Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:33

Ciyərparalar...


Əliyevlər ailəsinin həm dövlətin, həm də Allah adamlarının yardımına ehtiyacı var

Əliyevlər ailəsinin həm dövlətin, həm də Allah adamlarının yardımına ehtiyacı var

«Mənə dedilər ki, sən yaşayacaqsan. Bu 30 yaşıma qədər eşitdiyim ən əvəz olunmaz sözlər idi. Mənim doğum tarixim 76-cı il iyunun 2-dir. Amma, anam deyir yox, bundan sonra sənin ad gününü noyabrın 12-si edəcəyəm. Sən təzə anadan olmusan. Arada Vüqar hətta deyir ki, sən hələ 3 aylıqsan, bərk danışma. Beləcə zarafat edirik… Amma, yaşamaq gözəldir».


Söhbət zamanı üzündən gülüşü əskik olmayan bu xanımın həyat dolu danışığı və zarafatlarını dinlədikdə, bu gün onun bir başqasının qaraciyərlə yaşadığına inanmaq çətin gəlir. 6 yaşında qız övladı olan Ruhiyyə Əliyevanın hələ 3 aylıq olduğunu deməsinə səbəb də onun 3 ay əvvəl Azərbaycanda bir çoxları üçün mümkün olmayan bir əməliyyat keçirməsi və bir çoxları üçün sağalması mümkün olmayan bir xəstəlikdən geri dönməsidir. O, bir həyat imtahanı keçərək həyata ikinci dəfə gəlib. Lakin, bu həyatda elə ikinci dəfə gəldiyi kimi qalması da həm onun üçün, həm də yaxınları üçün yeni bir imtahana çevrilib.


Keçən ilin payızında səhhətindən nasazlıq olan Ruhiyyə həkimə müraciət edib və həkim onun təcili olaraq Moskvaya getməsini məsləhət görüb: «Getdik ora. Burda öz həkimlərimiz adama diaqnozu demirlər. Moskvada aparata salan kimi dedilər seroz. Qaraciyərin bütün hüceyrələri çürüyüb. İmkan varsa transplantasiya olunsun. Üzümə dedilər. O, ağla sığmayan bir şey idi ki, insanın üzünə desinlər ki, serozdur. Uşaq deyilik axı, bilirik seroz nə deməkdir. Nəyin başlanğıcıdır, nəyə doğru gedir».


Moskvada əməliyyat üçün 150 min dollar tələb olunub. Bu məbləğ Ruhiyyənin ailəsi üçün əlçatmaz olduğuna görə valideynləri öz evlərini sataraq və daha bir evi girov qoyaraq aldıqları borcla onu Türkiyənin İstanbul şəhərindəki Memorial xəstəxanasına aparıblar. Çünki, bu xəstəxanada 150 min dollarlıq əməliyyat güzəştlə 102 minə başa gəlib.

Ruhiyyənin tamamilə sıradan çıxmış qaraciyəri kəsilib atılmalı və ona donordan alınmış qaraciyər köçürülməli idi. Ruhiyyənin donoru öz əri Vüqar olub
Lakin, bu təkcə bir əməliyyat pulu idi. Ruhiyyənin tamamilə sıradan çıxmış qaraciyəri kəsilib atılmalı və ona donordan alınmış qaraciyər köçürülməli idi. Ruhiyyənin donoru öz əri Vüqar olub.


«Əməliyyat böyük risk tələb edirdi. Dedim mən verirəm. Nə olar olar. Qurban olum Allaha. Dedim ya ölərik ikimizdə ölərik, qalırıq ikimiz də qalarıq. Vəssalam». Həkimlər Vüqarın ciyərindən 520 qram kəsərək Ruhiyyəyə köçürüblər. 13 saat çəkən əməliyyat uğurla alınıb və bu gün həm Ruhiyyə, həm də Vüqar öz qızları Leyla ilə birlikdədir. Lakin, bu birliyin həmişəlik olması üçün bu ailə daha bir çətinlik yaşayır. Ruhiyyənin sağ qalması üçün tələb olunan 102 min dolları nəyin bahasına olursa olsun əldə edən və onu həyata qaytaran Əliyevlər indi də onun həyatının davamlı olması üçün lazım olan digər məbləği əldə etməlidirlər: «Mənim ciyərimdən qalmadığına, Vüqarın ciyərindən kəsilib qoyulduğuna görə, hər an mənim bədənim Vüqarın ciyərini rədd edə bilər. Mənə 3 dərman yazılıb, ömrümün axırına qədər o, dərmanları qəbul etməliyəm. O, dərmanlar da hər 25 gündən bir qurtarır. Hər ay mənə 800 dollar lazımdır ki, mən o 3 dərmanı alım. 1 dərman səhiyyə nazirliyində qeydiyyatdan keçib. Onu hər ay onlar verəcək. Amma, digər dərmanı respublikaya gətirmək mümkün deyil. Ona hər ay 580 dollar verməliyəm və hər 25 gündən bir atmalıyam».


Dənizçi olan Vüqar deyir ki, 500 ABŞ dolları olan maaşı ilə nəinki həyat yoldaşının dərmanlarını almalı hətta 45 min dollardan ibarət olan borcunu da verməlidir. Ruhiyyə isə bildirir ki, «Prograf» adlanan dərmanı o Azərbaycanda tapa bilmir, bunun üçün kiminsə Türkiyəyə getməsini gözləməlidir ki, dərman gətirilib ona çatdırsın. Deyir ki, təkcə dərman bir dərd olsaydı nə var idi: «Bizim evin kağızı girov qoyulub. Mən Türkiyədə əməliyyat olunanda pul götürülüb. O, insan da sağ olsun ki, müəyyən müddət verib ki, biz burda qalaq. Əgər o, pulu qaytara bilsək mən evin kağızını götürərəm, evimdən çıxmaram. Pulu ödəyə bilmirəmsə mən evdən çıxmalıyam, ona görə istərdim mənə yardım edilsin. Adicə quş bir yerdən başqa yerə köçəndə pis olur. Mən dövlətdən xahiş edirəm ki, o dərman respublikaya gətirilsin».


Bu gün ağır bir həyat imtahanı keçən və Ruhiyyənin həyatda qalma möcüzəsini sevincini hələ tam yaşaya bilməyən Əliyevlər ailəsinin həm dövlətin, həm də özlərinin dedikləri kimi Allah adamlarının yardımına ehtiyacı var. Deyirlər ki, indiyə qədər onlara yardım edən insanların əməyini, köməyini, dəstəyini heç vaxt unutmayacaqlar. Elə indinin özündə də tanımadıqları insanlar zəng edərək Ruhiyyənin hesabına pul köçürdüklərini deyirlər.


Amma, Ruhiyyə onu da deyir ki, öz həyatını təhlükəyə ataraq həyat yoldaşına ciyər parasını bağışlayan Vüqarın fədakarlığı da onu həyata bağlayan bir amil olub.


Günün bütün mövzuları

XS
SM
MD
LG