Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:15

Dünyanın ən yaxşı metroları…


Yalnız Nyu-Yorkda metro bütün sutkanı işləyir
Yalnız Nyu-Yorkda metro bütün sutkanı işləyir

«Virgin Vacations» turist şirkətinin tərtib etdiyi ən yaxşı metro sistemlərinin reytinqində 11 metropoliten var. Siyahı dünyanın müxtəlif ölkələrində yeraltı nəqliyyatın özəllikləri barədə təsəvvür yaradan şəkil və videomateriallarla təchiz edilib.


Seçim aşağıdakı meyarlar üzrə aparılıb: xətlərin uzunluğu, sərnişin axınının ölçüsü, sərnişinlərə lazımi (o cümlədən növbəti qatarın çatma vaxtı haqqında) informasiyanın əlverişliliyi, qatarların hərəkət sürəti, stansiyaların bədii tərtibatı, rahatlıq, təmizlik və təhlükəsizlik.


Siyahıda birinci yeriLondon metrosu – «London Tube» tutub. Avropada ən böyük olan London metrosu 1863-cü ildən işləyir. Onun yollarının uzunluğu 405 kilometrdir və hər il 976 milyon sərnişin daşıyır. Metro şəhərətrafı dəmiryolu şəbəkəsinə birləşdirilib. London metrosunun xidmətləri arasında «Docklands Light Railway»ın də adı çəkilir – maşinistsiz, avtomatik idarə olunan qatar bu populyar yerüstü yolla hərəkət edərək turistlərə Temza çayının ətrafını nümayiş etdirir.


Metropolitenin üstünlükləri kimi rahat oturacaqlar, parlaq elektron tablolar və hətta səyahət vaxtı yolpulunu ödəmək imkanı verən maqnit kartlar sistemi sadalanır.


İkinci yerdə 1900-cü ildə açılan Paris metrosu gəlir. Paris yeraltı dəmiryolu ildə 1365 milyard sərnişin daşıyır. Yolların uzunluğu 215 kilometrdir, 380 stansiyanı birləşdirir. Fransız metropoliteninin üstünlüyü stansiyaların rahat və əhatəli yerləşməsidir: faktiki olaraq şəhərdə istənilən yerdən metroya məsafə 500 metrdən çox deyil. Stansiyaların interyerinin müasir unikal dizaynı və yolpulunun orta qiyməti də diqqət çəkir.


Siyahıda üçüncü yerdə Moskva metrosudur. O, dünyanın ən böyük və ən sürətli metrosudur – qatarların sürəti saatda 120 kilometrə çatır. Hər il Moskva metrosu 3,2 milyard sərnişin daşıyır. O, 12 xətt, 172 stansiyadan ibarətdir, rels yollarının ümumi uzunluğu isə 285 kilometrdir.


Metro xətlərinin əksəriyyəti yerin altından keçir, bir neçəsi isə yerin üstünə çıxır. Metronun 44 stansiyası diqqətəlayiq memarlıq nümunəsidir. Pik saatlarında qatarların hərəkət intervalı 90 saniyəyə qədər azaldılır.


Metrolar arasında dördüncü yeri İspaniya paytaxtının nəqliyyat sistemi tutub. Madrid metropoliteni ölçüsünə görə, Avropada ikinci, dünyada isə altıncıdır: uzunluğu 228 kilometrdir. 2007-ci ilin sonuna qədər bura 50 kilometr əlavə olunacaq.


Ən sıx yeraltı dəmiryolu olan Madrid metropoliteni təmizliyi ilə seçilir, vaqon və stansiyalarda ən yeni təmizləmə sistemindən istifadə olunur. Qatarların sürətli hərəkətini stansiyaların müasir interyeri və nəqliyyat xətlərinin modern inkişafı tamamlayır (1999-2003-cü illərdə 100 kilometr yeni yol istismara verilib).


Beşinci yeri Tokio metrosu tutub. Onun qatarları 282 stansiya arasında hərəkət edərək ildə 2,8 milyard adam daşıyır. Bu, çox təmiz metrodur, qatarlar dəqiq cədvəl üzrə hərəkət edir və onlarda qızdırılan oturacaqlar quraşdırılıb. Dayanacaqlar yapon və ingilis dillərində elan olunur, qatar isə dəqiq təyin olunmuş xətt üzərində dayanır.


Tokio metrosu dünyada ən müasir yeraltı nəqliyyat sistemlərindən biridir. Onun infrastrukturuna hətta ticarət mərkəzləri və müxtəlif servislər də daxildir.


Altıncı yer Cənubi Koreyanın nəqliyyat sisteminə məxsusdur. Seul metrosu ən «yüklənmişidir» – bura gündəlik sərnişin axını bəzən 8 milyon nəfəri keçir. Uzunluq 300 kilometrdir. Seul metrosunun 30 faizini yerüstü marşrutlar təşkil edir və onu stansiyalarının gözəl arxitekturası fərqləndirir. Cənubi Koreya metropoliteni xüsusilə son illərdə sürətlə inkişaf edib.


Nyu-York «sabvey»i reytinqin 7-ci pilləsindədir. Ekspertlərin fikrincə, o, nə təmizliyi, nə də qatarların hərəkət tezliyi ilə fərqlənir. Bununla belə, yalnız Nyu-Yorkda metro bütün sutkanı işləyir.


1904-cü ilin oktyabrında metropolitenin cəmi 28 stansiyası olub, indi isə onların sayı 462-dir. Nyu-Yorkun yeraltı dəmiryolunun maşinistləri hər gün 4,9 milyon adam daşıyırlar. Stansiyalar nadir mozaik kompozisiyalarla təchiz olunublar.


Səkkizinci yerdə Kanadanın Monreal şəhərinin metropolitenidir. O, nisbətən yaxınlarda – 1966-cı ildə açılıb. Onun cəmi 65 stansiyası, 4 xətti var, ümumi uzunluq isə 100 kilometrə çatmır. Bununla belə, metropoliten kifayət qədər müasir və unikaldır, Paris analoqunu xatırladır. Hər stansiya ayrıca memarlıq layihəsidir və öz üslubu var. Relslər qatarların səsini azaldan xüsusi rezin halqalarla təchiz olunub. Qatarlar az intervalla hərəkət edirlər və tamamilə rahatdırlar.


Doqquzuncu yerdə Çin paytaxtının metropoliteni qərarlaşıb. Pekin metrosu 1969-cu ildə açılıb və paytaxtı şəhərətrafı qəsəbələrlə birləşdirir. 2008-ci il Olimpiya oyunları ərəfəsində yeraltı dəmiryolunun inkişafına 7,69 milyard dollar ayrılması nəzərdə tutulur. Layihəyə əsasən, metronun uzunluğu 4 dəfə artırılmalıdır (130 kilometrdən 540 kilometrə). Əcnəbiləri Çin metropoliteni öz ucuzluğu ilə təəccübləndirir - yolpulu təxminən 30 sentdir.


Onuncu yerdə Honkonq metrosudur. O, 1979-cu ildə yaranıb. Cəmi 100 kilometr olmasına baxmayaraq, hər gün 2,64 milyon adam daşıyır. Metropoliteni ingilislər layihələşdiriblər. Metronu daşımaların effektivliyi, havanın yaxşı kondisiyalaşdırılması sistemi və sərnişinlərin keçidini sadələşdirən xüsusi maqnit kartlarından istifadə fərqləndirir.


Sonuncu, 11 yeri isə Braziliyanın San-Paulo metropoliteni tutur. O, Braziliyada tikilən ilk yeraltı dəmiryoludur. Bütün xətlərin uzunluğu 350 kilometr, sərnişin axını isə sutkada 3,7 milyon nəfərdir. Braziliya nəqliyyat sistemi dünyada ən təmiz və təhlükəsizlərindən hesab olunur. Gediş haqqı da orta həddədir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG