Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:48

Xarici ölkələrdə Xocalı faciəsinin 15 illiyi anılıb


Ermənistanın Kiyevdəki səfirliyi qarşısında etiraz aksiyası, 26 fevral 2007

Ermənistanın Kiyevdəki səfirliyi qarşısında etiraz aksiyası, 26 fevral 2007

Bu həftə dünya azərbaycanlıları Xocalı hadisələrinin 15-ci ildönümünü qeyd etdilər. Avropada, Amerikada, Kanadada, Müstəqil Dövlətlər Birliyi ölkələrində, Birləşmiş Ərəb Əmirliklərində, Yaponiyada bununla bağlı müxtəlif tədbirlər, yürüş və mitinqlər keçirildi. Çexiyanın paytaxtı Praqada isə Xocalı hadisələrinin ildönümü silsilə tədbirlərlə qeyd edildi. Fevralın 25-də Praqanın əsas meydanı olan Vatslavda çadır quruldu və Qarabağ münaqişəsi ilə bağlı kitablar, bukletlər və CD-lər yerli sakinlərə və turistlərə paylanıldı. Fevralın 26-sı və 27-də isə tədbirlər İkinci Dünya müharibəsi zamanı yer üzündən silinən Liditse qəsəbəsində keçirildi. Liditse xatirə kompleksində Xocalı faciəsinə həsr olunan fotosərgi təşkil olundu, Qarabağ münaqişəsi haqqında seminar keçirildi, Xocalı hadisələri ilə bağlı sənədli film nümayiş etdirildi. Bundan başqa, çex dilində Qarabağ münaqişəsi ilə bağlı internet saytının prezentasiyası oldu.


Xocalı hadisələrinin ildönümü ilə bağlı tədbirlərin nə üçün məhz Liditse kəndində keçirilməsi barədə «Qlobus»a Azər-Çex Cəmiyyətinin sədri Elşən Nəzərov danışdı: «İki xalq arasındakı oxşar tarixi hadisələri birləşdirməklə, bu tarixi hadisələrdəkı oxşarlıqları tapmaqla biz daha asanlıqla xaricilərə öz faciələrimizi, problemlərimizi çatdıra bilərik».


Strasburqda da Xocalı faciəsi anılıb


Fevralın 24-də Strasburqdakı Azərbaycan Evinin təşəbbüsü ilə Xocalı hadisələri ilə bağlı mitinq keçirildi. Azərbaycan Evinin sədri Mustafa Alınca deyir ki, Xocalı hadisələri ilə bağlı aksiyalar hər il keçirilir. Amma əvvəlki illərə baxanda builki aksiyaya daha böyük hazırlıq görülmüşdü. Mitinq üçün Azərbaycandan xarici dillərdə çoxlu materiallar göndərilmiş, aksiya Fransa mediası tərəfindən işıqlandırılmışdı.


Vaşinqton və Nyu-Yorkda da etiraz aksiyaları keçirilib


Amerika Birləşmiş Ştatlarındakı Azərbaycan-Amerika Cəmiyyəti də Vaşinqton və Nyu-Yorkda etiraz aksiyaları keçirib. Cəmiyyətin sədri Tomris Azəri deyir ki, Xocalı faciəsi baş verəndən bəri rəhbərlik etdiyi qurum 15 ildir ki, anım tədbirləri, aksiyalar keçirir. Amma builki aksiyalarla daha çox işlər görülmüşdür. Cəmiyyət Amerika Konqresinin üvzlərinə, Dövlət Departamentinə, Dövlət katibi Kondoliza Raysa Xocalı faciəsi ilə bağlı müraciətlər göndərmiş və bu müraciətlərə rəsmi cavablar almışdır.


Avropada Azərbaycan Tələbələrinin Forumu apreldə Berlində gənclər üçün tədbir keçirəcək


Tədbir belə adlanır: «Gələcək- İdeya kimi». Məqsəd gənclərin şəbəkələşməsinə təkan verməkdir. Forum ötən il yaradılıb və bu qurum Avropanın müxtəlif ölkələrində oxuyan Azərbaycan gənclərini birləşdirir. Forumun baş katibi, Almaniyanın Maqdeburq şəhərində magistraturada oxuyan Vüsal Məmmədov deyir ki, aprelin 19-21-də keçirilən bu tədbirin məqsədi – Almaniyanın siyasətçiləri ilə həmin ölkədə Azərbaycanı təmsil edən tələbələr arasında kommunikasiya yaratmaqdır. Tədbirə Almaniyada təhsil almış və hazırda təhsil alan Azərbaycan gəncləri dəvət edilir. Daha sonra bu cür tədbirlərin başqa Avropa ölkələrində də keçirilməsi planlaşdırılır.


Monrealda Azərbaycan dilində radioveriliş yayılmağa başlanıb


Bu ay Kanadanın Monreal şəhərində Azərbaycan dilində radioveriliş yayılmağa başlanıb. Həftədə bir dəfə bazar günləri yarımsaatlıq verilişi Kvebek Azərbaycanlıları Assosiasiyası hazırlayır. Assosiasiyanın sədri Məsud Əliyev deyir ki, Monrealda 6-7 il bundan qabaq Azərbaycan dilində televiziya proqram var idi. Sonradan bu kanal bağlandı. Bu radionun açılmasında məqsədsə Monrealda yaşayan azərbaycanlıları bir araya gətirmək və Azərbaycan haqqında başqa millətlərə məlumatlar verməkdir. Buna görə də, verilişlər təkcə Azərbaycan dilində yox, başqa xarici dillərdə də hazırlanacaq. Kvebek Azərbaycanlıları Assosiasiyası 1989-cu ildən fəaliyyət göstərir. Qurum Monreal və onun ətrafında yaşayan azərbaycanlıları birləşdirir.


XS
SM
MD
LG