Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:56

Miqrantlar Moskva əhalisinin tərkibini dəyişiblər


Miqrant işçilər Qırmızı Meydan yaxınlığında asfalt çəkirlər, 11 dekabr 2006
Miqrant işçilər Qırmızı Meydan yaxınlığında asfalt çəkirlər, 11 dekabr 2006

Güclü miqrasiya axını Moskvanın etnik tərkibini sürətlə deyişib. Ümumilikdə əhalinin tərkibində miqrantların payı son 13 ildə 1.5 dəfə –10.3 faizdən (1989-cu il) 15.2 faizə (2002-ci il) qalxıb. Bu cür kəskin artım moskvalıları narahat edir. Özü də miqrantlar Moskvada qeyri-bərabər məskunlaşırlar. Rusiya paytaxtında elə rayonlar var ki, əhali arasında etnik azlıqlar üstünlük təşkil edir. Bu, millətlərarası münaqişələr riskini artırır, - deyə Moskvada dərc olunan «Komsomolskaya qazeta» yazır.


Moskvada ən çoxmillətli mahal Qərb dairəsidir. Burada miqrantlar artıq əhalinin beşdə bir hissəsini keçib. Bəzi rayonlarda onların sayı daha çoxdur: Fili-Davıdkovo, Ramenki və Mojayski rayonlarında əhalinin 27.5 faizdən 32.3 faizə qədəri, Doroqomilovda isə 35.1 faizə qədəri miqrantlardır.


«Komsomolskaya qazeta» yazır ki, paytaxtın qərbində əhalinin çox böyük hissəsini ukraynalılar təşkil edirlər. Onlar həm zahirən, həm də dil və mədəniyyət baxımından moskvalıların əsas kütləsindən elə də fərqlənmirlər, buna görə də yerli sakinləri qıcıqlandırmırlar.


Amma vacib olan təkcə miqrantların zahirən ruslara oxşayıb-oxşamaması deyil. Onların peşəsi, təhsil və qazanc səviyyəsi də böyük əhəmiyyət kəsb edir. Məsələn, paytaxtın ən bahalı rayonlarından biri – Doroqomilovda yüksək sosial statuslu insanlar: biznesmenlər, həkimlər, alimlər, artistlər yaşayırlar. Başqa millətdən olmalarına baxmayaraq, onlar rahatca Moskva mühitində əriyirlər və paytaxt sakinləri tərəfindən nəsə yad bir şey kimi qəbul olunmurlar.


Paytaxtın Şərq dairəsində etnik vəziyyət daha mürəkkəbdir. Miqrantların payına görə bu dairə yalnız ikincidir. Amma Qərb dairəsindən fərqli olaraq, Şərqdə yerli sakinlərdən kəskin fərqlənən Qafqazlılar, Orta Asiya və Çinlilər üstünlük təşkil edirlər. Onların arasında kənd və kiçik şəhərlərdən gəlmiş, həm də aşağı təhsillilərin çoxluğu vəziyyəti daha da ağırlaşdırır.


İzmaylovo kimi qədim Moskva rayonunun da etnik siması sürətlə dəyişməkdədir: burada miqrantların payı əhalinin 35.9 faizinə çatıb. Bütün Moskva çinlilərinin yarısından çoxu və vyetnamlıların üçdə biri İzmaylovoda yaşayır.


Şərq dairəsi rayonlarının əksəriyyətinin problemləri bu ərazilərdə çoxlu bazarların yerləşməsi ilə bağlıdır. «Komsomolskaya qazeta»nın müxbirinin fikrincə, ola bilsin ki, tezliklə bu ərazilər etnik rayonlara çevriləcəklər.


Ən az miqrant isə Moskvanın mərkəzi və şimal-şərqindədir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG