Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:16

Ermənistan «quş qripi» ilə mübarizədə Azərbaycanla əməkdaşlıq edir

  • Ruben Meloyan

Ermənistanda heç vaxt «quş qripi» aşkarlanmayıb

Ermənistanda heç vaxt «quş qripi» aşkarlanmayıb

Ermənistanda «quş qripi» nə yoluxma faktı qeydə alınmayıb, amma cavabdeh qurumlar hesab edirlər ki, Ermənistan da risk bölgəsinə daxildir. Fevralın əvvəlindən Ermənistana H5N1 virusunun tapıldığı yeni ölkələrdən, əsasən də Rusiyadan quş məhsullarının gətirilməsinə qadağa qoyulub. 2005-ci ilin oktyabrından bu öldürücü virusla mübarizə məqsədilə Ermənistanda idarələrarası komissiya fəaliyyətə başlayıb. Ötən ilin əvvəlində isə «quş qripi» epidemiyası ilə mübarizə məqsədilə milli proqram təsdiqlənib. Onun hazırlanmasında Dünya Bankı da iştirak edib.


Fevralın 14-də Dünya Bankı Ermənistana virusla mübarizə üçün iki milyon dollar həcmində növbəti qrantı ayırıb. 2006-cı ilin iyununda isə bank təxminən yeddi milyonluq kredit, Yaponiya hökuməti isə 803 min dollar həcmində qrant ayırmışdı. Dünya Bankının Yerevan ofisinin eksperti Artavazd Akopyanın sözlərinə görə, bu məbləğ «quş qripi» ilə hərtərəfli mübarizə aparmağa imkan verəcək: «Bu hər şeydən əvvəl monitorinq aparmaq, bütün şübhəli halları araşdırmaq üçün laboratoriya yaratmaq imkanı verir».


Bununla yanaşı, fermer təsərrüfatlarına dəyən ziyanı aradan qaldırmaq məqsədilə də fond yaradılacaq: «Fond «quş qripi»nin yayılmaması üçün bütün quşların öldürüldüyü kiçik, ailə fermer təsərrüfatlarına dəymiş ziyanı aradan qaldırmaq imkanı verəcək».


Artavazd Akopyan deyir ki, əhalinin məlumatlandırılması yönündə da ciddi iş aparılacaq. Dünya Bankının ekspertinin məlumatına görə, ötən il «quş qripi» təhlükəsi ilə bağlı xəbərdarlıqdan sonra əhali arasında xüsusi gərginlik yaşanmayıb: «Məncə, ötən ilki təcrübə göstərdi ki, xəstəliyə görə, heç kim təşvişə düşmədi. Ancaq əlbəttə bir müddət camaat quş əti yeməkdən imtina etdi».


Rəsmi qurumlar əmin edirlər ki, hazırda Ermənistanda «quş qripi» yoxdur. Quşların yaz köçü başlayır deyə bu günlərdə nəzarəti gücləndirəcəklər. Ekologiya elmləri doktoru Martin Adamyan deyir ki, Ermənistanda qeydiyyata alınmış 350 cür quşdan 200-ü köçəridir, hər il Ermənistanın başı üstündən bir neçə milyon quş uçub gedir.


Köçəri quşların isə artıq bir hissəsi Ermənistandadır. Köçəri quşlar vasitəsilə virusun Ermənistana daxil olma ehtimali nə qədər böyükdür, bunu heç kim deyə bilməz. Mütəxəssislər hesab edirlər ki, külək virusu çox böyük sürətlə yayır. Bundan başqa, «quş qripi» avtomobillərin təkəri, təyyarənin şassiləri vasitəsilə bir neçə saat ərzində bir ölkədən başqa ölkəyə keçə bilər.


Kənd Təsərrüfatı yanında Dövlət Baytarlıq Xidmətinin rəhbəri Qrisa Baqiyan əminliklə bildirir ki, Ermənistan «quş qripi» ilə mübarizə məqsədilə Türkiyə və Azərbaycanla fəal əməkdaşlıq edir.


«Baytarlıq xidməti, o ki qala virus siyasət zad tanımır. Biz bütün qonşularla, o cümlədən Azərbaycan və Türkiyə ilə əməkdaşlıq edirik. Beynəlxalq təşkilatlar var ki, biz onlara hesabat veririk. Bizim Türkiyə və Azərbaycanla birbaşa əlaqəmiz olmasa da, həmin təşkilatların vasitəsilə informasiya mübadiləsi aparırıq».


Azərbaycan ötən il bir neçə dəfə Füzuli rayonunda «quş qripi»nə yoluxmuş quşlar tapıldığını bəyan etmişdi. Hərçənd Qrisa Baqiyanın sözlərinə görə, bu məsələni onlar da araşdırıblar: «Həqiqətən da Füzuli rayonunda xeyli su ehtiyatları var. Müdafiə Nazirliyi bu bölgəyə nəzarət edir, baytarlıq xidməti isə bəzi tədbirlər görür. Amma araşdırmalar göstərir ki, bu bölgədə «quş qripi» yoxdur. Orda ev və çöl quşlarının ölümünə rast gələnməyib». Bəs necə olub ki, indiyədək Ermənistanda «quş qripi»nə rast gəlinməyib? Qrisa Bagiyan deyir ki, Ermənistanda Azərbaycanda və Gürcüstanda olduğu kimi dəniz yoxdur. Quş məhsullarına gəlincə, baytarlıq xidməti bildirir ki, nəzarət o qədər sərtdir ki, virusun keçməsi istisna olunur. «Ermənistanın dənizə və ya okeana çıxışı yoxdur, ona görə bizdə qu quşları da azdır. Bundan başqa, biz çox qatı baytar-sanitar tədbirləri görmüşük. Bizim bütün quşçuluq fabrikləri hələ ötən ildən qapalı iş sisteminə keçib. Deməliyəm ki, əhali də bu məsələyə şüurlu yanaşır, ev quşları çöl quşları ilə təmasda olmasın deyə, hər kəs öz fermasında və ya həyatında qabaqlayıcı addımlar atıb. Buna görə də, Ermənistanda «quş qripi»nə hələ də rast gəlinməyib».


Günün bütün mövzuları

XS
SM
MD
LG