Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:18

Sumqayıtdakı yarımişlək kimya müəssisələri…


Sovetlər dönəmində Sumqayıta gənclər şəhəri deyilirdi...

Sovetlər dönəmində Sumqayıta gənclər şəhəri deyilirdi...

Sonsuzluq və uşaqların şikəst doğulma faizi ildən-ilə yüksəlir


Sumqayıtda qadınların 70 faizi qan azlığından əziyyət çəkir. Bunu Sumqayıtın Ekoloji Reabilitasiya Mərkəzi iddia edir. Mərkəzin rəhbəri Arif İslamzadə deyir ki, bu vəziyyət də sonsuzluq və şikəst uşaqların doğulma faizinin ildən-ilə yüksəlməsi ilə müşahidə edilir. Sumqayıtın mövcud reallıqlarından bəhs edən araşdırmaçı, bunun səbəblərini şəhərin nəhəng kimyəvi tullantılar məskəninə çevrilməsində görür. Ekoloji Reabilitasiya Mərkəzi Birləşmiş Millətlər Təşkilatının maliyyə dəstəyi ilə həm Sumqayıtın özündə, həm də Xəzər dənizinin sahilyanı sularında təhqiqat aparır. Analizlərin nəticələri isə Amerikanın Texas Universitetində öyrənilir. Mərkəz ilkin olaraq həm Sumqayıtda, həm də qonşu Xızı rayonunda suda-quruda yaşayan 4 heyvan növü üzərində təhqiqat aparıb. Bunlar qurbağa, çanaqlı bağa, ilan və kərtənkələdir. Sumqayıtda tutulan qurbağalar üzərində aparılan analizlərin nəticələrini Arif İslamzadənin öz dilindən eşidək: «Əgər qurbağalar kürü tökürsə, bu kürüdən təqribən min bala çıxır. Sumqayıtdakı çirkli ərazilərdən götürlən qurbağaların kürüsündən isə 50-100 bala çıxır. Biz Sumqayıt ərazisində bir ayaqlı çanaqlı bağalar aşkarlamışıq…»


Xızıdakı 12 yaşlı uşaq Sumqayıtdakı 12 yaşlı uşaqdan daha sağlamdır


Mərkəz tək heyvanlarla bağlı yox, insanlar üzərində də araşdırma aparıb. Daha dəqiq nəticələr əldə edilsin deyə, həm Xızı rayonunda, həm də Sumqayıtda məskunlaşan bəzi qaçqınların səhhətinin vəziyyəti öyrənilib. Arif İslamzadə deyir ki, Xızı rayonu kurort zonasına aid edilir. Oranın həm suyu, həm də havası təmizdir. Sumqayıtda yaşayan qaçqınların bir çoxu isə kimya müəssisələrinə yaxın ərazilərdən metal qırıntıları toplayıb satırlar. Bu da onları həmin nəhəng tullantı məskəninin fəsadları ilə birbaşa üz-üzə qoyur: «Məsələn, onlar şüşə-dəmir toplayanda ayaqqabılarının altı, əlləri zəhərli tozlara bulaşır. Sonra da o, halda yataqxanalara gəlirlər. Sonra onlar sənaye zonasında mənşəyi öyrənilməyən su içirlər. Fərq göz qabağındadır. Xızıdakı 12 yaşlı uşaq Sumqayıtdakı 12 yaşlı uşaqdan daha ucaboy, daha sağlam və daha yaddaşlıdır…


Üstəlik bu araşdırmalar nəticəsində Xəzər dənizinin Sumqayıtla bitişik təqribən 15 km ərazisi ölü su zonası kimi xarakterizə olunub. Yəni həmin sularda istər canlılar, istərsə də bitki aləmi tədricən məhv olmaqdadır».


Təhlükə hələ tam sovuşmayıb


Sovetlər dönəmində isə Sumqayıta gənclər şəhəri deyilirdi. Əslində əsası 1949-cu ildə qoyulan və tezliklə Azərbaycanın ikinci sənaye mərkəzinə çevrilən bu şəhərə belə bir ad verilməsi təəccüblü deyildi. Onda bir-birinin ardınca iri sənaye müəssisələrinin istifadəyə verilməsi, çoxmərtəbəli yaşayış binalarının inşası, respublikanın 4 bir tərəfindən gələn gənc və işgüzar insan ordusu bu şəhərin gənclər şəhəri olmasını şərtləndirirdi. Ancaq ölkə bir növ qapalı idi və əksəriyyəti kimya təmayüllü olan, bu müəssisələrin doğurduğu fəsadlar çoxlarını düşündürmürdü. Plan və beşillik tapşırıqlara insan sağlamlığından daha artıq önəm verilirdi. Sonradan SSRİ-nin süqutu və vahid iqtisadi sistemin dağılması ilə bu müəssisələrin də çoxu fəaliyyətini dayandırdı. İndi Sumqayıtda 7 kimya müəssisəsi var və onların yalnız bir neçə sexi fəaliyyət göstərir. Arif İslamzadə hesab edir ki, artıq bu müəssisələrdən ətrafa indi daha az zəhərli maddələr atılır. Ancaq, bu hələ onun fikrincə təhlükənin tam sovuşması demək deyil. Çünki, şəhər indi zəhərli maddələrdən və vaxtı keçmiş avadanlıqlardan ibarət nəhəng tullantı məskəninə çevrilib. Arif İslamzadənin fikrincə, üstəlik yarı işlək müəssisələrin qoruyucu sistemləri də müasir tələblərə cavab vermir. Su, qaz təmizləyici qurğular büsbütün sıradan çıxıb. Ancaq bununla belə o qeyd edir ki, bu müəssisələrdə nəhəng qurğuların dayanması qoruyucu sistemin rolunu da bir qədər azaldıb. Onun sözlərinə görə, əgər bu yarışlək müəssisələrdə hər hansı yanğın və ya partlayış olarsa bunun ətrafa təsiri bir o qədər də böyük olmayacaq. O fikirlərinin təsdiqi kimi bu yaxınlarda Sintetik Kauçuk Zavodunda baş verən və 4 nəfərin ölümü ilə nəticələnən partlayışı yada salır. Araşdırmaçı qeyd edir ki, həmin qəza su qızdırıcısının partlaması nəticəsində baş vermişdi və lokal xarakter daşıyırdı. Yaxın vaxtlara qədər Sumqayıt Səthi Aktiv Maddələr zavodunda çalışan Şamxal Kərimov isə deyir ki, əsl təhlükəli vəziyyət ötən əsrin 90-cı illərinin əvvəllərində yaranmışdı. Çünki onda hələ Sumqayıtda kimya müəssisələri tam gücü ilə işləyirdi və hakimiyyət orqanları respublikada baş verən proseslərə lazımı səviyyədə nəzarət edə bilmirdi.


İndi ekoloji fəlakət onları bir elə də narahat etmir


Şamxal Kərimov deyir ki, öz gəncliyini Səthi Aktiv Maddələr Zavoduna həsr etsə də, hələ də yataqxanada qalır. 45 yaşı olmasına baxmayaraq artıq səhhətində ən müxtəlif problemlər baş qaldıran bu insanın saçları da tamamilə ağarıb. Sumqayıt şəhərindəki yataqxanalarda belə insanlara çox rast gəlmək olar. Əksəriyyəti çalışdıqları kimya müəssisələrində öz hesablarına məzuniyyətə göndəriliblər. Bir yandan işsizlik, bir yandan da qiymətlərin artması onların problemlərini daha da artırıb. Demələrinə görə indi ekoloji fəlakət onları bir elə də narahat etmir.


Sumqayıt Kimya Şirkətinin bu məsələlərlə bağlı mövqeyi isə indilikdə bizə məlum deyil. Çünki şirkətə dəfələrlə müraciət etsək də onlar suallarımıza cavab vermədilər. Ancaq, Ekologiya və Təbi Sərvətlər Naziri Hüseyn Bağırov deyir ki, həm hər bir müəssisənin ətraf mühitə təsiri öyrənilir, həm də hökumət bu müəssisələrdə baş verə biləcək istənilən qəzalara hazırdır.


Sumqayıtdakı yarımişlək kimya müəssisələri ilə bağlı yerli mütəxəssislər arasında ikili rəy var. Bir qisim mütəxəssis hesab edir ki, neft ölkəsini kimya sənayesiz təsəvvür etmək mümkün deyil. Əslində neftdə itirilənlər məhz kimyada qazanılmalıdır. Ona görə də, bu müəssisələr yenidən bərpa edilməli və daha müasir avadanlıqlarla təchiz olunmalıdır. Ən əsası isə bu müəssisələrin qoruyucu sisteminin müasir tələblərə cavab verməsidir.


Ancaq, Sumqayıt Reabilitasiya Mərkəzinin rəhbəri Arif İslamzadə çıxış yolunu kimya müəssisələrinin tamamilə ləğv edilib yerində azad iqtisadi zonanın yaradılmasında görür. Arif İslamzadənin fikrincə, onların yerinə Azərbaycanın neftdən kənar resurslarına uyğun fabrik və zavodlar inşa edilməlidir. Onun sözlərinə görə, kimya müəssisələrindəki ftor birləşmələri, xlor, lindan insan orqanizmi üçün son dərəcə təhlükəlidir. Arif İslamzadə qeyd edir ki, şikəst uşaqların doğulması, müxtəlif sümük xəstəlikləri məhz ftor birləşmələrinin insan orqanizminə keçməsi nəticəsində baş verir. Azərbaycanın inkişafı sağlam nəsillin yetişdirilməsindən kənarda təsəvvür edilməməlidir…


Günün bütün mövzuları

XS
SM
MD
LG