Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:12

İnsafəli Hidayət İran həbsxanasında keçirdiyi günlər barədə kitab yazır


İran Azərbaycanından olan jurnalist İnsafəli Hidayət
İran Azərbaycanından olan jurnalist İnsafəli Hidayət

İran Azərbaycanından olan jurnalist İnsafəli Hidayət Kanadada siyasi sığınacaq alıb və artıq yarım ildən çoxdur ki, Toronto şəhərində yaşayır. O, bir müddət «Azadlıq» radiosu ilə əməkdaşlıq da edib. Bu yaxınlarda İnsafəli Hidayət «Human Rights Watch» və «Hellman Hamett» insan haqları təşkilatlarının mükafatını alıb. Bu mükafat hər il dünya üzrə repressiyalarla üzləşən ən fəal jurnalistlərə və yazarlara verilir. İnsafəli Hidayət İranda jurnalist kimi fəaliyyət göstərdiyi zaman yazdığı yazılara görə həbs olunmuş və ona işgəncələr verilmişdi. Hazırda o, üzləşdiyi təzyiqlər və həbsdə keçirdiyi günlər barədə kitab yazır. Casusluq, İran dövlətinə qarşı təbliğat aparmaq, bölücülük fəaliyyəti və başqa əməllərdə təqsirli bilinən jurnalist 18 ay müddətində həbsdə saxlanılmış, bunun 74 gününü təkadamlıq kamerada keçirmişdir. Ümumilikdə isə ona qarşı 18 ittiham irəli sürülmüşdü. İnsafəli Hidayət deyir ki, ən böyük arzusu Azərbaycana baş çəkmək, Azərbaycan dilini və tarixini öyrənməkdir.


Martda Bakıda Azərbaycan və türk diaspora qurumlarının forumu keçiriləcək


Martın 6-da Bakıda Azərbaycan və Türk diaspor təşkilatlarının rəhbərlərinin birinci forumu keçiriləcək. Forumu Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi və Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası təşkil edir. Tədbirdə 48 ölkədən 450-ə yaxın nümayəndənin iştirakı nəzərdə tutulur. Forumda Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası adlı sənəd qəbul olunacaq, bu sənəddə Azərbaycan və türk diaspora qurumlarının birgə fəaliyyətinin əsas istiqamətləri və prinsipləri müəyyən ediləcək. Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Elşad Miraləm deyir ki, əvvəllər Azərbaycan və türk icmaları arasında əməkdaşlıq sistemli xarakter daşımırdi və pərakəndə halda həyata keçirilirdi. Buna görə də, bu forumun əsas məqsədi – türk və Azərbaycan icmalarının fəaliyyətinin koordinasıyasına nail olmaqdır. Qonaqların foruma hansı prinsiplə dəvət olunacağı ilə bağlı suala cavab verən Elşad Miraləm deyir: «Foruma yalnız Azərbaycan və türk diaspora təşkilatlarının rəhbərləri dəvət ediləcək. Burada region amili dı nəzərə alınacaq, biz istəyirik ki, Azərbaycan və türk icmalarının fəaliyyət göstərdiyi bütün regionlardan nümayəndələr iştirak etsin. Çalışacağıq ki, bu tədbirə ən fəal və təcrübəli diaspora qurumlarının rəhbərləri dəvət olunsun».


Belçika-Azərbaycan Evi Azərbaycanı Tanıtma Fondunu yaratmağı təklif edir


Təşkilatın rəhbəri Bülənt Gürçam deyir ki, bununla bağlı Azərbaycanın hökumət qurumlarına müraciət edib. Belçika-Azərbaycan Evi artıq Fondun emblemini və nizamnaməsini hazırlayıb. Cənab Gürçam deyir ki, Azərbaycan diaspora qurumlarının əsas problemi onlarda Azərbaycanla bağlı materialların olmamasıdır. Bu materialları toplamaq və xarici dillərə tərcümə etmək üçün isə bir qurum lazımdır. Buna görə də, Tanıtma Fondunun əsas vəzifəsi Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı materialları xarici dillərdə nəşr etmək və diaspora cəmiyyətlərini bunlarla təmin etməkdir.


Dünya Azərbaycanlıları Konqresinin qəzeti çıxacaq


Mart ayında Dünya Azərbaycanlıları Konqresinin mətbu orqanı - DAK adlı jurnal nəşr olunmağa başlayacaq. Jurnal iki ayda bir dəfə Stokholmda çıxacaq. Gələcəkdə jurnalın ayda bir dəfə nəşr ediləcəyi gözlənilir. Konqresin sədri Cavad Derəxti deyir ki, dərgi Dünya Azərbaycanlıları Konqresinin maliyyə dəstəyi ilə çap olunacaq. DAK-ın jurnalı Kiyevdə də ukryana və rus dillərində çapdan çıxacaq. Cavab Derəxti onu da deyib ki, mayda İstanbulda Dünya Azərbaycanlıları Konqresinin doqquzuncu qurultayı keçiriləcək.


Avstriya-Azərbaycan Akademik Birliyi Vyanada gənclər proqramı keçirib


Avstriya-Azərbaycan Akademik Birliyi Avropa Komissiyası ilə birlikdə Vyanada gənclər proqramı həyata keçirib. «Tanış olaq, öyrənək, ön mühakiməni yox edək!» adlanan tədbirdə Avstriya, Türkiyə, Almaniya, Slovakiya və Portuqaliyadan olan gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər. Avstriya-Azərbaycan Akademik Birliyinin rəhbəri Elman Muradov deyir ki, tədbirin məqsədi bu ölkələrin mədəniyyətini tanıtmaq idi.


XS
SM
MD
LG