Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:02

Bəzi hüquq müdafiəçiləri əfv fərmanından narazıdır


Hazırda ölkədə 50-dən artıq siyasi məhbusun olduğu bildirilir

Hazırda ölkədə 50-dən artıq siyasi məhbusun olduğu bildirilir

Siyasi Məhbuslarla bağlı İşçi Qrupda təmsil olunan hüquq müdafiəçilərinin bəziləri həmin qrumu tərk edə bilər. Bunu «Azadlıq» radiosuna sözügedən qrupun üzvü, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə deyib. Onun sözlərinə görə, belə bir qərara gəlinməsi əfv fərmanından narazı qalmalarıyla bağlıdır.


Cənab Qənizadə bildirir ki, əfv siyahısında İşçi Qrupun təkliflərinin heç biri nəzərə alınmayıb. Bundan sonra hüquq müdafiəçiləri qrupu tərk etməklə bağlı məsələnin müzakirəyə çıxarılmasının zəruriliyini bildiriblər.


Çingiz Qənizadə deyir ki, Avropa Şurasıyla Azərbaycan arasında gərginliyə səbəb olan siyasi məhbus siyahısından heç kimin əfv olunmaması hüquq müdafiəçilərini heç cür razı sala bilməz. Onun fikrincə, sonuncu əfv fərmanı siyasi məhbus məsələsinin ölkə daxilində həlli məqsədilə yaradılmış İşçi Qrupun fəaliyyətini sual altına ala bilər. Cənab Qənizadə bildirir ki, məsələ ölkə daxilində həll olunmadığından, onlar Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) apreldə başlayan sessiyasında Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçinin təyin edilməsi tələbilə çıxış edə bilərlər.


İşçi Qrupun digər üzvü, Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu da əfv fərmanından razı deyil. O, deyir ki, qrupdan çıxmaqla bağlı məsələni öz aralarında müzakirə ediblər. Amma yekun qərarı AŞ PA-nın yaz sessiyasından qayıdandan sonra verəcəklər.


Milli Məclisin İnsan Hüquqları Daimi Komissiyasının sədri Rəbiyyət Aslanova isə bayram ərəfəsində verilən əfv fərmanını yüksək qiymətləndirir. Qaldı ki, hüquq müdafiəçilərindən bəzilərinin narazılığına, o, bunu normal qarşıladığını deyir.


Siyasi məhbuslarla bağlı məsələni ölkə daxilində həll etmək üçün hökumət və yerli hüquq müdafiəçilərindən ibarət İşçi Qrup 2005-ci ilin iyununda yaradılıb.


Prezident İlham Əliyevin martın 19-da imzaladığı fərmanda 100 məhbus əfv edilib.


Ona yaxın təşkilatın birləşdiyi Hüquq Müdafiəçilərinin Monitorinq Qrupu hazırda ölkədə 50-dən artıq siyasi məhbusun olduğunu bildirir.


Günün bütün mövzuları

XS
SM
MD
LG