Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:00

Ana Dili Günü ərəfəsində İranda təqiblər artıb


Azərbaycanlı fəallardan fevralın 21-də evdə oturacaqları barədə yazılı iltizam alınıb

Azərbaycanlı fəallardan fevralın 21-də evdə oturacaqları barədə yazılı iltizam alınıb

Fevralın 21-i Təbriz, Urmiyə, Ərdəbil və digər şəhərlərdə Ümumdünya Ana Dili Günü münasibətilə aksiyaların keçirilməsi planlaşdırılır. Təbriz və Urmiyədə paylanan vərəqələrdə aksiyanın fevralın 21-i saat 4-də keçiriləcəyi elan edilir. Eyni məzmunlu vərəqələr rəsmi adı Miyandab olan Qoşaçayda və Şəbüstərdə də paylanıb.


Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Komitəsinin (ASMƏK) verdiyi məlumata görə, Şəbüstər şəhərində 3 tələbə — Behzad Xurşidzadə, Pərviz Sultani və Qəhrəman Sultani vərəqə payladıqlarına görə həbs olunublar.


«Media Forum»un internet saytının verdiyi xəbərə əsasən, fevralın 14-də Təhlükəsizlik Nazirliyi – ETELLAAT-ın Əhər şəhər şöbəsi 100-ə yaxın tanınmış fəalın evinə zəng edərək onları ETELLAAT-a çağırıb. ETELLAAT-ın yerli şöbəsində milli fəallara bildiriblər ki, heç kəs fevralın 16-dan sonra Əhərdən Təbrizə və ya Ərdəbilə gedə bilməz. Azərbaycanlı fəallardan fevralın 21-də -- Beynəlxalq Ana Dili Günündə evdə oturacaqları və keçiriləcək tədbirlərdə iştirak etməyəcəkləri barədə yazılı iltizam alınıb. Məlumatda o da bildirilir ki, iltizam yazmaqdan imtina edən bir qrup fəal, o cümlədən Saleh Molla Abbasi həbs edilib. Lakin xaricdə fəaliyyət göstərən hüquq müdafiəçiləri Saleh Molla Abbasinin həbsi xəbərini hələ təsdiqləməyiblər. Tutulanların taleyi ilə bağlı hələlik heç bir məlumat yoxdur.


ASMƏK-in təsdiqlədiyi xəbərə əsasən, Təbrizdə «Zeynəb Paşa» adlı kitab satış mərkəzindən hətta Mədəniyyət Nazirliyinin rəsmən təsdiqlədiyi azərbaycanca yazılan kitabların satışının dayandırması tələb olunub.


Kanadada fəaliyyət göstərən Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının sədri, Faxtə Zamaninin verdiyi digər məlumata əsasən, iki fəalın məhkəməsi Ana Dili Gününün qeyd olunacağı fevralın 21-ə təsadüf edir. Belə ki, Abbas Lisaninin 2005-ci ildə Babək Qalasına yürüşdə iştirakı ilə bağlı iş üzrə apellyasiya iclası həmin gün Təbriz İnqilab Məhkəməsində keçiriləcək. Həmin iş üzrə Kəleybər məhkəməsinin verdiyi qərara görə, Abbas Lisani bir il həbsə məhkum olunmuşdu.


Babək Qalasına yürüşlə bağlı daha bir fəalın - İbrahim Cəfərzadənin də işi üzrə Təbriz İnqilab Məhkəməsinin iclası fevralın 21-də keçiriləcək. O, bir neçə həftə Əhər zindanında saxlandıqdan sonra zaminə buraxılmışdı.


Abbas Lisaninin həbsinə etiraz etdiyi üçün ETELLAAT tərəfindən saxlandığı bildirilən təbrizli fəal Həsən Əsədinin taleyi naməlum olaraq qalır. Fevralın əvvəlindən həbs olunan fəalın harada saxlandığı barədə dəqiq məlumat yoxdur.


ASMƏK-in sözçüsü Əlirza Quluncu eyni zamanda Qum şəhərində Azərbaycan fəallarına qarşı yeni işgəncə növünün tətbiq olunduğunu bildirir. Bu məlumata əsasən, bir neçə azərbaycanlı fəal, o cümlədən Mehdi Mövlai, Cəfər Abidi və İbrahim Kazimi fevralın 12-də nəzarət altına alınıb. Fevralın 16-da Mehdi Mövlai və Cəfər Abidi azadlığa buraxılsa da, İbrahim Kazimi hələ azad edilməyib. Azadlığa buraxılanlar ETELLAAT məmurları tərəfindən işgəncəyə məruz qaldıqlarını bildiriblər: Onlara zorla mədələrini bulandıran içkilər içirdilib.


XS
SM
MD
LG