Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:28

Fağır insanların 70 faizi qadınlardır


43 milyon qızın məktəbə getmək imkanı yoxdur
43 milyon qızın məktəbə getmək imkanı yoxdur
«Müxtəlif ölkələrin hökumətləri və hüquq-müdafiə təşkilatları Beynəlxalq Qadınlar Gününü qeyd edərkən, kasıb, inkişaf etməkdə olan ölkələrdəki xanımlara, az da olsa, diqqət yetirməlidirlər. Qadınların azadlığı və bərabərliyi uğrunda mübarizə aparan insanlar özlərini ciddi risk altına salırlar», – deyə Böyük Britaniyanın «Independent» qəzeti yazır.

Statistika pərtedicidir: inkişaf etməkdə olan ölkələrdə hara baxsan, qadınların hüquqları təhlükə altındadır. İstər insan alveri, təhsil, istərsə də iş yerlərində ayrı-seçkilik olsun.


Qəzet yazır ki, Britaniya hökuməti, hüquq-müdafiə təşkilatları və inkişaf agentliklərinin təqdim etdikləri rəqəmlər qanqaraldıcıdır:


- dünyada 800 milyon savadsız insanın üçdə ikisi qadınlardır;


- hər il 5-15 yaşında 2 milyon qız seksual istismara məruz qalan qadınların siyahısına əlavə edilir;


- 15-44 yaş arasında ailə zorakılığı nəticəsində ölən qadınların sayı müharibə, malyariya, xərçəng və ya yol-nəqliyyat qəzaları nəticəsində vəfat edən xanımların sayından daha çoxdur;


- dünyadakı fağır insanların 70 faizi qadınlardır;


- dünyada qadınların təxminən üçdə biri evsizdir və ya pis şəraitdə yaşayırlar;


- qətlə yetirilən qadınların yarısını onların hazırkı və ya keçmiş partnyorları, yaxud da ərləri öldürür;


- dünyada hər dəqiqə hamiləlik zamanı çətinliklər nəticəsində bir qadın vəfat edir;


- qadınlar ümumdünya iş vaxtının üçdə ikisini işləyirlər, amma qazancın yalnız onda biri onlara məxsusdur;


- Statistikaya əsasən, hər üç qadından birini həyatında ya zorlayırlar, ya döyürlər, seksə məcbur edirlər, ya da başqa zorakılığa məruz qoyurlar;


- 43 milyon qızın məktəbə getmək imkanı yoxdur;


- ötən il bir milyon qadın QİÇS-dən vəfat edib;


- Əfqanıstan, Braziliya, Mərakeş, Papua-Yeni Qvineya, Toqo və Cənubi Afrika Respublikası da daxil olmaqla, 15 ölkə üzrə məruzəsində «Hyuman Rayts Votç» beynəlxalq hüquq müdafiə təşkilatı bildirir ki, məktəbli və ev qulluqçusu işləyən qızlara qarşı zorakılıqlar artır;


- inkişaf etməkdə olan ölkələrdə qadınlar mütəmadi pis rəftarın qurbanları olurlar. 1995-ci ildə Qadınların Pekin konfransının hökumətlərdə qadınların sayını artırmaq vədinə baxmayaraq, bu sahədə tərəqqi asta və balanssız baş verir. «Zalsburq seminarı» beynəlxalq elmi-tədqiqat təşkilatının tərtib etdiyi hesabata əsasən, 195 ölkədən yalnız 13-də hökumət vəzifələrinin ən azı 25 faizini qadınlar tutur.


«Action Aid» kimi xeyriyyə təşkilatları bəyan edirlər ki, son illər qadınların hüquqları mühüm beynəlxalq maraqlar sahəsindən çıxaraq yerini səfalətlə mübarizəyə verib. Onlar qadınların hüquqlarını özlərinin əsas prioriteti elan ediblər və hökumətlərin bu problemə diqqətini cəlb etmək üçün müxtəlif kampaniyalar həyata keçirirlər.


«35 il yerlərdə apardığımız iş bizə öyrədib ki, öz hüquqları uğrunda qadınları dəstəkləməsək, daha ədalətli dünyanın yaranmasına ümid edə bilmərik. İnkişaf etməkdə olan ölkələrin elə bir problemi yoxdur ki, qadınların problemi olmasın, ona görə də qadınlar hələ də yürüşdədirlər», – deyə «Action Aid»in siyasət direktoru Cessika Vudroff bildirir.


Böyük Britaniyanın Beynəlxalq İnkişaf Məsələləri üzrə naziri Hillari Benn deyir ki, nazirlik diqqətini «münaqişələrin qarşısının alınması və sülhün təminatında qadınların aparıcı roluna» fokuslaşdırmaq niyyətindədir.


Cessika Vudroff isə bu bəyənatı alqışlayır. «Hökumətin qadınların hüquqlarına diqqət ayırmaq qərarı yaxşıdır. Qadınların hüquqlarını təmin etmədən kasıblıqla mübarizə aparmaq qeyri-mümkündür»,- deyə o, vurğulayır.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG