Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:15

Qəzet erasının sonu?


«Qəzetin internetlə mübarizəsi sənaye inqilabı ilə mübarizəyə bərabərdir»
«Qəzetin internetlə mübarizəsi sənaye inqilabı ilə mübarizəyə bərabərdir»

Dünyanın ən nüfuzlu qəzetlərindən biri hesab edilən «Nyu York Tayms»ın sahibi Artur Sulzberqer Amerikanın jurnalist ictimaiyyətini çaxnaşmaya salan fikirlər söyləyib. Cənab Sulzberqer ehtimal irəli sürüb ki, beş ildən sonra ən yaxşı jurnalist ənənələrinin qoruyucusu olan onun nəcib qəzeti çap dəzgahlarını dayandıraraq öz mövcudluğunu yalnız on-line versiyada – internetdə davam etdirməli olacaq.


Ötən həftə Amerika televiziya jurnalistikasının patriarxı sayılan 90 yaşlı Uolter Kronkayt KİV peşəkarları və Kolumbiya Universitetinin Jurnalistika fakültəsinin tələbələri qarşısında çıxışı zamanı bildirib ki, onun cavanlıq dövrü ilə müqayisədə hazırda jurnalistlər qarşısında duran problemlər daha ciddidir. O deyib ki, indi jurnalistlər öz vəzifələrinin icrası zamanı əvvəlki kimi KİV sahibinin tam maliyyə və mənəvi dəstəyinə arxalana bilməzlər. Media orqanlarının birləşməsi və ixtisarlara görə Amerikanın bir çox şəhərlərində yalnız bir qəzet qalıb.


Yayım şirkətləri getdikcə xəbərlərə ayrılan efir vaxtını azaldırlar.


Tanınmış televiziya aparıcısının narahatlığı nə dərəcədə əsaslıdır? Bu sualla «Azadlıq» radiosu onun həmkarlarından biri, Boston Universitetinin professoru Robert Zelnikə müraciət edib: «Həqiqətən də, ABŞ-da ciddi jurnalistlər üçün çətin vaxtlar başlayıb. Bir çox qəzetlər müflis olduqlarını bildirirlər, oxucuların sayı azalır, xəbərlərin toplanmasına ayrılan resurslar ixtisar olunur. Auditoriyanın, onun zövqünün və həyat tərzinin dəyişməsi televiziyada ciddi jurnalist verilişləri üçün maneəyə çevrilib.

«Biz, jurnalistlər camaata pişiyin haradan-hara hoppandığını deyirik. Sonra pişiklə artıq camaatın özü məşğul olur»
Artur Sulzberqer
Yayım şirkətləri təkcə xarici deyil, ciddi daxili problemlərin də işıqlandırılmasını dayandırmaq məcburiyyətindədirlər. Onlar dərin, keyfiyyətli, etimada layiq jurnalist materialları əvəzinə sensasion məlumatlar yaymaqla auditoriyanı bir-birinin əlindən almağa çalışırlar».


«Nyu York Tayms»ın sahibi Artur Sulzberqer dörd il dalbadal qəzetinin gəlirlərinin düşməsini şərh edərkən deyib ki, yaxın beş ildə onun çap versiyasının yoxa çıxmasını istisna etmir. Onun fikrincə, internet versiya daha qənaətli görünür.


Doğrudanmı, gün gələcək əfsanəvi qəzetin yeni sayını vərəqləmək yox, onu yalnız kompyuterin monitorundan oxumaq mümkün olacaq? Robert Zelnik bunu məyusedici hadisə sayır: «Mən «Nyu York Tayms» qəzetinin redaksiya məqalələrində ifadə olunan fikirləri həmişə bölüşmürəm. Amma bu qəzetin jurnalistlərinin gözüaçıqlığı, dünyada baş verənləri işıqlandırmaları misilsizdir. «Nyu York Tayms» tarix boyu yalnız barmaqla sayıla biləcək qədər qəzetin nail ola bildiyi yüksək standartlar yeridir. Amma indi bu qəzetin çap variantının dayanması ehtimalı barədə mülahizələr üçün görünür, real əsaslar var. İki həftə əvvəl «Nyu York Tayms»ın törəmə şirkəti – «Boston Qlob» 570 milyon dollar itki ilə kreditlərini bağladığı, həmçinin də bir sıra xarici ölkələrdəki bürolarının fəaliyyətini dayandırması barədə məlumat yayıb.


ABŞ-dan gələn bəzi qeyri-rəsmi xəbərlərə inansaq, indi bu ölkədə bir çox qəzetlərin, o cümlədən, «Los Anceles Tayms» kimi mötəbər qəzetlərin redaksiyalarında əhval-ruhiyyə batan gəmidəki çaxnaşmaya bənzəyir. Qəzetlərə abunə yazılmaq istəyənlərin azalması və reklam dollarlarının İnternetə yönəlməsi fonunda qəzet biznesi demək olar ki, iflasa məhkum edilmiş kimi görünür. Doğrudanmı, bu proseslər çox qədim bir informasiya vasitəsi kimi qəzetlərin süqutunun başlanğıcıdır?


«Azadlıq» radiosu bu sualı «Freedom House» təşkilatının vitse-prezidenti, Nyu-York qəzetlərindən birinin keçmiş redaktor müavini Arça Paddinqtona verib: «Bu, kədərli haldır, köhnə qəzetçi kimi mən inanıram ki, qəzet əvəzedilməzdir, heç bir televiziya qəzet oxumağın, onu əldə tutmağın verdiyi həzzi əvəz edə bilməz. Amma qorxuram ki, qəzetin internetlə mübarizəsi sənaye inqilabı, indiki halda isə texnoloji inqilabla mübarizəyə bərabərdir. Sadə bir misal: Mənim «Freedom House» üzrə cavan həmkarlarım məndən fərqli olaraq səhərlər qəzet oxumurlar. Onlar işə gələn kimi, son xəbərlərin nəbzini tutmaq üçün internetə üz tuturlar. Bilmirəm, çap nəşriyyatı kimi qəzet öləcək, ya yox – bunu təsəvvür etmək çətindir. Düşünürəm ki, internet informasiya məkanı tədricən qəzetlərin məşğuliyyət dairəsinə bənzəyəcək. Jurnalistlər informasiya toplayacaq, onların üzərində işləyəcəklər, redaktorlar isə cavabdehlik daşıyacaqlar ki, məlumat və şərhlərin seçimi informasiya istehlakçı­la­rı­nın daha böyük dairəsi üçün maraqlı olsun. Güman edirəm ki, gələcəkdə internet səhifələri indiki qəzetlər kimi daha geniş həcmdə informasiyaların daşıyıcısına çevriləcəklər».


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG