Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:37

Elm qapıçıların köməyinə gələ bilər


Penalti vuran qapıçının davranışını qabaqcadan bilmək istəyirsə, zərbəsi sərrast olmayacaq
Penalti vuran qapıçının davranışını qabaqcadan bilmək istəyirsə, zərbəsi sərrast olmayacaq

Elm futbolçuların, daha doğrusu, qapıçıların köməyinə gələ bilər. Amma, söhbət alimlərin icad etdikləri yeni dərmandan getmir. Psixoloqların apardığı təcrübə penaltidə qol vurmaq şansının mexanizmini aşkarlayıb. Və üzə çıxarıb ki, qapıçı elmi araşdırmanı tətbiq etsə, penaltidə 10 faiz az qol buraxa bilər. «Azadlıq» radiosunun müxbiri Culi Korvinin verdiyi xəbərə görə, Hon-Konq və Amsterdamdakı Vrije universitetlərində aparılmış təcrübələr bu nəticəni verib.


Alimlər futbol üzrə dünya kuboku uğrunda yarışların 200-ə qədər videolentini araşdırıblar. Aydın olub ki, 200 penaltidən 174-də qapıçılar orta hesabla mərkəzdən 10 sm. ya sağda, ya da solda durublar. 103 halda futbolçu topu daha geniş tərəfə vurub. Alimləri bir sual düşündürür: bu təsadüfdür, yoxsa təkrar?


Təcrübə keçirmək üçün könüllülər tapılır. Çərçivəyə Almaniya komandasının qapıçısı Oliver Kanın şəkli qoyulur. Onlara tapşırıq verilir ki, bu şəklin qapının düz mərkəzində durduğunu hesab edən kimi penaltini vur.


Könüllülər şəklin qapının düz mərkəzindən 10 sm. aralıda durduğunu sezə bilməsələr də, topu qapıda boş qalan geniş tərəfə vururlar.


Alimlər burdan o nəticəni çıxarırlar ki, qapıçı qabaqcadan rəqibin topu hara vurmaq qərarı çıxarmasına təsir edə bilər. Misal üçün, mərkəzdən 10 sm. solda durub, sağa gələcək topu tutmağa hazırlaşır, belə olan halda topu tutmaq şansı çoxalır.


Alimlərin apardıqları bu eksperiment əvvəllər aparılan eksperimentlərin davamı da sayıla bilər. Ötən il Beynəlxalq idman psixologiyası jurnalı penalti vuranlara məsləhətlər vermişdi: «Zərbəni vuranda düz vuracağın yerə bax. Diqqətin yayınsa, top da yayınacaq».


«İdman» elmi jurnalının ötən il yazdığına görəsə, əgər penalti vuran qapıçının davranışını qabaqcadan bilmək istəyirsə, zərbəsi sərrast olmayacaq. Başqa sözlə, alimlər onların çıxardığı nəticəni öyrənən qapıçının da, hücumçunun da elmdən faydalana biləcəyini deyirlər.


XS
SM
MD
LG