Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:17

Rays sülh səyləri üçün Yaxın Şərqə qayıdacağına söz verir


Kondaliza Rays: «Fələstin dövləti zorakılıq və terror yolu ilə yaradıla bilməz»

Kondaliza Rays: «Fələstin dövləti zorakılıq və terror yolu ilə yaradıla bilməz»

ABŞ-ın Dövlət katibi Kondoliza Rays Yaxın Şərq sülh prosesini canlandırmaq məqsədilə fevralın 19-da Qüdsdə İsrail və Fələstin liderləri ilə üçtərəfli danışıqlar aparıb. Bu danışıqlar Kondoliza Rays, İsrailin Baş naziri Ehud Olmert və Fələstin prezidenti Mahmud Abbas arasında ilk dəfədir ki, aparılır. İki saatdan artıq davam etmiş danışıqlardan sonra Rays qısa olaraq jurnalistlərə bunları deyib: «Bizim üçümüz də «iki dövlət» həlli variantına sadiqliyimizi təsdiqlədik. Razılaşdıq ki, Fələstin dövləti zorakılıq və terror yolu ilə yaradıla bilməz. Biz əvvəlki sazişlərə və öhdəliklərə, o cümlədən «yol xəritəsi» planına sadiqliyimizi bir daha vurğuladıq».


K.Rays sülh danışıqlarının bərpası ilə bağlı hər hansı irəliləyiş barədə məlumat verməyib. Ancaq deyib ki, Olmert və Abbas yenidən görüşməklə bağlı razılığa gəliblər. Dövlət katibi özü də tezliklə regiona qayıtmağı planlaşdırdığını bildirib: «Prezident və Baş nazir razılığa gəldilər ki, tezliklə yenidən bir araya gəlsinlər. Onlar mövcud maneələrin aradan qaldırılması, bu işə regional və beynəlxalq dəstəyin göstərilməsi və sülh yolunda irəliyə doğru addım atılması prosesinə yardım edən səylərdə Amerikanın iştirak etməsini və öndə getməsini arzuladıqlarını bir daha ifadə etdilər».


Öz növbəsində Olmert bazar günü deyib ki, rəsmi Təl-Əviv və ABŞ, İsrailin bir dövlət kimi mövcudluğunu tanımayana qədər Fələstinin yeni birgə hökuməti ilə əməkdaşlıq etməmək barədə razılığa gəliblər: «Dördlərin şərtlərini qəbul etməyən Fələstin hökuməti tanına bilməz. Belə bir hökumətlə heç bir əməkdaşlıq edilməyəcək. Mən bu barədə cümə günü Birləşmiş Ştatların prezidenti ilə danışmışam. Sizə deyə bilərəm ki, bu məsələdə İsrailin və ABŞ-ın mövqeləri tamamilə üst-üstə düşür».


Mahmud Abbasın mötədil «Fəth» hərəkatı və İsrailin məhvini özünə hədəf seçən «Həmas» təşkilatı arasında hakimiyyətin bölüşdürülməsi ilə bağlı razılaşma fevralın əvvəlində Məkkə şəhərində əldə olunub.


Kondoliza Rays bu razılaşmanı Yaxın Şərq probleminin həlli üzrə ABŞ, Avropa İttifaqı, BMT və Rusiyadan ibarət dörd tərəfin müəyyən etdiyi beynəlxalq şərtlərə uyğun gəlməyən anlaşma kimi qiymətləndirmişdi.


Günün bütün mövzuları

XS
SM
MD
LG