Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:53

Ana olmağın qiyməti…


Qadınlar ana olmağın qiymətinin dünyada heç bir sevinclə və xərclə ölçülmədiyini deyirlər
Qadınlar ana olmağın qiymətinin dünyada heç bir sevinclə və xərclə ölçülmədiyini deyirlər

Azərbaycanda «doğum evlərində» bir körpənin anadan olması valideynə neçəyə başa gəlir? Əslində özəl və təsərrüfat hesablı xəstəxanalarda bu cür pasientlərə xidmət pullu olsa da, büdcədən maliyyələşən xəstəxanalarda buna görə, ödəniş olmamalıdır. Mövcud qaydalarda belədir. Bəs, reallıq necədir?


Yolu xəstəxanaya düşmüş qadınlar fərqli qiymətlərin olduğunu bildirirlər: «Məndə 300 dollara qədər çıxdı», «Son bir ildə qiymətlər artıb. Mən haradasa 450 dollar vermişəm, hələ gözaydınlıqları, tibb bacısı pulunu bura əlavə etmirəm».


Gənc ana olmuş şəxslər deyirlər ki, xərclər xəstəxanadan, qadının vəziyyətindən və hətta imkanından asılı olaraq dəyişir: «Mənim uşağım əməliyyat yolu ilə dünyaya gəlib. Təkcə əməliyyat xərci 500 dollardan çox etdi, digər xidmətlər də yüksəkdir».


Dövlət xəstəxanalarından fərqli olaraq, özəl klinikalarda doğuşa görə, xidmət haqqı 1200 yeni manata qədərdir. Burada qiymətlərin baha olmasını xidmətinin yüksək səviyyəsi ilə izah edirlər.


Azərbaycanın rayonlarında «doğum evlərinin» xərcləri bir qədər aşağıdır. Şimal rayonlarından birində 2 ay əvvəl oğul dünyaya gətirmiş Ülkər xanım deyir ki, xəstəxanaya onun 200 dollar xərci çıxıb.


Bəs, görəsən ödənilən pullar hansısa kassadan keçirilirmi? Bu suala cavab olaraq xanımlar bildirirlər ki, dövlətə məxsus doğum evlərində kassa olmur: «Hər şeyi ayrıca ödəyirik. Həkimə ayrıca, tibb bacısına ayrıca, hətta uşağa baxan dayəyə ayrıca ödənilir».



«Qadın gəlib doğmaq istəyir, sancı çəkir… Necə deyə bilərik ki, pul verməsən səni doğuzdurmayacağıq...»

Şimal rayonundan olan Ülkər isə hətta üstündən bir neçə aya keçməsinə baxmayaraq kimə nə qədər verdiyini indi də çox dəqiq xatırlayır: «15 «şirvan» genikoloqa, 4-5 «şirvan» tibb bacılarına, sanitarlara 1 «şirvan». Palata tibb bacıları hər gün iki nəfər dəyişilirdi və hərəsinə 1 manat, «roddomdan» çıxanda başqa genikoloqa 3 «şirvan», uşaq anadan olan gün həkiminə 4 «şirvan», xəstəxanadan çıxanda günü uşağın həkiminə 4 «şirvan…» Ülkər xanım deyir ki, bundan əlavə yanına baş çəkməyə gələnlər də kimlərəsə pul verirmiş.


Dövlət xəstəxanalarının həkimləri isə qadınların dediklərinin onların xəstəxanalarına aidiyyatı olmadığını bildirirlər. Məsələn, Bakıda-Bakıxanov qəsəbəsindəki 2 saylı «Doğum evi»ndə baş həkimin müavini olan Xanım Paşayeva bildirdi ki, hal-hazırda onun çalışdığı xəstəxanada heç bir haqq ödəmədən yatan qadınlar var: «Qadın gəlib doğmaq istəyir, sancı çəkir… Necə deyə bilərik ki, pul verməsən səni doğuzdurmayacağıq...»


Xanım Paşayeva deyir ki, «Doğum evi»ndə qadın xərc çəkirsə, bu elə həmin şəxsin öz günahıdır: «Sadəcə, bizdə adətən elə olur ki, minnətdarlıq kimi özü nə istəyirsə alır. Amma, kiminsə imkanı yoxdursa, heç kim onu məcbur etmir. Niyə pul verirlər? Verməsinlər. Camaat özü öz hüquqlarını tələb etsin».


Bu yaxınlarda ana olmağa hazırlaşan Leyla deyir ki, ilk övladı dövlətə məxsus «Doğum evi»ndə dünyaya gəlsə də o, ikinci övladı üçün özəl klinikaya müraciət etməyə hazırlaşır: «Özəl klinika elədir ki, pulu keçirirsən, xırda-xırda pul vermirsən».


Səhiyyə Nazirliyi isə məsələyə münasibət bildirmək istəmədi. Dedilər ki, bunun üçün bir neçə gün əvvəldən müraciət etmək lazımdır.


İmkansızlıq üzündən bir çoxları evlərdə doğmağa üstünlük verirlər. Naxçıvandan olan Sürəyya xala deyir ki, onun iki qızının ikisi də övladlarını evdə dünyaya gətiriblər: «Evdə yatanda bir az çətin olur, qorxulu olur. Qorxursan ki, birdən nəsə olar. Amma, şükür allah tala üstündə durdu. İndi həkimlər elə qiymət qoyur ki, heç kim istəmir xəstəxanaya getsin».


Lakin, söhbət etdiyim bütün qadınlar həm maddi, həm mənəvi çətinliklərə baxmayaraq, ana olmağın qiymətinin dünyada heç bir sevinclə, heç bir ülvi hisslə ölçülmədiyini deyirlər. Çünki, onlar dünyaya bir insan gətirilər, birinə həyat bəxş edirlər. Bunun üçün nə qədər pul xərclənsə belə…


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG