Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:01

Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında sərəncam imzalanıb


Prezident İlham Əliyev «Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında» sərəncam imzalayıb. Sənəddə deyilir ki, milli kino ənənələrinin qorunması və Azərbaycan kinosunun dünya kinematoqrafiyasının tərkib hissəsi olaraq, yeni şəraitdə fəaliyyət göstərə bilməsi üçün bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə zərurət yaranmışdır.


Sərəncamda Mədəniyyət və Turizm Nazirliyinə tapşırılır ki, «Azərbaycanfilm» kinostudiyasının maddi-texniki bazasının müasir kino texnikası tələblərinə uyğun texnoloji avadanlıqla təchiz edilərək, əsaslı şəkildə yenidən qurulması ilə bağlı təkliflərini, Azərbaycanın kinoteatrlar şəbəkəsinin yenidən qurulmasına, o cümlədən mövcud kinoteatr binalarında təmir-bərpa işlərinin aparılmasına dair təkliflərini bir ay müddətində prezidentə təqdim etsin.


Bakı şəhərinin «Nizami» kinoteatrında müasir tələblərə cavab verən xidmət və texniki şəraitin yaradılması ilə bağlı təkliflər də bir ay müddətində prezidentə təqdim edilməlidir.


Sərəncama əsasən, sözügedən nazirlik Dövlət Film Fondunun yeni binasının inşası ilə bağlı və XX əsr Azərbaycan kinosunun tarixini əks etdirən kinolentlərin lazımi şəraitdə mühafizəsinə dair təkliflərini 2007-ci il 31 mart tarixinə qədər Nazirlər Kabinetinə təqdim etməli, Azərbaycan xalqının tarixi və mədəni irsini özündə əks etdirən filmlərin çəkilişinin həyata keçirilməsini təmin etməlidir.


Mədəniyyət və Turizm Nazirliyi eləcə də dünyanın aparıcı kino şirkətləri ilə müştərək filmlərin istehsalı da nəzərə alınmaqla, «Azərbaycan kinosu 2008-2018-ci illərdə» Dövlət Proqramına dair təkliflərini üç ay müddətində prezidentə təqdim etməlidir.


Azərbaycanda xarici ölkələrin istehsalı olan filmlərin dublyaj qaydalarına dair təkliflər də bir ay müddətində prezidentə təqdim edilməlidir.


XS
SM
MD
LG