Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:43

Urmiyə gölü qurumaq təhlükəsi qarşısındadır


570 hektar olan Urmiyə gölünün təxminən 100 hektar sahəsinin quruyaraq duzla örtüldüyü bildirilir
570 hektar olan Urmiyə gölünün təxminən 100 hektar sahəsinin quruyaraq duzla örtüldüyü bildirilir

Rəsmi statistikaya görə, son bir neçə il ərzində Urmiyə gölünün 20 faiz sahəsi quraqlığa çevrilib. İranın Qərbi Azərbaycan vilayətinin Ekologiya idarəsinin müdiri Kiyumərs Kəlantəri martın 24-ə İRNA xəbər agentliyinə verdiyi müsahibədə bildirib ki, düşünülməmiş şəkildə aparılan su təsərrüfatı işləri nəticəsində göldə suyun səviyyəsi son bir ildə 5.27 metr azalıb, duzluluğu 2 dəfə artıb və quruma prosesi get-gedə sürətlənir.


Gölün quruması nəticəsində onun doqquz adasından beşi sahilə birləşib. Bununla da həmin adalarda yaşayan qiymətli heyvan növləri məhv olur və region ekoloji fəlakət həddinə yaxınlaşır. 570 hektar olan Urmiyə gölünün təxminən 100 hektar sahəsi quruyaraq duzla örtülüb. Külək bu duzu ətrafa sovurur və bu da yerli əhali arasında müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər.


Ekologiya idarəsinin rəsmisi cənab Kəlantərinin bildirib ki, İranın kənd təsərrüfatı və enerji nazirlikləri hər il Urmiyə gölünə axan çayların üzərində yeni bəndlər tikir və bu çayların təbii məcrasını pozur.


İranın ən iri gölü olan Urmiyə gölü Şərqi və Qərbi Azərbaycan vilayətlərinin arasında yerləşir. Gölün şimaldan cənuba uzunluğu 135 kilometr, ən ensiz hissəsi 18 və ən enli hissəsi 55 kilometrdir. 37 milyard kubmetr su həcmi olan bu gölün ən dərin nöqtəsi 16 metrdir. Nadir flora və faunasına görə, Urmiyə gölü UNESCO tərəfindən təbii miras kimi dəyərləndirilib.


XS
SM
MD
LG