Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:39

Roman Abramoviç «Çelsi»ni sata bilər


«İrina özü bizə deməsə, biz heç vaxt məbləği öyrənə bilməyəcəyik»

«İrina özü bizə deməsə, biz heç vaxt məbləği öyrənə bilməyəcəyik»

Britaniya mətbuatı Rusiya oliqarxı Roman Abramoviçin boşanmasının təfərrüatını araşdırmaqda davam edir.


Londonda çıxan «Evening Standard» qəzeti yazır ki, indi biznesmen ola bilsin, 2003-cü ildən ona məxsus olan «Çelsi» futbol klubunu satmaq istəsin. Bu müddətdə Abramoviç «Çelsi»yə yarım milyard funt sterlinqə yaxın pul qoyub, onu dünyada ən yaxşılarından biri edib.


«Onun boşanması haqqında məlumatlar belə şayiələri qızışdırır ki, Abramoviçin yalnız xanımına deyil, öz futbol klubuna da məhəbbəti soyuyub» – deyə qəzet yazır.


«Evening Standard» «Çelsi»nin sahibi və komandanın məşqçisi Joze Maurinyo arasında münasibətlərin soyumasına və Abramoviçin «Çelsi»yə əvvəlki ehtiraslı münasibətinin zəifləməsinə diqqət çəkir.


Qəzet yaxınlarda «Mançester Yunayted», «Aston Villa» və «Liverpul» klublarının xarici investorlara satışına yardım edən «Rotschilds» bankındakı mənbəyə istinadla yazır: «Maliyyə investorları arasında bu haqda şayiələr dolaşır. Abramoviç və Maurinyo arasında çox şey baş verir, onun şəxsi həyatında dəyişikliklər isə vəziyyətə təsir edə bilər. Klubun satılması da istisna deyil» – deyə mənbə bildirib.


Bu arada Abramoviçin mətbuat katibi Con Mannın martın 13-də yaydığı qısa bəyanatdan aydın olur ki, boşanma zamanı «cənab Abramoviçin korporativ maraqlarına, o cümlədən ona məxsus «Çelsi» futbol klubuna toxunulmayıb».


Maliyyə analitiklərinin idman klubunun və çox milyonluq biznes-aktivin taleyini incələdikləri bir vaxtda, hüquqşünaslar Roman Abramoviç və onun xanımı İrinanın boşanmasının maliyyə nəticələri üzərində baş sındırırlar.


Məsələni Londonun xaricində (Moskvada – red.) nizamlamaq qərarı ailə hüququ üzrə ekspertləri təəccübləndirməyib. Britaniya paytaxtı son vaxtlar «boşanmaların dünya paytaxtı» adını çıxarıb. Məsələ ondadır ki, Lordlar Palatasının Hüquq Komitəsi 2006-cı ildə tarixi bir qərar çıxarıb. Bu qərara əsasən, keçmiş ər-arvad boşanmadan sonra öz varlı həyat yoldaşının var-dövlətinin yarısına iddia edə bilərlər.


Bundan başqa, boşanmalar üzrə ixtisaslaşan «Levison, Meltzer, Pigott» şirkətinin nümayəndəsi Ceremi Levisonun fikrincə, Britaniyada boşanma Abramoviçin özü üçün də problemli ola bilərdi. Çətin ki, o, Britaniya hakimiyyətinə öz biznes-aktivlərinin mürəkkəb sistemini, ona məxsus daşınmaz əmlakın və zinət əşyalarının siyahısını açmaq istəyərdi.


İrina Abramoviçin boşanma nəticəsində öz ərindən nə qədər pul alması barədə də söz-söhbətlər davam edir. 1 milyarddan tutmuş 5.5 milyard funt sterlinqə qədər rəqəm səslənir. Roman Abramoviç var-dövlətinə görə polad maqnatı Lakşmi Mittaldan sonra Britaniyanın ikinci sakinidir, «Forbes» jurnalı onun dövlətini 19 milyard dollar qiymətləndirir.


«İrina özü bizə deməsə, biz heç vaxt məbləği öyrənə bilməyəcəyik» – deyə Levison bildirir. «Yəqin ki, o, indi malik olduqlarına qanedir və İngiltərə və ya Rusiya məhkəməsi vasitəsilə daha böyük məbləğ tələb etmək mənasız olardı».


Britaniyalı hüquqşünaslar qeyd edirlər ki, əgər İrina yalnız keçmiş ərinin var-dövlətinin onda birini alsa belə, bu, yenə də indiyədək dünyada ən bahalı boşanmadır.


Amma Rusiyanın nüfuzlu «Vedomosti» qəzetinin məlumatına əsasən, xanım Abramoviç Britaniya mətbuatının zənn etdiyindən olduqca az, cəmi 300 milyon dollar alıb. Bura Britaniya və Moskva vilayətində evlərin, həmçinin yaxta və şəxsi təyyarənin qiyməti də daxildir.


Rusiyanın «Aeroflot» şirkətində stüardessa işləyən İrina ilə 1990-cı ildə Almaniyaya uçarkən tanış olan Abramoviç onların ümumi beş uşaqlarını təmin etməyə də boyun olub.


Hazırda isə boşanma zamanı ərin ödədiyi məbləğə görə dünya rekordu Amerika media maqnatı Samner Redstouna məxsusdur – o, 2002-ci ildə keçmiş arvadına 1,8 milyard dollar ödəyib.


Günün bütün mövzuları

XS
SM
MD
LG