Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:44

Azərbaycanla ABŞ arasında enerji təhlükəsizliyi sahəsində Memorandum imzalanıb


Memorandumu Elmar Məmmədyarov və Kondoliza Rays imzalayıblar

Memorandumu Elmar Məmmədyarov və Kondoliza Rays imzalayıblar

Amerika və Azərbaycan enerji sazişi imzalayıblar. Məqsəd Azərbaycan və Xəzər regionunda neft-qaz istehsalını genişləndirmək, onu Avropa bazarlarına çatdırmaqdır.


«Enerji təhlükəsizliyi sahəsində əməkdaşlığa dair anlaşma Memorandumu»nu martın 22-də Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Amerikanın Dövlət katibi Kondoliza Rays imzalayıblar.


Bu Memorandum Birləşmiş Ştatlarla Azərbaycan arasında enerji təhlükəsizliyi sahəsində yüksək səviyyəli dialoq quracaq. Dialoqa Amerika tərəfdən Dövlət Departamenti, Azərbaycandan isə Xarici İşlər Nazirliyi rəhbərlik edəcək. Dövlət Departamentinin sözçüsü Şon Makkormak deyib ki, bu dialoq iki ölkə şirkətləri arasındakı əməkdaşlığı daha da dərinləşdirəcək: «Xüsusilə Türkiyə-Yunanıstan-İtaliya qaz kəmərinin, həmçinin Nabukko və digər kəmərlərin reallaşması diqqət mərkəzində olacaq. Azərbaycan qazını daşıyacaq bu kəmərlər Avropaya imkan verəcək ki, təbii qaz mənbələrini çoxaltmaqla enerji təhlükəsizliyini gücləndirsin».


Sənədin imzalanmasından sonra Xarici İşlər naziri Elmar Məmmədyarov «Azadlıq» radiosuna deyib ki, danışıqlar faydalı olub. Nazirə görə, saziş uğurla həyata keçirilsə, uzaq perspektivdə milyardlarla dollar xeyir gətirə bilər: «Biz danışıqlar apardıq ki, bu kəmərlər təkcə Azərbaycandan «Şahdəniz» qazını daşımayacaq. Həmçinin Orta Asiya qazını da daşıyacaq. Bir neçə ilə istehsal olunacaq bu qaz, Avropanın Cənubi və Mərkəzi hissəsinə çatdırılacaq». Elmar Məmmədyarov onu da deyib ki, bu saziş puldan çox, siyasi dəstək məsələsidir.


Nabukko kəməri çəkilərsə, altı milyard dollardan baha başa gələcək. Bu kəmər Türkmənistan və Azərbaycan qazını Türkiyə, Rumıniya, Bolqarıstan və Macarıstan vasitəsilə Avstriya və Avropa Birliyinin digər üzvlərinə çatdıracaq. Avropa Birliyi layihəni dəstəkləyir.


Cənab Məmmədyarova görə, Amerikanın Dövlət katibi Kondoliza Raysla görüşdə enerji əməkdaşlığı və təhlükəsizliyindən əlavə, həm də Dağlıq Qarabağ münaqişəsiylə bağlı fikir mübadiləsi də aparılıb.


Elmar Məmmədyarovun iştirakı ilə martın 23-də Dövlət Departamentində Amerika-Azərbaycan Enerji Dialoqu keçiriləcək. Dialoqda Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya Məsələləri üzrə köməkçisi Mətyu Brayza təmsil edəcək. Elmar Məmmədyarovun Pentaqon rəsmilərilə də görüşləri gözlənir.


Günün bütün mövzuları

XS
SM
MD
LG