Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:38

Dünyadakı altı min dilin yarısı yox olmaq təhlükəsindədir


Dünyada ən çox danışılan dil Çin dilidir
Dünyada ən çox danışılan dil Çin dilidir

1999-cu ildə UNESCO-nun Baş Konfransı qərara aldı ki, fevralın 21-ni bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd etsin. Quruma üzv olan dövlətlərdə beynəlxalq Ana Dili Günü çoxdilliyi və mədəni müxtəlifliyi təbliğ etmək məqsədiylə keçirilir.


UNESCO-nun məlumatına görə, dünyada danışılan altı min dilin təxminən yarısı yox olmaq təhlükəsindədir. Bu altı min dilin 52 faizində 10 mindən az adam, 28 faizində isə mindən az adam danışır. 83 faizi isə yalnız bir ölkədə danışılır. Yəni əhatə dairəsi sadəcə, bir ölkəylə məhdudlaşır. Deməli, bu dilin qorunub saxlanması ancaq hökumətin ümidinə qalıb.


Bəs, dünyada ən çox danışılan dil hansıdır? Bu, Çin dilidir. Bu dildə 1 milyard 75 milyon adam danışır. İkinci yerdə ingilis dili gəlir. İngilis dilində 514 milyon adam danışır. Hind dilində danışanlar 496 milyon, ispan dilində danışanlar 425 milyon, rus dilində danışanlar isə 250 milyon nəfərdir. Ərəb dili 6-cı yerdədir. Bu dildə 256 milyon nəfər danışır. Benqal dilində 215 milyon, portuqal dilində 194 milyon, İndoneziya dilində 176 milyon nəfər danışır. Fransız dili onluqda axırıncıdır. 120 milyon insan fransızca danışır.


Bəs, yox olmaq təhlükəsi ilə üzləşən dillər hansılardır? Məlum olub ki, bunlar əsasən, ölkə daxilindəki milli azlıqların dilləridir. Belə dillərə həmin ölkələrdə hörmət aşağı olduğundan insanlar nə özləri bu dillərdə danışır, nə də bu dili övladlarına öyrədirlər.


Dil öyrənməyə gəldikdə isə, ikinci dili erkən yaşlarından öyrənməyin faydası sübut olunub. İnsan beynini tədqiq edən alimlər çox gənc ikən ikinci dilə yiyələnən insanların nə üçün həmin dildə daha peşəkar danışmasının sirrini müəyyən ediblər.


Sən demə, həyatın erkən dövründə iki dil öyrənərkən bunun insan beyninin əsas dil mərkəzində izi qalır. London Universitet Kollecindən Anfrea Miçelliylə həmkarları üç qrup insanların beyinlərinin şəkillərini araşdırıblar. Birinci qrupa yalnız ingilis dilində danışan 25 nəfər, ikinci qrupa ikinci dili 5 yaşına qədər öyrənmiş 25 ingilis dilli insan, üçüncü qrupa isə ikinci dili 10-15 yaş arasında öyrənmiş 33 insan daxil edilib. İki dildə danışan insanların, xüsusilə də ikinci dili erkən yaşlarından öyrənənlərin beyinlərinin dilə yiyələnmək funksiyasını həyata keçirən hissəsində boz maddənin daha bərk olduğu aşkar edilib. Sonra alimlər müqayisə üçün ingilis dilini ikinci dil kimi öyrənmiş 22 nəfər italyanın beynini tədqiq ediblər. Onların bu dildə danışmaq qabiliyyətini hərtərəfli yoxlayıblar. Eyni nəticə əldə ediblər - xarici dildə daha peşəkar danışanların beyninin həmin hissəsində boz maddə daha bərk olub. Ancaq o da var ki, bəzi insanların anadangəlmə dil öyrənməyə xüsusi istedadları olur. Bu da o insanların beyninin həmin hissəsinin anadangəlmə bərk olmasıyla bağlıdır. Bununla belə, alimlər daha çox bu fikrə inanırlar ki, ikinci dilin öyrənilməsi beynin inkişafına təsir edir. Həm də bu fikir beynin inkişaf nəzəriyyəsinə də uyğundur. Bu nəzəriyyəyə görə, insan beyninin strukturu kənar təsirlərdən asılı olaraq dəyişir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG