Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:14

«Uzağı 10 ilə 100 cildi bitirməyi düşünürük»


Filologiya elmləri doktoru Hüseyn İsmayılov, Bakı, 27 fevral 2007
Filologiya elmləri doktoru Hüseyn İsmayılov, Bakı, 27 fevral 2007

Milli Elmlər Akademiyasının Folklor İnstitutu 100 cilddə «Azərbaycan folkloru» külliyyatı nəşrə hazırlayır. Hazırda bu istiqamətdə işlər necə gedir? Nə vaxta 100 cild işıq üzü görəcək? «Azadlıq»ın suallarını Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hüseyn İsmayılov cavablandırır.


-Folklor külliyyatının nəşri niyə önəmlidir?


-Folklorun nə qədər önəmli olduğunu izah etməyə ehtiyac yoxdur. Folklor xalqın özüdür. Tarixi, milli-mənəvi dəyərlərimizin uzun əsrlərdən və zamanlardan alnı açıq, üzü ağ çıxaraq bu günə çatdırılmış ən qiymətli nümunəsidir. Folklor heç nə ilə müqayisə oluna, əvəzlənə bilməz.


-Bəs belə önəmli nəşrin bu günədək işıq üzü görməməsi nəylə bağlıdır? Şifahi xalq ədəbiyyatı örnəklərini toplamaq beləmi çətin olub?


-Əlbəttə çətin idi. Ona görə ki, imperiya dönəmində xalqı öz iradəsinə tabe etdirmək, öz ideologiyasına uyğunlaşdırmaq üçün onun keçmişi ilə əlaqəsini birmənalı şəkildə qırmağa çalışırdılar. 30-cu illər repressiyasını xatırlayın. Bu illərdə xalqın say-seçmə ziyalılarını məhv etdilər. Folklorla məşğul olanlara ölüm hökmü imzaladılar. Çünki folklor varsa, demək milli yaddaşın qorunması məsələsi labüddür, gündəlikdədir. İmperiya isə həmişə milli yaddaşı məhv etmək insanı manqurtlaşdırmaq, onu bir millət kimi qoyun sürüsünə çevirmək kimi bir ideologiyanı hazırlayır. Təsəvvür edin ki, bu ziyalılar məhv edildikdən sonra Elmlər Akademiyasında gözdən pərdə asmaq üçün folklor şöbəsi yaradıldı, 4-5 nəfər işçi ilə ...


-Hüseyn müəllim, institutunuzun nə qədər əməkdaşı var və onlar hansı əsas sahələr üzrə ixtisaslaşıblar?


-İnstitutumuzun 200-dən çox əməkdaşı var. 8 şöbədə elmi-tədqiqat işləri aparılır. Folklorumuzun toplanması, öyrənilməsi, nəşri, qaynaqları ciddi şəkildə araşdırılır. Az müddətdə folklorun bütün bölgələr üzrə toplanması kimi nəhəng bir işi gerçəkləşdirdik. Təsəvvür edin ki, bir neçə ilə ekspedisiyalarla, müxtəlif informatorların cəlb edilməsi vasitəsilə biz zəngin bir folklor arxivi yaratmağa nail olduq. Akademiyanın ən qüdrətli institutuna çevrildik. Toplanan folklor mətnləri region folklor antologiyaları şəklində çap edildi. Artıq 16 kitab çapdan çıxıb.


-Nədən məhz 100 rəqəminin üzərində dayandınız. Yuvarlaq və təsirli səslənir, yoxsa sadəcə milli folklorumuzun zənginliyinə işarə edirsiniz?


-Sadəcə indiki imkanlarımızı gerçəkləşdirdik. 100 cildlik folklor nəşrlərindən ibarət toplu axtarsanız dünyanın heç yerində yoxdur. İlk olaraq nağılları çap etmək qərarına gəldik. 3 cild artıq hazırdır. Nağıllar 10 cild olacaq, amma bu təxminidir. Dastanlar 25-30 cild. Təkcə «Koroğlu» 5 cildə sığışacaq. Məhəbbət dastanlarımız 20 cilddən artıq olacaq, sonra əfsanələr, rəvayətlər, atalar sözləri, tapmacalar, xalq mahnıları, bayatılar və.s gələcək. Yəni 100 cild şərtidir.


-Hüseyn müəllim, ilk 3 cildi nə vaxt görəcəyik. Və 100 cildliyi, tutalım, 50 yaşında olanlar sağlıqlarında görə biləcəklərmi?


-3 cild artıq stolun üstündədir. Bu il təxminən 10 cildi təhvil verəcəyik. Çox yaxın zamanlarda 100 cildliyi xalqımıza qaytarmaq fikrindəyik. Ən uzağı 10 ilə biz 100 cildliyi bitirməyi düşünürük.


XS
SM
MD
LG