Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:27

Əli İnsanov: «Azərbaycanda Türkmənbaşı siyasəti yürüdülür»


«Azərbaycanda Türkmənbaşı siyasəti yürüdülür». Bunu sabiq Səhiyyə naziri Əli İnsanov martın 15-də keçirilən məhkəmə prosesində deyib. Onun sözlərinə görə, vaxtilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri və Prezident Aparatının humanitar siyasət şöbəsinin rəhbəri xarici ölkələrə oxumağa tələbə göndərilməsinə mane olublar. Sabiq nazir deyib ki, həmin şəxslər hesab ediblər ki, xarici ölkəyə gedən tələbələr Azərbaycana müxalif düşüncə ilə dönürlər: «Türkmənistanda da belə olub, orta təhsil 9 illik olub ki, heç kim xarici ölkələrə oxumağa getməsin».


Keçmiş nazir bildirib ki, onu dövlət əmlakını mənimsəməkdə ittiham edirlər, amma dövlət büdcəsi necə talanır, bunu araşdıran yoxdur. İnsanova görə, sabah Bakıda kosmodrom tikintisinə başlanılsa, buna heç kim təəccüblənməsin, çünki indi dövlət büdcəsini necə mənimsəməyin yolları araşdırılır.


Günün ikinci yarısında ifadə verən şahidlərdən bir neçəsi isə bildirib ki, onlar hazır yazılmış ifadələrin altına imza qoyublar. Şahidlər bunun üçün müstəntiqlərin onlara təzyiqlər etdiklərini də deyiblər.


2005-ci ilin oktyabrında həbs edilən keçmiş Səhiyyə naziri Əli İnsanov və daha 10 nəfərin məhkəmə prosesi bu ilin fevralın 15-də başlayıb. Onlar dövlət əmlakını mənimsəməkdə və rüşvət almaqda təqsirləndirilirlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG