Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:37

Ahtisaari planının müzakirəsi dalana düşüb


İki xalqın həyatı kifayət qədər dərindən bölünüb
İki xalqın həyatı kifayət qədər dərindən bölünüb

Fevralın 21-də Vyanada ATƏT-in himayəsi altında Serbiya və Kosovo nümayəndələri arasında diyarın statusuna dair məsləhətləşmələrin sonuncu raundu başlayıb. Tərəfləri müzakirə masası arxasına toplayan BMT Baş katibinin Kosovo üzrə xüsusi nümayəndəsi Martti Ahtisaari bəyan edib ki, danışıqlar dalana dirənib.


Balkan tarixi və siyasəti üzrə mütəxəssis Andrey Şarıy köhnə millətlərarası münaqişənin nizamlanma perspektivini o qədər də ümidverici saymır:


- Ən azından, indi tərəflərin razılığına nail olmaq olduqca çətin görünür. Tək mən yox, ekspertlərin əksəriyyəti bu fikirdədir. Həm də ona görə ki, Kosovonun serb və alban cəmiyyətləri bir-biri ilə mümkün olduqca az təmasda olan iki dünyadır.


- Mən birinci dəfə bu diyarda 90-cı illərin sonlarında olmuşam. Əsas, insani təəssüratım odur ki, necə də olsa, bir neçə əsr birlikdə yaşamış bu iki xalqın həyatı kifayət qədər dərindən bölünüb. Ayrıca kafelər, dükanlar, ayrıca təşkilatlar. Serb polisinin mövcudluğu çox güclü hiss edilirdi. Albanlar əsasən özəl biznesləri ilə məşğul idilər, bütün dövlət müəssisələri isə serblərə məxsus idi. İnsanlar imkan daxilində öz dünyalarını milli zəmində qurmağa çalışırdılar, bu, həm serblərə, həm də albanlara aiddir. Hətta ziyalılar arasında təmas faktiki yox idi. Baxmayaraq ki, onlar özəl söhbətlərdə millətçi ideyalar səsləndirmirdilər. Elə təəssürat var idi ki, onlar birlikdə yaşamağa hazır idilər. Amma konkret siyasi vəziyyət ünsiyyət üçün zəmin yaratmırdı.


- Düşünmürəm ki, o vaxtdan vəziyyət çox dəyişib. Mənim Kosovodan olan tanışlarımın da indi dediyi kimi, yaxın illər ərzində insanlar arasında təkcə siyasi deyil, həm də fərdi inamsızlıq divarının aradan qaldırılacağına təəssüf ki, ümid yeri yoxdur.


Andrey Şarıy hər iki xalqın bu ərazidə necə yan-yana məskunlaşmasının tarixinə nərə salır:


- Serblər və albanlar orada əsrlərlə yaşayıblar. Ümumiyyətlə, Balkanlar qarışıq məskunlaşma zonasıdır. Hər iki xalq beş əsr Osmanlı İmperiyasının hakimiyyəti altında olub. Orta əsrlərdə orada serb dövləti olub, indi bu dövlətdən yalnız xarabalıq və monastırlar qalıb. Serb dövləti sonradan yerini nəzərə çarpacaq dərəcədə şimala dəyişib. Təkcə Kosovoda deyil, başqa alban ərazilərində də alban milli azadlıq hərəkatı 19-cu əsrin ikinci yarısında başlayıb. 1878-ci ildə onlar «Prizren liqası» adlı təşkilat yaradıblar. Məqsəd də albanların etnik sərhədləri daxilində alban muxtariyyətinin yaradılması idi. Bu, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəllərində milli azadlıq hərəkatlarına təsadüf edib. Amma 1913-cü il Balkan müharibəsi nəticəsində Kosovo müasir tarixdə ilk dəfə Serbiyaya birləşdirilib.


- O vaxtdan və son vaxta qədər Kosovo serb polis hakimiyyəti altında olub. Əhalinin bir qismi bununla heç vaxt barışmayıb. Bəziləri 50-60-cı illərin bu bölgədə nisbi sakitlik dövrü olduğunu deyirlər. Amma həmin vaxtlar Sovet ordusu Baltikyanı respublikalarda «meşə qardaşları»nı yuvalarından çıxaranda, serb ordusu da Kosovo partizanlarını tuturdu. Qısası, hər iki millətin bu ərazilərə iddiası üçün tarixi dəlilləri kifayət qədərdir.


- Ciddi tarixçilərin heç bir şübhəsi yoxdur ki, Kosovo tarixən həm serblərə, həm də albanlara məxsusdur. İndi isə problem onlardan heç birinin hüquqlarını pozmadan normal həyatı necə təşkil etməkdədir. Əlbəttə, Slobodan Miloşeviçin hakimiyyəti dövründə Yuqoslaviya dövləti zəiflədikcə, polis maşınının repressiyaları daha da şiddətlənirdi. Bu cür təzyiqlərə cavab da şiddətli olurdu. Miloşeviç dövründə albanlar paralel dövlət yaratmışdılar – gizli universitetlər, qeyri-rəsmi şəkildə yığılan və bütün albanların könüllü ödədiyi vergilər vardı. Xaricdəki böyük alban diasporu alban partizan dəstələri üçün nəinki silah alır, həm də qeyri-rəsmi maarifləndirici və mədəni layihələrin həyata keçirilməsinə böyük pullar köçürürdü. Serb hakimiyyəti bunu bilirdi, amma bununla barışmaq zorunda idi, çünki anlayırdı ki, milli prosesə nəsə bir çıxış vermək lazımdır ki, bu qazan partlamasın.


- Sonradan isə hadisələr elə cərəyan etdi ki, onları heç kim idarə etmirdi. Bu fikri NATO-nun Yuqoslaviya ərazisində hərbi aksiyasına da şamil etmək olar. Belə əməliyyatı başlamaq üçün hüquqi baxımdan NATO-nun bütün əsasları vardı. Amma nəticə elə oldu ki, on ildir BMT-nin sülhməramlı missiyası orada «status-kvo»nu -- müharibədən əvvəlki vəziyyəti bərpa edə bilmir.



XS
SM
MD
LG