Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:11

Hər molla kəbin kəsə bilərmi?


Xaricdə dini təhsil alıb qayıdan tələbələrə münasibət bir mənalı deyil
Xaricdə dini təhsil alıb qayıdan tələbələrə münasibət bir mənalı deyil

Bütün ixtisas sahiblərinin: hakimlərin, həkimlərin, müəllimlərin və s. attestasiyası olduğu kimi, mollaların da öz imtahanı var. Bir də görürsən, molla da, «kəsirini» düzəltmək üçün bir neçə dəfə imtahan vermək məcburiyyətində qalır. Qafqaz Müsəlmanları İdarəsinin tərkibində fəaliyyət göstərən Attestasiya Komissiyası da məhz mollalara, axundlara dərəcələrinə uyğun olaraq, vəsiqələr verir. Çünki, hər mollaya məsələn, kəbin kəsmək kimi vacib məsələni həvalə etmək olmaz.


Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, Hacı Sabir Həsənlinin sözlərinə görə, adi mollara-- dəfn mərasimini idarə etmək razılığı verildiyi halda, «daha çətin sayılan» mərasimlərin keçirilməsi üçün də xüsusi status verilməlidir. Hacı Sabir deyir ki, əgər molla ərəb dilini səlis bilmirsə, səhvən gəlinin kəbinin bir başqasına da kəsə bilər: «Adi molladan açığı biz dərin şeylər tələb etmirik. Tutalım, kimsə öz rayonunda dəfnə gedir, meyit namazı qılır, məclisi yola verir. Lakin, ona kəbin kəsməyə icazə vermirik. Çünki o, kəbin kəsməkdən ötrü xüsusi imtahan verməlidir. Yəni kəbini oxuyarkən, dualarda mənanı çaşdıraraq, gəlini qayınataya, ya da ki, bir başqasına vermək olar. Bu çox qorxulu məsələdir».


Lakin, yas mərasimlərini idarə edən bəzi mollalardan da narazı qalanlar var. Şikayət edənlər ya mollanın «Qurani-Kərim»ı yaxşı bilmədiyindən, ya da ki, onun, ancaq pul xətrinə yas məclisinə gəldiyini deyirlər.



Bu vaxta kimi İslam universitetinin məzunlarının sayı 1100 nəfər olub. Savadlı kadrların olmadığından şikayət edən dindarlar, bu rəqəmin Azərbaycan üçün çox cüzi olduğunu deyirlər

«Sovet dövründə molla təmənnasız ölünü götürürdü, yuyurdu, «Quran» oxuyurdu. İndi molla qiymət danışır. Elə mollanı mən molla saymıram», «Məclislərdə görmüşəm ki, molla heç surəni də yaxşı bilmir». Hacı Sabir də, mollaların hazırkı səviyyəsindən razı deyil: «Bu cür mollalar yalnız öz vəzifəsini məclislərə gedib, elə-belə yüngül söhbət etməkdə görürlər».


Hazırda Azərbaycanda İslam dini ali məktəb səviyyəsində İslam Universitetində və onun regionlardakı şöbələrində tədris olunur. Bu vaxta kimi universitetin məzunlarının sayı isə 1100 nəfər olub. Eyni zamanda Bakı Dövlət Universitetinin 1992-ci ildən fəaliyyət göstərən İlahiyyat fakültəsi də dini kadrların hazırlanması ilə məşğuldur. Savadlı kadrların olmadığından şikayət edən dindarlar isə yerli kadrların Azərbaycan üçün çox cüzi olduğunu deyirlər.


Amma İslam dinini elmi səviyyədə öyrənmək istəyən bir qisim gənclər xaricdə təhsilə üstünlük verirlər. Belə tələbələrin 200-ü elə dünyanın ən qədim universiteti sayılan Qahirədəki «Əzhər» universitetində oxuyub. İndi Liviyada, Suriyada, Türkiyə, Pakistan və Malayziyada təhsil alan tələbələrə də Qafqaz Müsəlmanları İdarəsi böyük ümidlərlə baxır.


Amma belə fikirlərə də rast gəlmək olur ki, xaricdə təhsil alıb-qayıdan tələbələr vətənə döndükdən sonra başqa dövlətlərin təsiri ilə anti-Azərbaycan təbliğatı aparırlar.


Dini Etiqadlar və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri İlqar İbrahimoğlu isə hesab edir ki, xaricdə dini təhsil alan bütün tələbələrə də şübhə ilə baxmaq sovet məfkurəsindən qalıb: «Bunlar köhnəlmiş totalitar məfkurənin məhsullarıdır, qalıqlarıdır».


Molla pulla, sərvətlə yox, elmlə dolu insan anlamına gəlir. Quranda mollanın adı çəkilməsə də, həm ölünün, həm də dirinin xeyrinə-şərinə yarayan mollalar cəmiyyətin fəal üzvləri hesab edilir. Amma, bu yerdə ataların bir kəlamı da yada düşür-«Hər oxuyandan, Molla Pənah olmaz…»


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG