Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:46

Ermənilər ən çox məhkəmələrdən şikayətlidirlər


Ermənistanda aparılan məhkəmə islahatları sadə vətəndaşları razı salmır
Ermənistanda aparılan məhkəmə islahatları sadə vətəndaşları razı salmır

Ermənistanın insan haqları müvəkkili Armen Arutunyan əmindir ki, məhkəmə islahatlarının ikinci mərhələsi uğurla gedir. Onun fikrincə, islahatın ən böyük uğuru isə 2005-ci ildə qəbul olunmuş konstitusiyadır. Həmin vaxt adi vətəndaşlar istənilən məsələylə bağlı Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ qazanıblar. Həmçinin Konstitusiya Məhkəməsi özü də gec də olsa bəzi səlahiyyətlər əldə edib: «Biz əks istiqamətdə getdik. Əvvəlcə, institutu yaratdıq, daha sonra ona səlahiyyətlər verdik. Bu gün vətəndaşların hər hansı məhkəmənin qərarı ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etmək hüquqları var, bu isə böyük tərəqqidir».


Armen Arutunyan son islahatları müsbət qiymətləndirsə də etiraf edir ki, məhkəmədən şikayət hələ ki azalmır: «Son islahatlar əlbəttə yeni impuls verəcək, məhkəmə islahatları da düzgün aparılmaqdadır. Buna baxmayaraq, bu gün bizdə yetərincə problemlər var. Hüquq müvəkkili kimi deməliyəm ki, dövlət strukturları ilə bağlı ən çox şikayət məhkəmələrdəndir».


Vaxtaşırı aparılan sorğular, eləcə də Ermənistanın Ombudsman Aparatına gələn şikayətlər göstərir ki, əhali məhkəmənin ədalətinə inanmır. Bu fikri vəkil Zarui Postancyan da bölüşür. Bu vəkil hay-küylü məhkəmə proseslərində iştirakı və jurnalistlərə münasibəti ilə məşhurluq qazanıb: «Ermənistanda azad və ədalətli məhkəmə yoxdur. Mən əminliklə deyirəm ki, Ermənistanda ədalətli və azad məhkəmə yaratmaq istəyi olsa da, azad, müstəqil və ədalətli məhkəmə yoxdur. Təəssüf ki, bu belədir».


Vəkilin sözlərinə görə, məhkəmələr ədalətli olmaq istəsələr belə, icra qurumlarının təzyiqi altında qərar verməli olurlar. «Bunun kökü dərindir-əksər hakimlər bugünkü məhkəmə sisteminə uyğun simaya, yüksək mənəviyyata malik deyillər. Bir çox hakimlər yaxşı bilirlər ki, onların haqqında kimlərdəsə kompromat var, buna görə də hətta ədalətli qərar qəbul etmək istəsələr belə kompromatların işə düşmə ehtimalı onları bu addımdan çəkinməyə vadar edir».


Ermənistanın Kasasiya Məhkəməsinin sədri Ovanes Manukyan isə vəkillə razılaşmır. Onun qənaətincə, məhkəmə sistemindəki uğur göz qabağındadır: «Ötən illərlə müqayisədə hakimlər yetərincə müstəqildirlər. Amma deməliyəm ki, bu gün onların müstəqilliyi sivil dünyada qoyulan tələblərə uyğun deyil». Vəkil fəaliyyətinə qalanda, Kasasiya Məhkəməsinin sədri deyir ki, vəkillər daha müstəqildirlər: «Əgər hakim və vəkillərin işlərini müqayisə etsək, onların çəkdiyi yükün bərabər olduğunu görərik, hər iki tərəfin də səviyyəsi yaxşılaşdırılmalıdır».


Bununla belə, ombudsman Armen Artunyan məhkəmə islahatlarının uğurla başa çatacağına əmindir, amma, vətəndaşlar onun bəhrəsini bir-iki ildən sonra görəcəklər: «Bu gün ədliyyə sisteminin qarşısında bu islahatları başa çatdırmaq problemi durur. Deyə bilmərəm ki, iş görülmür, sadəcə, onların görülməsi və qəbul olunması üçün vaxt lazımdır».


XS
SM
MD
LG