prezident seçməyəcək

Ermənistan Ümummilli Hərəkatının keçən bazar günü illik toplantısı olub. Toplantıda hərəkatın lideri, sabiq Ermənistan prezidenti Levon Ter-Petrosyan da iştirak edib. Sabiq dövlət başçısı çox nadir hallarda belə tədbirlərdə görünür. Onun yaxın köməkçilərindən olan Ararat Zurabyan bildirib ki, Ter-Petrosyan gələn il prezident seçkilərində iştirak edəcək. Keçmiş prezident özü bu barədə jurnalistlərin suallarına cavab vermək istəməyib.


Bəlkə də Azərbaycanda Ter-Petrosyanın yenidən prezident seçilməsi ehtimalına çox diqqət yetirirlər, amma Ermənistanda mənzərə bir az fərqlidir. «Azadlıq» Radiosunun Erməni Xidmətinin rəhbəri Hrayr Tamrazyan fikrincə, Ter-Petrosyanın tərəfdarları keçmiş prezidentin siyasətə qayıtmasını istəyirlər. Amma Tamrazyan deyir ki, bu olsa-olsa, hərəkatdakı liderlərin, bürokratların rəyidir. Ter-Petrosyanın özü isə heç vaxt deməyib ki, siyasətə qayıdacaq.


«Mənim şəxsi fikrim budu ki, o, qayıtmayacaq. Məncə, o praqmatikdir, bilir ki, xalq onu yenə seçməyəcək. Çünki, onun hakimiyyət dövrü Ermənistanın ən çətin dövrü olub-işıq yox idi, su yox idi, xalq səfalət içində yaşayırdı. Adətən xalq səfalət vaxtı hakimiyyətdə olanları yenidən seçmir.


«Azadlıq» Radiosunun Erməni Xidmətinin rəhbəri Hrayr Tamrazyan deyir ki, Ter-Petrosyanın hakimiyyətə gəlməsi ehtimalı şişirdilib
Azərbaycanlılar hesab etsə də ki, onun Qarabağ problemi ilə bağlı müsbət fikirləri var, mən düşünürəm ki, o, siyasətə qayıtmayacaq».

Tamrazyan deyir ki, Ermənistanda xalq hakimiyyətə demokratın gəlməsini istəyir. Elə bir adamın ki, Ermənistanın gələcəyi haqqında fikirləşir, bütövlükdə regionda sülh istəyir. Amma, həmin arzu olunan adam Ter-Petrosyan deyil: «Ermənilər seçkidə Qarabağa səs vermirlər. Qarabağ faktoru Ermənistan siyasətində vacib faktordur, amma, ən vacib faktor deyil. Düşünürəm ki, Azərbaycanda olduğu kimi Ermənistanda da əsas məsələ insanların dolanışığının yaxşılaşmasıdır. Məncə, indi Ermənistanda olduğu kimi Azərbaycanda da demokratikləşməyə ehtiyac var. Hər iki ölkədə hakimiyyətə demokrat gəlməsə, Qarabağ problemi həll oluna bilməz. İki dövlət və iki xalq arasındakı ziddiyyətləri ancaq demokratik seçkilərlə hakimiyyətə gələn, xalqın iradəsini ifadə edən adamlar həll edə bilər, real güzəştlərə onlar gedə bilərlər».


Dünya dövlətlərinin mövqeyindən çox bəlkə də Ermənistan cəmiyyətinin özünün kompromislərə hazır olub-olmaması daha vacibdir. Tamrazyan deyir ki, Ermənistan cəmiyyəti kompromislərə hazırdır, amma, baxır söhbət hansı kompromisdən gedir.


«Ermənilər istəyir ki, Qarabağ ermənilərdə qalsın. Qalan ərazilərlə bağlı ermənilər hər cür kompromislərə hazırdırlar. Amma, bir məsələ onlar üçün həll olunub-Qarabağ ermənilərə qalmalıdır, qoy Ermənistana birləşməsin, amma, qarabağlılara qalsın. Hansı formada bu danışıqlarda həll edilməlidir».


Tamrazyan deyir ki, Ter-Petrosyanın dediyi kompromislər faktiki Ki-Uestdə də Köçaryan və Heydər Əliyev arasında əldə edilmişdi. Sülh razılaşması imzalana bilərdi. Amma, sonradan Əliyev bu razılaşmadan geri çəkildi. Ola bilər ki, onun bu razılaşmanı həyata keçməsində şübhələri vardı.


«Azadlıq» Radiosunun erməni xidmətinin rəhbəri Hrayr Tamrazyan deyir ki, Ter-Petrosyanın hakimiyyətə gəlməsi ehtimalı şişirdilib.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG