Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:18

İranda Beynəlxalq Ana Dili Günü həbslərlə nəticələnib


Tehran Universitetinin tələbələrinin etiraz aksiyasında şüar. 21 fevral 2007
Tehran Universitetinin tələbələrinin etiraz aksiyasında şüar. 21 fevral 2007

Sulduz şəhərində mindən çox nümayişçi ilə silahlı qüvvələr arasında toqquşmaların baş verdiyi xəbər verilir.


Polis və ordu dəyənək, gözyaşardıcı qaz və rezin güllələrlə aksiyaları dayandırmağa cəhd göstərib. Nümayişçilər isə silahlı qüvvələri daşa basıb. Sulduzun İmam xiyabanında baş verən bu hadisədə 6 nəfərin yaralandığı və 30 gəncin nəzarət altına alınaraq şəhərin 12 nömrəli polis stansiyasının təcridxanasına aparıldığı bildirilir.

Təbrizə İranın müxtəlif şəhərlərindən yüz-mindən çox silahlı qüvvə gətirildiyi bildirilir. Bu qüvvələrin çoxu Əngəci Məscidinin arxasındakı maşın saxlama yeri olan geniş bir sahədə yerləşdirilib. Şəhərin mərkəz meydanlarında “Yegan-e Vijə” adlanan xüsusi polis qüvvələri axşam saat 4-dən sonra hərbi maşınlarla yolları kəsib və kütləvi toplantılara imkan verməyib. Təbrizin Bazar Ağzına doğru yürümək istəyən minlərlə nümayişçi 5.30 radələrində təhlükəsizlik qüvvələri tərəfindən geri qaytarılıb. Pərakəndə şəkildə Gülüstan Bağına doğru istiqamətini dəyişən əhali şüar səsləməyə başlayıb. Şüar dilə gətirən 3 tələbə qadının Rasta Küçə Ağzında tutulduğu bildirilir. Təbrizin küçələrində nəzarət altına alınanların sayı haqda dəqiq məlumat əldə edilməyib. Nümayişçilər gecə saatlarına qədər şəhər küçələrini tərk etməyiblər.


Zəncan şəhərində yüzlərlə tələbə və fəal Universitetin həyəti və Səbzə Meydanda toplaşaraq ana dilinin yasaq olmasına etiraz əlaməti olaraq ağızlarını ağ maskalarla bağlayıb, əllərində plakatlar gəzdiriblər. Plakatlarda “Öldü var, döndü yox”, “Beynəlxalq Ana Dili Günü münasibətilə fars millətini təbrik edir, qeyri-fars millətlərə isə başsağlığı veririk”, “Türk dilində media” və “Türk dilində mədrəsə” sözləri yazılıb. Zəncan aksiyasına silahlı qüvvələrin hücumu ilə son qoyulub. Bu hadisədə tutulan 19 fəalın adı məlumdur.


Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Komitəsinin (ASMƏK) verdiyi məlumata əsasən Urmiyənin küçələrində ilk dəfə olaraq hərbi qüvvələr yerləşdirilib. Çox sayılı ordu və “Yegan-e Vijə” dəstələri nümayişçilərin üzərinə gözyaşardıcı qaz açıb. Son günlər ərzində Urmiyədə tutulan 9 fəallın adı bildirilir.


Qoşaçay şəhərində Mahabad universitetinin 25 yaşlı tələbəsi və “Bulud” adlı tələbə orqanının redaktoru Cəfər Həqnəzəri tutulub. Nəqədə universitetində təhsil alan Mehdi Hatəfi-Bəyləri adlı başqa bir tələbə də 21 fevral tarixində nəzarət altına alınıb. Onların harada saxlanıldığı aydın deyil.


Ərdəbildə fəallar Şəriəti meydanında toplaşaraq, Xumeyni xiyabanından Səfəvi meydanına doğru yola düşüblər. Lakin, az sonra silahlı qüvvələr onların hərəkətinə mane olub. Bu hadisədə tutulan və yaralananların sayı barədə hələ məlumat əldə edilməyib. Lakin, Ərdəbilin milli fəallarından olan Əmin Ciddinin fevralın 20-də gecə evinin yaxınlığında tutulduğu bildirilir. Fevralın 21-də isə onun qardaşı—tarix professoru olan Mənsur Ciddi nəzarət altına alınıb. Ərdəbil fəallarından Ramin Sadiqi-Əsl və Cəlal Təqəvi də bu gün həbsə alınıblar.


Həmin tarix səhər saatlarında Xoy şəhərinin yaxınlığındakı Həştəri kəndində yaşayan Şirzad Hacilu adlı bir fəallın evinə təhlükəsizlik qüvvələri tərəfindən hücum edilib. Fəalın evdə olmadığını öyrənən silahlı şəxslər onun bütün əşyalarını müsadirə edib.


Beynəlxalq Ana Dili Günü münasibətilə Tehran Universitetinin təxminən 500 azərbaycanlı və kürd tələbəsi də mitinq keçirib. Azərbaycan tələbələrinin daşıdığı plakatlarda yalnız ərəb əlifbasında yox, həm də latın əlifbasında şüarlar yazılıb. Plakatlarda “Öz dilində mədrəsə, olmalıdır hər kəsə”, “Biz türkük”, “Türkün dili rəsmi olsun”, “Qızıldan olsa qəfəsim azadlığa var həvəsim”, “Ölüm olsun aparteidə” kimi şüarlar qeyd olunub.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG