Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:43

«Soyuq müharibə» iştirakçılarının arası yenidən soyuqlaşır


«Amerikanın Raketdən Müdafiə Sistemi Rusiyanın nüvə potensialına təhlükə deyil»

«Amerikanın Raketdən Müdafiə Sistemi Rusiyanın nüvə potensialına təhlükə deyil»

Çexiya öz ərazisində raket hücumundan müdafiə sistemi quraşdırmaq üçün Vaşinqtona razılıq verəcəyinə işarə vuran kimi Rusiyanın hədəsi ilə üzləşdi. Çexiyanın baş naziri Mirek Topolanek fevralın 19-da polşalı həmkarı Yaroslav Kazınski ilə görüşdən sonra bildirdi ki, hər iki ölkə raket hücumundan müdafiə sistemi qurmaq barədə Birləşmiş Ştatların təklifinə cavab hazırlayır. Bundan sonra isə danışıqlar başlayacaq. İki Şərqi Avropa ölkəsi danışıqlar gözlədiyi bir vaxtda xəbərdarlıqlarla üzləşdilər. Düzdür, Polşa və Çexiyanın baş nazirləri bu sistemin Rusiyaya qarşı olmadığını təkrar-təkrar bildirmişdilər. Amma, Moskvanın reaksiyası kifayyət qədər sərtdir. Xarici İşlər naziri Sergey Lavrov: «Birləşmiş Ştatların Avropada raket hücumundan müdafiə elementləri qurmaq planları bizi ciddi narahat edir, bizi həmçinin Avropada adi silahlar barədə müqavilənin də böhranlı vəziyyəti narahat edir. Vaxtilə bizə verilmiş vədlərə baxmayaraq, NATO-nun genişlənməsi prosesi də açıq-aşkar etimadın möhkəmlənməsinə xidmət etmir. Alyansın hərbi infrastrukturunun Rusiya sərhədlərinə doğru irəlilədilməsi də bizi narahat edir».


Vaşinqtonun ötən ay açıqladığı raketdən müdafiə planı Çexiya və Polşada radar stansiyalarının 2012-ci ildə quraşdırılmasını nəzərdə tutur. Vaşinqton bunu dələduz ölkələr siyahısında olanlara qarşı tədbir adlandırır. Rusiya bu siyahıda yoxdur. Amma, Rusiyanın buna inanmadığı özünü göstərir.


Bazar günü Rusiya Strateji Raket Qüvvələrinin komandanı Nikolay Solovtsov xəbərdarlıq edib ki, qısa və orta mənzilli raketləri azaltmaq barədə Birləşmiş Ştatlarla 20 il qabaq bağlanmış müqavilədən Moskva çəkilə bilər. O, həmçinin Polşa və Çexiyanın Rusiya hərbçilərinin strateji hədəfinə çevrilə biləcəyini deyib: «Bilirsiniz ki, bu müqaviləni Sovet Ittifaqı ilə Birləşmiş Ştatlar imzalamışdı. Müqavilədən çıxmaq barədə siyasi qərar qəbul edilsə, strateji təyinatlı raket qoşunları bu vəzifəni yerinə yetirməyə hazırdır».


Bu vəzifə deyəndə Çexiya və Polşanı hədəf seçməkdən söhbət gedir. NATO Solovtsovun dediklərini ifrat danışıq adlandırıb.


Polşa və Çexiyanın razılıq verməyə hazırlaşdığı bu sistem həmin ölkələri potensial hücumlardan qoruya bilərmi? Bu suala cavab axtaran ekspertlərdən bəziləri onun imkanının hələlik məhdud olduğunu bildirirlər. Amma, Moskvadakı Dünya İqtisadiyyatı və Beynəlxalq Əlaqələr institutunun təhlilçisi Aleksandr Pikayev sistem getdikcə güclənə biləcəyini istisna etmir: «Burda həm siyasi, həm də hərbi təhlükə var. «Soyuq müharibə» qurtarandan sonra ilk dəfə Amerikanın iri silahlanma sistemi Rusiya sərhəddinin birbaşa yaxınlığında yerləşdirilir. Bu sistemin Rusiyanın qeyri-strateji raketlərini vurmaq potensialı var. Rusiyanın strateji raketləri üçün ilk mərhələdə o təhlükə törətməyəcək. Amma, vaxt keçdikcə, raketdən müdafiə sistemi gücləndikcə belə bir imkan da olacaq».


Rusiyalı hərbi ekspert Aleksandr Qoltz isə hesab edir ki, Rusiyanın acıqlı reaksiyası hərbi təhlükə ilə çox da bağlı deyil: «Amerikanın raketdən müdafiə sistemi Rusiyanın nüvə potensialına təhlükə deyil. Moskva hesab edir ki, baş verənlər onun qüdrətli nüvə dövləti statusunu kiçildir. Ona görə belə kəskin reaksiya verir».


Ekspertlər sistemin Rusiyaya təhlükəsi barədə fərqli fikirdə olsalar da, bir fikrə şərik çıxırlar. Bu mübahisə «Soyuq müharibə» düşmənlərinin arasını getdikcə daha soyuqlaşdırır.


Günün bütün mövzuları

XS
SM
MD
LG