Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:03

Azərbaycandan miqrasiyaya hansı faktorlar təsir edir?


«50 mindən çox Azərbaycan vətəndaşı əcnəbi kimi qeydiyyata alınıb»

«50 mindən çox Azərbaycan vətəndaşı əcnəbi kimi qeydiyyata alınıb»

Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev deyir ki, 50 mindən çox Azərbaycan vətəndaşı Azərbaycan Respublikasının ərazisində əcnəbi kimi qeydiyyata alınıb. Belə ki, başqa ölkənin vətəndaşlığını qəbul edən Azərbaycan vətəndaşları Azərbaycana gələrkən əcnəbi kimi qeydiyyata alınırlar. Əlövsət Əliyevin sözlərinə görə, bu «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» qanuna ziddir. Qanunun 10-cu maddəsində deyilir ki, Azərbaycan Respublikası öz vətəndaşını başqa ölkənin vətəndaşı kimi tanımır. Vətəndaşlığa qəbul və vətəndaşlıqdan çıxarılma ilə bağlı məsələləri yalnız Azərbaycan prezidenti həll edir. Azərbaycanın hüquq-mühafizə orqanları və pasport xidmətləri isə bu qanunu səhv tətbiq edirlər.


«Azərbaycanlıların xaricə axınına hansı faktorlar təsir edir» sualına cavab verən Əlövsət Əliyev deyir ki, ölkədəki siyasi proseslər, iqtisadi vəziyyət, korrupsiyanın inkişafı və müharibə təhlükəsinin mövcudluğu xaricə axına təsir edir: «Jurnalistlərə qarşı təzyiqlər olanda, bizim təşkilata xaricə getmək üçün müraciət edən jurnalistlərin sayı artır. Keçmiş nazirlər Fərhad Əliyevin və Əli İnsanovun həbsi ilə bağlı onların ətrafında olanlar xaricə getmək üçün təşkilata müraciət etməyə başlayırlar. Hər dəfə seçkidən sonra, ya da seçki öncəsi ölkədə başlayan zorakılıq xaricə axını inkişaf etdirir».


Azərbaycan təşkilatları Xocalı faciəsinin 15-ci ildönümünü qeyd etməyə hazırlaşırlar


Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan təşkilatları Xocalı faciəsinin 15-ci ildönümünü qeyd etməyə hazırlaşırlar. Bununla bağlı Türkiyədə, Avropada, Amerikada, Kanadada, Yaponiyada, Birləşmiş Ərəb Əmirliklərində və azərbaycanlıların yaşadığı başqa ölkələrdə müxtəlif tədbirlər, sərgilər, yürüş və mitinqlər keçiriləcək. Avropa-Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, Maynts Azərbaycan Cəmiyyətinin sədri Bəşər Kömür deyir ki, əvvəlki illərlə müqayisədə bu il Xocalı faciəsinin ildönümü dünya ölkələrində daha fəal şəkildə qeyd olunur. Xarici ölkələrin rəsmi orqanları Azərbaycan cəmiyyətlərinə müxtəlif aksiyaların keçirilməsinə asanlıqla icazə verirlərmi? Bəşər Kömür deyir: «Biz yaşadığımız ölkələrin dövlət adamlarına, siyasətçilərinə, ziyalılarına Xocalı hadisələri barədə kitablar paylamışıq, bu hadisələrlə bağlı onlara ətraflı məlumatlar vermişik. Buna görə də xarici ölkələrin rəsmi orqanları bizim müraciətlərmizə hörmətlə yanaşırlar».


«Azərbaycanla bağlı Avropada çox cüzi bilgilər var»


Martın 16-dan 18-dək Avropa Sosial Tədqiqatlar üzrə Mannhaym Mərkəzində «Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi: Münaqişə həllinin daxili və xarici şərtləri» mövzusunda seminar keçiriləcək. Seminar Alman Akademik Mübadilə Xidmətinin maliyyə dəstəyi ilə keçirilir. Seminarda Azərbaycan və Ermənistandan olan gənc tədqiqatçılar, eləcə də alman ekspertləri iştirak edəcəklər. Bu barədə «Qlobus»a Almaniyanın Mannhaym Universitetində doktoranturada oxuyan Azər Babayev danışdı. Siyasi elmlər üzrə tədqiqatçı Azər Babayev də bu seminarda məruzə ilə çıxış edəcək: «Seminar üç hissədən ibarət olacaq, birinci hissədə Ermənistan və Azərbaycanın daxili vəziyyətindən, ikinci hissədə Qarabağ münaqişəsinin hər iki ölkənin daxili vəziyyətinə təsirindən və üçüncü hissədə xarici ölkələrin regiondakı maraqlarından söhbət gedəcək». Azərbaycanın Avropada necə tanınmasına gəldikdə, Azər Babayev deyir ki, Azərbaycanı Avropada çox az tanıyırlar, eyni sözləri Gürcüstan və Ermənistan haqqında da demək olar: «Azərbaycan kiçik ölkə olduğundan o qədər də avropalıların maraq dairəsində deyil. Azərbaycanla bağlı Avropada çox cüzi bilgilər var. Eyni zamanda, son zamanlar Qərb üçün regionun əhəmiyyətinin artmasına və neft layihələrinə görə, bu sahədə müəyyən irəliləyiş müşahidə olunur».


Londonda yeni diaspora təşkilatı yaranıb – Azərbaycan Evi


Bu günlərdə Londonda yeni diaspora təşkilatı yarandı – Azərbaycan Evi. Qurumun yaradıcıları Britaniyada yaşayan azərbaycanlı ziyalılar və gənclərdir. Azərbaycan Evi bir mədəniyyət mərkəzi kimi fəaliyyət göstərəcək.Bu barədə «Qlobus»a Londondakı Azərbaycanlı Gənclər Klubunun nümayəndəsi Vüsal Həmzəyev məlumat verib: «Azərbaycan Evində Britaniyada yaşayan azərbaycanlılar üçün kitabxananın açılması, seminarlar və konfransların təşkili üçün salonun qurulması, musiqi və kompyuter mərkəzlərinin yaradılması nəzərdə tutulur».


XS
SM
MD
LG