Milli Məclisin qapalı iclasında Müdafiə Nazirliyi ilə bağlı məsələ müzakirə olunmalıdır. Bunu Milli Məclisin Müdafiə və Təhlükəsizlik məsələləri komissiyasının üzvü Zahid Oruc deyib. Zahid Orucun sözlərinə görə, Müdafiə Nazirliyinin azərbaycanlı zabit Ramil Səfərova münasibəti ümumilikdə nazirliyin Azərbaycan əsgərinə münasibətinin göstəricisidir. Zahid Oruc deyir ki, Müdafiə Nazirliyi azərbaycanlı zabitin müdafiəsi üçün üzərinə düşən işi yerinə yetirməyib.
Fevralın 21-də Macarıstanın Apelyasiya Məhkəməsi Azərbaycan zabiti Ramil Səfərovun ömürlük həbs cəzasını qüvvədə saxlayıb. O, Ermənistan ordusunun zabiti Qurgen Markaryanı öldürməkdə günahkar bilinir. Vəkilləri deyirlər ki, Ramil Səfərov cinayət törətmək istəməyib, onu bu vəziyyətə çatdırıblar, təhqir ediblər. Hər iki zabit Budapeştdə NATO-nun ingilis dili kursunda iştirak edirdi.