Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:56

«Azərbaycanda siyasi və sosial sferada xeyli işlər görülməlidir»


ATƏT-in Bakı ofisinin yeni rəhbəri Xose Luis Herero
ATƏT-in Bakı ofisinin yeni rəhbəri Xose Luis Herero

Martın 15-də ATƏT-in Bakı ofisinin yeni rəhbəri Xose Luis Herero 2007-ci il üçün ofisin əsas fəaliyyət proqramını açıqladı. Onun sözlərinə görə, ofis Azərbaycanın ATƏT qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsini yaxından izləyəcək, insan haqları, mətbuat azadlığı, silahlı qüvvələr üzərində demokratik nəzarətin gücləndirilməsi, ilkin saxlama sisteminin təkmilləşdirilməsi, siyasi və iqtisadi islahatların aparılması yönündə hökumətlə əməkdaşlığı davam etdirəcək. Bir neçə həftə sonra Azərbaycan məhkəmələrində ikinci monitorinqi başa çatdıracaq ATƏT ekspertləri hesabat hazırlayacaq və hökumətlə müzakirələrə başlayacaqlar.


ATƏT-in Bakı ofisi həmçinin iqtisadiyyatın çoxsahəli inkişafı, faydalı biznes mühitinin Bakıdan kənarda inkişaf etdirilməsini də bu il üçün diqqət yetirəcəyi əsas prioriteti hesab edir.


Qurum üçün prioritet sahələrdən biri də sərbəst toplaşmaq hüququnun təmin olunması yönündə aparılan işlərdir: «Biz hazırda polisə təlim keçirik. Biz ümid edirik ki, onlar kütləvi aksiyalarda zorakılığa yol verməyəcək, aksiyaçılara başqa cür yanaşacaqlar».


Xose Luis Hereronun sözlərinə görə, bir qrup Azərbaycan polisi yaxınlarda təcrübə üçün Avropa Birliyi ölkələrindən birinə göndəriləcək, Avropada mitinq zamanı tətbiq olunan taktika haqda məlumat əldə edəcəklər.


Cənab Hereronun dediyinə görə, bu il seçki islahatları da diqqətdə olacaq. ATƏT-in Bakı ofisi hökuməti təşkilatın seçki müşahidə missiyasının son parlament seçkilərindən sonra hazırladığı tövsiyələri reallaşdırmağa təşviq edəcək. O ki qaldı, sərbəst toplaşmaq azadlığının təmin olunması ilə bağlı problemlərə: «Sərbəst toplaşmaq azadlığı haqda qanunda texniki problem var. Kütləvi tədbirlərin keçirilməsi üçün icra qurumlarından icazə alınmalıdır. Bununla bağlı narazılığımızı hökumətə bildirmişik. Bizə cavab veriblər ki, icra qurumları mitinq və yürüşlərin keçirilməsi ilə bağlı müraciətlərə müsbət cavab verilir, kütləvi aksiyaların keçirilməsinə yer ayrılır. Amma, seçkilərə çox qaldığından bu məsələyə layiq olduğu qədər böyük diqqət yetirilmir. Seçki yaxınlaşdıqca, toplaşmaq azadlığı problemi sahəsindəki suallar üzə çıxdıqca, biz də onları cavablandırmağa çalışacağıq».


Cənab Herrero Azərbaycanda siyasi qüvvələrin dialoqu məsələsinə də toxundu. Bakı ofisinin rəhbəri deyir ki, bu təşəbbüsü prezident İlham Əliyevlə görüşlərində də müzakirə ediblər. Prezident bildirib ki, Azərbaycanın güclü müxalifətə ehtiyacı var və dialoqun keçirilməsində hökumət maraqlıdır. Hereronun sözlərinə görə, belə təşəbbüs olarsa, ATƏT-in Bakı ofisi yardımçı olmağa hazırdır.


Mətbuat azadlığına gəlincə, ATƏT-in Bakı ofisi bu sahədə vəziyyəti yaxından izləməkdə və qiymətləndirməkdə davam edəcək.


Bəzi təəssüratlarını jurnalistlərlə bölüşən Xorxe Luis Herreronun qənaətincə, neft ixracından əldə olunan gəlirlər digər sektorlara yönəldilməlidir. O, qeyd edir ki, uğurlu iqtisadi nəticələr siyasi sahədə nailiyyət əldə etmək üçün yetərli deyil, siyasi və sosial sferada xeyli işlər görülməlidir.


ATƏT-in Bakı ofisi 2000-ci ildən fəaliyyət göstərir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG