Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:14

Azərbaycan Avropa Birliyini Türkmənistanla əməkdaşlığa çağırıb


Türkmənistanla əməkdaşlıq Avropa Birliyinin enerji təhlükəsizliyini daha da gücləndirər
Türkmənistanla əməkdaşlıq Avropa Birliyinin enerji təhlükəsizliyini daha da gücləndirər

Avropa Birliyi insan haqları pozuntularını səbəb gətirərək Türkmənistanla ticarət əlaqələrini dayandırmaq qərarına gəlsə də, martın 20-də Azərbaycan Avropa Birliyini Türkmənistanı da enerji əməkdaşlığı layihələrinə daxil etməyə çağırıb. «Reuters» agentliyinin məlumatına görə, Azərbaycanın Xarici İşlər nazirinin müavini Araz Əzimov deyib ki, belə olduğu təqdirdə Avropa Birliyinin enerji təhlükəsizliyi daha da güclənər.


Brüsseldə Birlik rəsmiləri ilə görüşündən sonra jurnalistlərə müsahibə verən Araz Əzimov belə deyib: «Avropa xalqlarını bu sazişə daxil olmağa və Türkmənistanla əməkdaşlığa dəvət edirik. Məncə, burda artıq yeni maraqlardan söhbət gedir».


O, həmçinin deyib ki, əgər təbii qaz birbaşa alınarsa, Türkmənistan qalib gəlmiş olacaq. Amma, burda Avropa da qalib olacaq, çünki əlavə enerji mənbəyinə sahib olacaq.


Avropa Birliyi enerji təhlükəsizliyini prioritetə çevirib və Mərkəzi Asiya ilə əməkdaşlığı genişləndirməyə çalışır. Birlik hesab edir ki, bu ilin iyununda onlar müsbət cavab alacaqlar.


Keçən ilin oktyabrında Türkmənistanla ticarət əlaqələrindən imtina edən Avropa Birliyi bəyan edib ki, əlaqələr ancaq siyasi məhbuslar azad olunduqdan və müstəqil partiyalar yaradıldıqdan sonra bərpa edilə bilər. Türkmənistanda hakimiyyət dəyişikliyindən sonra isə Avropa Birliyi yeni hakimiyyəti dəstəkləməyə və yardım etməyə hazır olduğunu bəyan edib.


Araz Əzimov bildirib ki, Avropa Birliyi türkmən qazını Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə daha etibarlı şəkildə ala bilər. O, deyib ki, boru kəməri Mərkəzi Asiyadan Avropaya qaz göndərmək üçün 2008-ci ildə istifadəsinə veriləcək.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG