Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:07

Departament: Azərbaycanda insan haqlarının pozulması davam edir


Məruzə Vaşinqtonda və xarici ölkələrdə toplanan məlumatlar əsasında hazırlanıb

Məruzə Vaşinqtonda və xarici ölkələrdə toplanan məlumatlar əsasında hazırlanıb

Amerika Dövlət Departamentinin insan haqlarıyla bağlı hesabatında Azərbaycanda vəziyyətin yenə gərgin olduğu deyilir, yenə polis, təhlükəsizlik qüvvələri xüsusi tənqid olunur. Sənəddə deyilir ki, keçmiş prezident Heydər Əliyevin oğlu İlham Əliyev hakimiyyətə, beynəlxalq normalara uyğun keçməyən seçki nəticəsində qalib gəlib, sonrakı parlament seçkisində inkişaf olsa da, həmin seçkilər də normalara uyğun olmayıb. Hesabatda Dağlıq Qarabağın, Qarabağ ətrafındakı Azərbaycan torpaqlarının ermənilərin nəzarətində olduğu, həmin ərazilərdə baş verənlərə Azərbaycan hökumətinin nəzarət etmədiyi deyilir. Bildirilir ki, il boyu münaqişə zonasında hər iki tərəfdə itki olub, qeyri-rəsmi məlumatlara görə, 20-yə qədər adam ölüb, 40-dan çox adam yaralanıb. Beynəlxalq Qırmızı Xaç Komitəsi yenə hökumətdən müharibədə itkin düşənlərin taleyi barədə məlumat istəyib, itkin düşdüyü təsdiqlənənlərin sayı dəyişib, il ərzində 3400-dən 4176-a qalxıb.


Hesabatda Azərbaycan hökumətinin zorakılığı davam etdirdiyi, adamların yenə siyasi səbəbdən tutulması, qanun qadağan etsə də, məhkəməyə qədər uzun müddət saxlanması, özbaşına həbslərin problem olaraq qaldığı deyilir. Polis məntəqələrində zorakılıq xüsusi qeyd olunur, məhbusların sanksiya olmadan saxlanıb, üstəlik dindirilməsi, dindirilərkən döyüldüyü, 50-yə qədər məhbusun işgəncəyə məruz qaldığı, 3 nəfərin məhz zorakılıq nəticəsində öldüyü deyilir, həbsxanalarda şəraitin həyat üçün təhlükəli olduğu vurğulanır.


Sənəddə deyilir ki, bütün qanunsuzluqlara baxmayaraq, hökumət polisi, təhlükəsizlik qüvvələrini cəzalandırmır. Misal olaraq, 2005-ci ildəki intiharlarla bağlı heç bir həbsxana işçisinin məhkəməyə çəkilmədiyi, ədliyyə sistemində rüşvətxorluğun baş alıb getdiyi göstərilir.


Dövlət Departamentinin hesabatında İlham Əliyevin əfv fərmanı da qeyd olunur, 200-ə qədər məhbusun, o cümlədən siyasi məhbus sayılan 8 nəfərin əfv olunduğu deyilir. Amma Azərbaycanda söz azadlığı, sərbəst toplaşma ilə bağlı vəziyyətin daha da pisləşdiyi deyilir. Sənəddə xatırlanır ki, mətbuatın vəziyyətiylə bağlı hətta ATƏT nümayəndəsi Azərbaycanda olub, hökuməti ölçü götürməyə çağırıb. Amma Azərbaycanda müstəqil qəzet, ya jurnal yenə azdır, KİV-lərin çoxu hökumətin mənafeyini güdüb. Müstəqil kanal hesab olunan ANS televiziyası Mətbuat Şurasının qərarıyla yayımını bir müddət dayandırmağa məcbur olub.


Hesabatda Azərbaycanda jurnalistlərin, onların yaxınlarının təqiblərə məruz qaldığı deyilir. Zərərçəkən məhbusların və jurnalistlərin adları bir-bir sadalanır. Jurnalistlərin oğurlanması, döyülməsi, həbsi, bir neçə qəzetin məcburi bağlanması, müxalifətyönlü mətbuat orqanlarının – «Azadlıq», «Bizim yol», «Turan» İnformasiya Agentliyinin ofislərindən çıxarılması qeyd olunur.


Sənəddə müsbət hal kimi insan alveriylə mübarizənin gücləndiyi göstərilir.


Hesabatda Rusiyada hakimiyyətin mərkəzləşməsinin və icra hakimiyyətinin güclənməsinin davam etdiyi deyilir. Bundan başqa, bu ölkdə məhkəmə hakimiyyətinə təzyiqlər edildiyi, QHT-lərin işinə əngəl törədildiyi bildirilir. Bunları sadalayan Dövlət Departamenti belə bir nəticəyə gəlir ki, «hökumətin məsuliyyətliliyi daha da aşınıb».


Məruzəyə görə, Çeçenistanda və Şimali Qafqazın başqa yerlərində «insan haqlarının ciddi pozuntusu davam edib». Belarusda isə «hökumətin repressiv siyasətinin» davam etdiyi deyilir.


Dövlət Departamentinə görə, Ukraynada insan haqları sarıdan vəziyyət yaxşılaşmaqda davam edib. Amma ciddi problemlər, o cümlədən «hökumətin bütün qollarında korrupisya» qalmaqdadır.


Güney Qafqaz ölkələri arasında Gürcüstan hökumətinin gördüyü tədbirlər alqışlanır. Məruzədə xüsusən Tbilisinin ədliyyə islahatları təriflənir. Ermənistanda isə insan haqları sarıdan vəziyyət pis qiymətləndirilir.


Məruzəyə görə, Orta Asiyada söz azadlığı məhdud olaraq qalır və yaxud son dərəcə sıxışdırılır. Sənəd Orta Asiya ölkələrindən yalnız Qırğızıstanda irəliləyişləri qeyd edir və «2005-ci ildə demokratik hakimiyyət dəyişikliyindən sonra» insan haqlarının yetərincə yaxşılaşdığı bildirilir. Bununla yanaşı, ötən ilin sonunda qəbul olunmuş yeni Konstitusiyanın bir çox uğurları geriyə atdığı bildirilir.


Dövlət Departamenti Əfqanıstanda Taliban rejiminin çöküşündən sonra yetərincə irəliləyişlər olduğunu deyir. Amma bütövlükdə götürəndə, bu ölkədə insan haqlarının ümumi vəziyyətinin pis olduğu bildirilir.


Sənədə görə, «İran hökuməti söz və toplantı azadlığını dəhşətli dərəcədə pozur». Bundan başqa, Dövlət Departamenti İranı Suriya və Livanda terrorçu qrupları dəstəkləməkdən əl çəkmək barədə beynəlxalq çağırışları ələ salmaqda günahlandırır. Bildirir ki, İran BMT üzvü olan başqa bir ölkəni dağıtmağa səsləyir.


İraqa gəlincə isə, qanunun aliliyi barədə hökumətin vədlərinə baxmayaraq, təriqət savaşının dərinləşməsi, terror aktları ötən il boyu insan haqları sahəsində vəziyyətin yaxşılaşmasına əngəl törədib.


Məruzə Dövlət Departamenti rəsmilərinin Vaşinqtonda və xarici ölkələrdə topladıqları məlumatlar əsasında hazırlanıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG