Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:51

Yataqxanaya Novruz gəlir...


«Qaçqınların və məcburi köçkünlərin bu şəraitdə yaşaması adamı şoka salır»

«Qaçqınların və məcburi köçkünlərin bu şəraitdə yaşaması adamı şoka salır»

Burda az qala hamı Novrvuzun gəlişinə eldən geri qalmasın deyə hazırlaşdığını deyir. Kimi uşağın könlünü qırmamaq, kimi əziz bayramı dəm-dəsgahla qarşılamaq adətinə xilaf çıxmamaq üçün bayram tədarükü görür. Tonqal qalayıb, papaq atmağa hazırlaşanlar da var. Bir sözlə Dərnəgül qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı yataqxanaya Novruz gəlir.


Qaçqınlar deyir ki, «el bayramıdır, hamının stolunun üstündə şirniyyat, yemək-içmək olmalıdır. Camaat aciz qalmır, süfrəsini birtəhər bəzəyir. Amma, bu bayram deyil, baş aldatdıdı. Əvvəl necə lazımdı keçirirdik…»


Giriş qapısının ağzında zibil qalanan, divarları nəm çəkdiyindən mamır bağlayan, pillələri-tavanı uçub-dağılan, məcburi köçkünlərin sözlərinə görə, siçan-siçovul məskəni olan bu yataqxanada doğrudan da baharın gəlişi duyulmur. Mətbəx adlanan yerə keçirəm. Dəhlizlə mətbəx adlanan otaq arasındakı döşəmə bərabər olmadığından müvazinətimi itirib bürüyürəm. Lampanın belə gündüzün günorta çağında işıqlandıra bilmədiyi mətbəxdə nəmişlik divara-tavana, döşəməyə, hər yerə çöküb, üstəlik də bir mərtəbənin yararlandığı mətbəxin qoxusu baş çatladır… Mətbəxdəki su kranlarından həm əl-üz yumaq, həm də qab-qacaq yumaq üçün istifadə olunur.


Məcburi köçkünlərin yaşadığı otaqlar nisbətən səliqəli görünsə də, bu ilkin təəssüratdır. Dörd-beş adamın yaşadığı bu balaca otaqlarda əsas yeri çarpayılar zəbt edib deyə tərpənməyə imkan yoxdur. Novruz bayramından həvəslə danışan balaca Vüsal şikayətlənir. Deyir ki, bəzən üfunətdən otaqda belə ürək bulandırır, gecələrsə çölə çıxanda siçovullar əl-ayağa dolaşır. Üstəlik də darısqallıqdı: «Hamı bir otağa yığışır, dərs oxumaq olmur…»


Divarları nəm çəkdiyindən mamır bağlayan, pillələri-tavanı uçub-dağılan, məcburi köçkünlərin sözlərinə görə, siçan-siçovul məskəni olan yataqxanada doğrudan da baharın gəlişi duyulmur

Bu yataqxanada böyüklər uşaqlardan da narahatdır. «Uşaqların vəziyyəti nə təhər olacaq? Görmürsünüz? Siçan, pintilik… Uşaqlar vərəmə tutulur, ölürük». 36 yaşlı Samir deyir ki, bu natəmizliyə görə, uşaqları vaxtaşırı xəstələnir. Axırıncı dəfə uşaqlar bir ay əvvəl azarlayıblar: «300-400 dollar xərc çəkdik. Ordan-burdan, bacıdan-qardaşdan borc-xərc tapıb müalicə elətdirdik ki, uşaqlar sağalsınlar…»


Əslən Zəngilandan olan Samir ötənlərə qayıdır, o, Qarabağda belə görüb ki, bahar gələndə qız-gəlinlər yır-yığış edər, təmizliyə başlardılar. Amma, bu yataqxanada nəinki yır-yığışa heç əməlli yuyunmağa da imkan yoxdur: «Novruz gəlir. Amma, burda hamı çirkin içindədir. Hamam yoxdur. Əvvəl 40 qəpik idi, indi bir manat ediblər. Camaat çatdıra bilmir…»


YUNİSEF-in Mərkəzi və Şərqi Avropa, həmçinin MDB üzrə regional ofisinin direktoru Mariya Kalivis də həmin gün yataqxanadaydı. O, gördüklərindən heyrətləndiyini dedi:


«Bu doğrudan da, acınacaqlı vəziyyətdir. Qaçqınların, məcburi köçkünlərin bu şəraitdə yaşaması adamı şoka salır. Bütün ailələrin, bu ailələrdə böyüyən uşaqların normal şəraitdə yaşamaq haqqı var».


Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədr müavini Sabir Rəhimov isə dedi ki, hökumət qaçqınların şəraitini yaxşılaşdırmaq üçün çox iş görür. Ancaq, gərək beynəlxalq təşkilatlar da onlara yardım etsin…


Cəbrayıldan olan Məmləkət xala on beş il əvvəl bura gələndə müvəqqəti yer kimi baxıb, amma, dediyinə görə, 15 ildə burda saç ağardıb, dörd oğul böyüdüb. Bu yataqxanaya gələndə kiçik oğlunun beş yaşı varmış, indi həmin oğlan əsgər yollanıb: «Zülmlə yaşayırıq. Yeddi nəfər külfət bir otaqda necə qalır? Yeməyin-yatmağın bir yerdə, bir qohum gələ bilmir, yas düşər qalarsan məəttəl…»


Məmləkət xala gündə biri gəlib-gedən, onlara az qala tarixi eksponat kimi baxan beynəlxalq qurumlardan da, Qaçqınkomdan da heç nə istəmir. Bircə istəyi var: «Torpağımıza qayıdaq. Heç nə istəmirəm. Orda bir koma qaraldıb içində yaşayardım…»


Balaca Vüsal da deyir ki, atasından haqqında çox şey eşitdiyi kəndlərini görmək və bir də çətinlikdən qurtarmaq istəyir. Ona görə də Novruz tonqalının üstündən atılanda deyəcək ki, ağırlığı-uğurluğu bu ildə qalsın, növbəti baharı öz kəndlərində qarşılasın.


Günün bütün mövzuları

XS
SM
MD
LG