Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:06

Ovçu, insaf elə…


«Ov üçün əsasən uzun lüləli silaha üstünlük verirlər…»
«Ov üçün əsasən uzun lüləli silaha üstünlük verirlər…»

Könlündən ov ovlamaq, quş quşlamaq keçənlər tələssinlər, mövsümün bağlanmasına cəmi bir neçə gün qalıb.


Fevralın 28-də ov mövsümü bitir, dağda-düzdə ovçuluq bir də qalır iyuna. Hərçənd ovçu olan bunu bilməmiş deyil. Mənsə bunları Ovçular Cəmiyyətinin sədri Ramazan İsmayılovdan öyrəndim. Ramazan İsmayılovdan bir də onu öyrəndim ki, «quş qripi» təhlükəsi ovçuluğa da təsirsiz ötüşməyib. Son iki mövsümdə ovçuların sayı azalıb. Bunda Cəmiyyətin də rolu az olmayıb: «Təbliğat işlərini gücləndirmişik. Amma, bəzən brakonyerlər işlərindən qalmırlar…»


Bakıdakı ovçu dükanlarında da deyirlər ki, ötən ilin fevralında Azərbaycanda «quş qripi» tapılandan sonra patron, silah-sursat alanların sayı azalıb. Elə bu mağazaların biridə olduğum müddətdə cəmi bir nəfər patron istədi. Silah-sursatla maraqlanan da demək olar ki, yox idi. Amma, dükan sahiblərinin sözlərinə görə, əslində, xəstəlik təhlükəsi olmayan vaxtlarda da silah-sursata meyl edən o qədər çox olmayıb. Fürsətdən istifadə edib silahlara göz gəzdirirəm. Qiyməti çeşid-çeşid, 450 dollardan tutmuş 1800 dollara kimi… «Bu silah da ov üçündür. Ov üçün əsasən uzun lüləli silaha üstünlük verirlər…»


Düşünmək olardı ki, «quş qripi» təhlükəsi sovuşmayanadək dükandakı tüfəngləri də toz basacaq. Ancaq, Şəkinin köhnə ovçularından Şahlar kişi deyir ki, xəstəliyə məhəl qoymayaraq yenə də quş quşlayan, ov ovlayan çoxdur. Elə o özü də arada tüfəngini götürüb quş ovuna çıxır. Səbəbini də belə izah edir: «Mən quş qripi xəstəliyinə inanmıram…»


Şahlar kişinin dediyinə görə, qadağanı təkcə o pozmur. Son illər şimal rayonlarının meşələrində yeni ovçular peyda olub. Hər cür silah-sursatla təmin olunan, günlərlə ov ovlamaqdan zövq alan, dağı-daşa lərzəyə gətirən bu yeni ovçular əsasən məmurlardır. Şahlar kişi deyir ki , qadağanı pozan da əsasən ova yasaq qoyanların özləridir: «Son zamanlar bəzi vəzifəli adamlar ova yaman həvəs göstərirlər. Dağa çıxanlar qaban ovuna maraq göstərirlər. Dağda gəzə bilməyənlər qırqovul, göyərçin, dovşan ovlayırlar…»


Mənsə əlavə edim ki, «Ovçuluq haqqında» qanuna görə, Ovçular Cəmiyyətinin üzvü olmayanlar ovla məşğul olmamalıdırlar. Bu Cəmiyyət 1956-cı ildə yaradılıb. 21 min üzvü var. Onlardan nə qədəri məmurdur, bu haqda cəmiyyətdən heç nə demirlər. Azərbaycanda ceyran, bəbir, dağ təkəsi, maral, cüyür, ayı və bir ildir «quş qripi» təhlükəsinə görə, quşların ovu qadağandır. Şair də belə deyir ki, ovçu insaf elə…


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG