Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:34

Sankt-Peterburqda tikiləcək göydələn etiraz doğurub


Vladimir Putin problemə qarışmaq niyyətində deyil
Vladimir Putin problemə qarışmaq niyyətində deyil

Sankt-Peterburq tezlıklə ilk göydələninə qovuşa bilər. 400 metr hündürlüyündə olacaq bu qüllə Rusiyanın nəhəng qaz inhisarçısı «Qazprom»un ofisi olacaq. «Qazprom»un və şəhərin rəhbərliyi bildirir ki, bu layihə Rusiyanın ikinci şəhərinə xeyli investisiya cəlb edilməsinə səbəb olacaq. Lakin sakinlərin çoxu yeni binanın şəhərin incə görkəmini pozacağından ehtiyat edirlər.


Nəzarət paketi dövlətə məxsus olan «Qazprom» Sankt-Peterburqda «Qazprom Siti» adlanacaq ofisinin dizaynı üçün müsabiqəni ötən il elan etmişdi. Layihəni şəhər rəhbərliyi, o cümlədən qubernator Valentina Matviyenko da dəstəkləyir. O, deyib ki, sakinlər gərək Rusiyanın bir nömrəli şirkətinin Peterburqa gəlməsinə sevinsinlər. Şəhərin Arxitektorlar İttifaqının direktoru Vladimir Popov isə əksini düşünür: «İndiyə qədər heç kim Peterburqda bu cür hündür bina ucaltmağı təklif etməmişdi. Sankt-Peterburq üfiqi şəhərdir, onun mərkəzini isə YUNESKO qoruyur. Şəhərdə uca binalar çox azdır, onların da çoxu kilsələrdir. Məhz buna görə də, biz bu qüllənin inşasını heç cür məqsədəuyğun saymırıq. Bu, barbar ideyadır».


«Gazprom City» adlanacaq ofisin dizaynı üçün müsabiqə ötən il elan edilmişdi
Layihənin şəhərin mərkəzindən 10 km aralıda Neva və Oxta çaylarının sahillərində baxımsız bir sənaye ərazisində həyata keçirilməsi planlaşdırılır. Ümid edilir ki, 2 milyard dollara başa gələcəyi gözlənən tikinti şəhərdə iqtisadi sıçrayışa rəvac verəcək.


Dizayn üzrə müsabiqənin qalibi olmuş Britaniya şirkətinin Avropa üzrə direktoru Toni Kettl isə deyir ki, qüllə şəhərin tarixini əks etdirəcək: «Bu şəhər əsas etibari ilə üfiqi müstəviyə malik olsa da, ayrı-ayrı xüsusi binalar bu müstəvini pozur. Bunlara Pyotr və Pol qəsri, kommunizm dövründən qalan televiziya qülləsini misal göstərmək olar. Onların hər biri müxtəlif vaxtlarda şəhər üçün böyük əhəmiyyət daşımış elementlərdir. Pyotr və Pol qəsri dini, televiziya qülləsi kommunikasiyanı tərənnüm etdiyi kimi, bizim bina da enerjini tərənnüm edəcək».


Bununla belə, çoxları bu layihənin əleyhinədir. Ötən ay şəhərə səfər etmiş YUNESKO nümayəndəsi də belə təklifi qeyri-münasib sayıb. Tikintiyə qarşı aparılan kampaniyaya müxalıfətçi YABLOKO Partiyasının şəhər bölməsinin rəhbəri başçılıq edir.


Sankt-Peterburqda dogulub boya-başa çatmış prezident Vladimir Putinsə rəsmən deyib ki, bu problemə qarışmaq niyyətində deyil. Peterburqluların çoxu prezidentin bu addımını onun tikintiyə razılığı kimi yozur. İndiliksə müsabiqənin qalibi olmuş şirkətin arxitektorları tikintiyə başlamaq üçün rəsmi icazə gözləyirlər.


Sankt-Peterburqu 300 il bundan əvvəl çar 1-ci Pyotr tikdirib. Bundan sonra ölkənin paytaxtını Moskvadan «Avropaya pəncərə» adlandırdığı bu şəhərə köçürüb. Əsasən İtaliya arxitektorlarının dizayn etdiyi Peterburq kanalların qovuşağında yerləşdiyindən çox vaxt onu «Şimalın Venetsiyası» da adlandırırlar.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG