Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:33

Gürcüstanda hakim olmaq «sadə iş» deyil


Hüquqşünaslar deyir ki, Strasburq məhkəməsinə müraciət etmək Gürcüstanın ən böyük nailiyyətidir
Hüquqşünaslar deyir ki, Strasburq məhkəməsinə müraciət etmək Gürcüstanın ən böyük nailiyyətidir

Gürcüstanda məhkəmə sistemində islahatların yeni mərhələsi başlayıb. Məqsəd müstəqil və ədalətli, kənar təsirlərdən uzaq, bütün cəmiyyətin etimad etdiyi məhkəmə strukturlarının yaradılmasıdır. «Azadlıq» radiosunun əməkdaşı Tamar Çikovani Gürcüstanda məhkəmə islahatlarının hazırkı mərhələsi ilə bağlı araşdırma aparıb.


Ötən əsrin 90-cı illərinin əvvəlində hakimlərin imtahan verməsi və yaxud da, attestasiyadan keçməsi nəinki gürcü cəmiyyətinə məlum deyildi, həm də etiraz doğura bilərdi. Bu gün isə məhz daha çox hakimlər müxtəlif testlərdən və treninqlərdən keçirilər. Gürcüstanda məhkəmələrə etimad yalnız 90-cı illərin sonunda islahatlar sistemli xarakter aldıqda artmağa başladı.


Hüquqşünas Nino Qvinetadze xatırlayır ki, həmin dövrdə məhkəmə sistemindəki proseslər ictimaiyyətin diqqət mərkəzində idi: «1999-cu ildə biz yaxşı bir təməl qoyduq. İctimaiyyət islahatların uğurlarından yararlanırdı. Cəmiyyət buna hazır olmasaydı, nə maddi yardım, nə beynəlxalq qurumların dəstəyi, nə dövlətin səyləri elə də əhəmiyyətli olacaqdı». Nino Qvenetadze Gürcüstan Ali Məhkəməsinin keçmiş hakimidir. Bir vaxtlar Gürcüstanda jurnalistlər onu qiyamçı hakim adlandırırlar. O, 2006-cı ildə başqa hakimlərlə yanaşı öz istəyi ilə tutduğu vəzifədən getməkdən imtina etdi. Onu məhkəmədə işləmək hüququndan Ədliyyə Şurası məhrum edib. İndi o, ali məktəblərdə hüquqdan dərs verir, ancaq əmindir ki, əvvəl-axır hakim mantiyasını yenidən geyəcək: «İndiki zamanda hakim olmaq, yumşaq desəm, sadə iş deyil. Yəqin ki, ölkə və Konstitusiya qarşısında and içənlər xatırlamalıdırlar ki, onların üzərində məsuliyyət və cavabdehlik var».


Parlament müxalifətinin liderlərindən olan Qiqa Bokeriya islahatların tezliklə müsbət nəticə verəcəyini inkar etmir: «Bu gün məhkəmə sistemində aparılan islahatlar birmənalıdır-bu təkcə mənim yox, həm də səriştəli, bilikli adamların rəyidir. İndi məhkəmə sistemi az korrupsiyalaşıb və dünənə baxanda daha müstəqildirlər. Bütün bunlara inqilab nəticəsində nail olmuşuq».


Batumi sakini Nanuli Baidze məhkəmə sistemindəki dəyişiklikləri hələlik hiss etmədiyini deyir. Nanuli son 17 ildə babasının evini qanuniləşdirmək üçün məhkəmələrdədir: «Qanun yoxdur… dünən məhkəmə sədrinə qulaq asırdım, adam yalan danışır. Mənim tələbimi təmin etmək üçün iki ərizə ilə müraciət etmişəm, ancaq, baxan yoxdur. Tələbim budur ki, məhkəmədə vəkil də iştirak etsin. 120 illik şəxsi mülkiyyətimi, doğma evimi tanımadığım adamlar əlimdən almaq istəyirlər».


Nanuli Baidze bu məsələnin araşdırılması üçün Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməyə hazırlaşır.


Keçmiş hakim Nino Qvenetadze isə deyir ki, Strasburq məhkəməsinə müraciət etmək müasir Gürcüstanın ən böyük nailiyyətlərindəndir: «Əgər kimsə məndən soruşsaydı ki, müstəqillik qazanıldıqdan sonra ən böyük uğur nədir, mən ucadan qışqırardım: biz Avropa Şurasının üzvüyük və əsas hüquq və azadlıqlar Konvensiyasına qoşulmuşuq».


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG