Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:30

«Xocalını görməyən bilməz nə cür yerdir…»


«Uşaq ha təkid edir ki, ay ana, çıx get. Məni qoy qaç…»
«Uşaq ha təkid edir ki, ay ana, çıx get. Məni qoy qaç…»

«Gözəl yerdir. Şəhəri iki yerdən çay kəsirdi, bir tərəfi meşə, bir tərəfi dağ. 15 ildir burdayıq. Ha deyirik Xocalı alınar gedərik…»


15 il əvvəl tərk etdiyi Xocalıdan danışan Sevil Əbdülovadır. İndi Abşeron kəndlərindən olan Piraşığdakı «Qızılqum» sanatoriyasında yaşayır. Çoxlarına baxanda şəraiti pis də deyil. Balaca həyətyanı sahəni şumlayıb, yaza hazırlıq görür. Uşaqlarını da bu beton divarlar arasında birtəhər böyüdüb. Deyir ki, on beş ildə bu qumluqda bir gülü bitirmək üçün çox əziyyətə qatlaşıb. O gül Sevil xanımın arzularıdır bəlkə də…


Yox, Sevil Əbdülova sentimental hisslərə qapılanlardan deyil, çox möhkəm qadına bənzəyir. Belə güclü olmasaydı oğlunu əsirlikdən qurtarmaq üçün yaralı ola-ola iki ay Bakı-Ağdam arasında ayaq döyməzdi, istədiyinə nail ola bilməzdi. Bütün bunlar 1992-ci ilin əvvəlində olub. Bu gün olanları xatırlayanda gözünün yaşını saxlaya bilmir.


Sevil Əbdülova danışır ki, həmin gün fevralın 26-da şəhəri qoruyan özünümüdafiə qüvvələrinin postunda olan həyat yoldaşı tələsik özünü evə çatdırıb ki, yığışın, kənddən çıxırıq, sovet əsgərləri erməni silahlı qüvvələri ilə birlikdə hücuma keçir. Sevil Əbdülova deyir ki, ağlına da gətirməzmiş ki, Xocalıdan bu gedişi 15 il çəkəcək, dişi ilə, dırnağı ilə qurduğu evinə qayıtması həyatda ən böyük arzusuna çevriləcək. Sevil Əbdülova heç iki saat sonra onu gözləyənləri də ağlına gətirməyib: «Əliyalın camaat neyləyə bilərdi? Heç kim gözləmirdi ki, əhalinin qarşısını kəsərlər. Qoca deməzlər, uşaq, qız-gəlin deməzlər… Böyük müsibət oldu… Ağdama bir kilometr qalmışdı. Orda tanklar nə təhər hücuma keçdisə, yanımdakılardan sağ qalanını görmədim. Özüm də, uşaq da yaralandı».


Sevil Əbdülova danışır ki, oğlunun yaralandığını görəndə onu qoyub gedə bilməyib. Hərçənd onu gözləyənləri yaxşı bilirmiş… Ömür-gün yoldaşı Kamil Əbdülov isə onlardan cəmi 500 metr aralıda olsa da, bir-birinin köməyinə yetə bilməyiblər. Yaralı olan Kamil kanalda daldalanıb, iki gecə oradan çıxa bilməyib. Amma, həmin anda Sevil xanım özünə arxa-dayaq axtarırmış:

Sevil xanım Ağdama gəlib çatanda onu da, oğlunu da Xocalıdan gətirilən meyitlərin arasında axtarıldığını görür. Qardaşı ona rast gələndə isə sarsıntıdan huşunu itirir
«Uşaq ha təkid edir ki, ay ana, çıx get. Məni qoy qaç. Hara gedim? Uşağı qan aparır. Ancaq, qarla qanı kəsə bildim. Yan-yörəmdə hamı ölmüşdü. Elə bil buzdan heykəl idilər…»


Sevil Əbdülova deyir ki, bu dəm başqa yaralı ana-bala ilə rastlaşıb. Onlara deyib ki, üstümüzdə pulumuz var, bizi əsir götürmək istəsələr pul-paramızı, qızılımızı onlara verib canımızı qurtararıq: «Arvad dedi, nə danışırsan, oğlunun siqaret çəkdiyi kibritlə pula od vurdu. O pulun tüstüsünə bəlkə də bizi tutdular…»


Ancaq pul da onların köməyinə gəlməyib. Şəhərə hücum edənlərdən biri deyib ki, siz mənə lazımsız: «İndi kədərlənməyimə baxmayın. Onda nə ağladım, nə gözümdən yaş çıxdı. Elə bil dondum. Ceyhuna da dedim qorxma».


Beləcə, Sevil Əbdülovanı, oğlu Ceyhunu və yaxınlıqdakı gənc qızı - Sevinc Aslanovanı əsir götürürlər. Yaraqlılardan biri deyir ki, atası 9 aydır həbs olunub, Bakıdakı Şüvəlan həbsxanasında saxlanılır. Odur ki, bu üç nəfəri atası ilə dəyişmək istəyir. Sevil xanım deyir ki, Xankəndində saxlandıqları evdə Qafar adlı bir azərbaycanlı kişi də varmış. Yaraqlılar Sevil xanıma Bakıya getməyi və ev sahibinin atasını gətirməyi təklif edirlər: «Dedim mən getməyəcəyəm. Ya kişini buraxın, ya qızı. Dedilər ki, onlar bu işi görə bilməz. Bəs mən də uşağımı qoyub gedə bilmərəm. Amma, neçə gün orda qaldıq bizi təyziq-filan da olmadı. O qoca kişi ayağıma düşüb yalvarmasaydı gəlməzdim. Dedi ki, bizi bəladan sən qurtararsan… Axırı uşağı da, qızı da bir Allaha, bir də o kişiyə tapşırıb çıxdım».


Sevil xanım Ağdama gəlib çatanda onu da, oğlunu da Xocalıdan gətirilən meyitlərin arasında axtarıldığını görür. Qardaşı ona rast gələndə sarsıntıdan huşunu itirir. Xəstəxanada yerləşdirilən yaralı yoldaşı isə bunun gerçək olmasına, Sevilin əsirlikdən sağ-salamat qurtarmasına, oğlunun ölməməsinə inana bilməyib. Amma, Sevil xanım yaxınlarını buna inandıra bilib. Və yaralı yoldaşını xəstəxanadan yarımçıq çıxarıb Bakıya üz tutub. Respublika Prokurorluğuna, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinə müraciət edib. Məlum olub ki, həmin şəxsin haqqında məhkəmə qərar çıxarıb və onun girovların əvəzində dəyişdirilməsi üçün Milli Məclis qərar verməlidir. Bu qərara nail olmaq üçün Sevil xanım iki aydan artıq qapılar döyüb, məmurların girib-çıxdığı arxa qapıları axtarıb-tapıb, onların maşınlarının nömrəsini əzbərləyib.


«Elə olurdu günaşırı Ağdama gedirdim. Kamilin saqqalı uzanıb, mənim saçıma daraq dəymirdi. İnsana oxşamırdıq… Xocalı camaatı bilir nə əziyyət çəkmişəm…»


Axır ki, qərar verilib. Təxminən iki aydan sonra Sevil xanım oğluna qovuşub. Üstəlik Qafar kişi ilə Sevincin də azad olunmasına nail olub. Amma, bütün bu yaşadıqları izsiz ötüşməyib. Deyir ki, indi hər ay Ceyhun onu kardioloqa aparır, müayinədən keçirdir, ürək ağrılarının şiddətlənməməsi üçün maaşının yarısını dava-dərmana verir. Sevil xanım onu da deyir ki, bu gün ötənləri xatırlamaq belə onun üçün çətindir. Bəlkə də bu gün lazım gəlsə elə güclü ola bilməzdi: «On beş il az deyil, onda dərdimiz yoxdur. Yaxşı evimiz-işimiz. Nə dərdimiz vardı? Bura dənizin qırağıdır. Bir gülü əkmişik, on beş ildə güclə bitirmişik…»


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG