Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:19

«Mən bu gündən Azərbaycan iqtidarına müxalifətdəyəm»


Əli İnsanov həbsindən 7 ay əvvəl YAP-dan istefa verməklə bağlı prezidentə müraciət etdiyini deyir

Əli İnsanov həbsindən 7 ay əvvəl YAP-dan istefa verməklə bağlı prezidentə müraciət etdiyini deyir

«Azərbaycan iqtidarı çoxdan idi ki, yeni müxalifət axtarırdı, mən həmin müxalifətəm»-sabiq Səhiyyə naziri Əli İnsanov bugünkü məhkəmədə belə deyib. O, bildirib ki, əgər Azərbaycan «vitrin» demokratiyası deyilsə onda mənə öz missiyamı yerinə yetirməyə imkan versinlər: «Mənim siyasi platformam Azərbaycan xalqının arzularını dəstəkləməkdir».


Əli İnsanov hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin tədbirlərində çox sərt danışdığına, həqiqətləri dediyinə görə, həbs olunduğunu bildirib: «Mən YAP-ın İdarə Heyətində iki ifadə işlətmişəm. Birincisi, demişəm ki, bizim dövlətə sırıdığımız siyasət qızıla bürünmüş lax yumurtadır, ikincisi bildirmişəm ki, az qalıram YAP-ın qurultayında çıxış edib mənə görə partiyaya gələn fədakar insanlardan üzr istəyəm. Mənim bütün bu sözlərim YAP-ı əqrəb kimi sancdı. Baxın bu partiyanın daxili aləmi budur».


Əli İnsanov deyir ki, o, həbs olunmamışdan yeddi ay əvvəl YAP-dan istefa verməklə bağlı partiya rəhbərliyinə və prezident İlham Əliyevə müraciət edib. Amma, onun müraciətləri qəbul olunmayıb. Sabiq nazir onu da dedi ki, həbs olunmamışdan iki ay əvvəl müxtəlif adamlar tərəfindən izlənilib və təzyiqlərə məruz qalıb. Bu barədə prezidentə müraciət etsə də, bir nəticəsi olmayıb. Əli İnsanov YAP-ın təşkilatlanmasında böyük əməyi olduğunu vurğulayıb və bildirib ki, bu partiyanın möhkəmlənməsində kimlərin əməyi keçibsə, hamısı ya kənarlaşdırılıb, ya xaricdədir, ya da ölüb: «Hanı Ziya Bünyadov, Rafayel Allahverdiyev, Lalə Şövkət Hacıyeva, Rəsul Quliyev… YAP -a kömək edənlərin hamısının taleyi belə bitir…»


Bundan başqa Əli İnsanov məhkəmənin qərəzli mövqe tutduğunu bildirib və işə başqa məhkəmədə baxılması üçün vəsatət qaldırıb. Amma, bu vəsatətlər qəbul edilməyib.


Sabiq Səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabr ayında dövlət çevrilişinə cəhd və kütləvi iğtişaşda təqsirli bilinərək həbs edilib. Bu ilin fevral ayının 15-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə dövlət əmlakını mənimsəməkdə, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən sabiq nazirin və Səhiyyə Nazirliyinin yüksək rütbəli on nəfər əməkdaşının məhkəməsi başlayıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG