Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:04

«İctimai nəzarət orduda mühüm rol oynayır»


Daxili Qoşunların komandanı Zakir Həsənov

Daxili Qoşunların komandanı Zakir Həsənov

«Ümumiyyətlə Daxili Qoşunların nizamnaməsində mitinqlər dağıtmaq məsələsi yoxdur», Daxili Qoşunların komandanı general-leytenant Zakir Həsənov «Azadlıq» radiosuna müsahibəsində belə deyir. «Əgər söhbət kütləvi iğtişaşdan gedirsə, bu artıq cinayətdir. Bəli kütləvi iğtişaşların qarşısının alınmasında daxili qoşunlar iştirak edib».


«2003-cü ildən bəri Daxili Qoşunlara büdcədən ayrılan vəsaitlər 5-6 dəfə artırılması hansı zərurətdən irəli gəlir» sualını cavablandıran general vəsaitlərin hərbi hissələrin maddi-texniki bazasının yenidənqurulmasına sərf olunduğunu bildirdi: «Birinci növbədə şəxsi heyətin, əsgərlərin, zabitlərin, gizirlərin sosial bazasının gücləndirilməsinə diqqət yetiririk. Müasir əsgər yataqxanaları, müasir əsgər yeməkxanaları, mərkəzləşdirilmiş istilik sistemlərinin yaradılmasına nail olmuşuq. Qoşunların həm hazırlığı, həm də mənəvi-psixoloji durumu yüksəkdir. Dünyanın qabaqcıl ölkələrinin təcrübəsini öyrənib tətbiq edirik. Daxili Qoşunlar ən yeni silahlar və xüsusi vasitələrlə təmin olunub».


Cənab Həsənov başçılıq etdiyi quruma xüsusi diqqət göstərilməsinin məhz kütləvi aksiyaların dağıdılması ilə əlaqədar olması fikri ilə razılaşmır: «Bu fikirdə olan adamlar bizim nizamnaməmizi oxusunlar və görsünlər ki, hansı mühüm vəzifələrlə məşğuluq. Daxili Qoşunlar mühüm dövlət obyektlərini mühafizə edir, bildiyiniz kimi keçən il Rusiyanın Gürcüstandan çıxarıldığı hərbi bazalarının Azərbaycan ərazisində mühafizəsi kimi məsuliyyətli işi də Daxili Qoşunlar həyata keçirdi. Biz yüzlərcə partlayıcı maddə zərərsizləşdirmişik. Şəxsi heyətimiz silahlı cinayətkar dəstələrə qarşı mübarizə aparır».


Cənab Həsənov ordu üzərində ictimai nəzarətin olmasını vacib hesab etdiyini bildirdi: «Biz neqativ hadisələrin baş verməməsi üçün müxtəlif qurumlarla, həmçinin, valideynlərlə birgə iş aparırıq. Belə hallara yol verməmək üçün əsgərə diqqət ayrılmalıdır. Ordu üzərində ictimai nəzarətin olması da neqativ hadisələrin azalmasında mühüm rol oynayır».


General Daxili Qoşunların NATO standartlarına uyğunlaşdırılmasının spesifik xüsusiyyətləri olduğunu söylədi: «Biz daxili qoşunların xüsusiyyətinə uyğun olaraq, NATO standartlarından istifadə edirik. Amma, bununla yanaşı biz hüquq-mühafizə qurumuyuq və bu baxımdan Avropanın aparıcı hüquq-mühafizə qurumlarının təcrübəsindən də yararlanırıq».


Daxili Qoşunlar 1991-ci ilin dekabrında yaradılıb. Onun ilk hərbi hissələri Ağdam istiqamətdə gedən döyüşlərdə iştirak edib. 1995-ci ildən martın 12-si Daxili Qoşunların yaranma günü kimi qeyd olunur.


Günün bütün mövzuları

XS
SM
MD
LG