Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:42

«Türkmənistanda seçkilər qeyri-azad, ədalətsiz olub»


Seçkinin nəticələri rəsmən fevralın 13-də elan ediləcək

Seçkinin nəticələri rəsmən fevralın 13-də elan ediləcək

Fevralın 11-də Türkmənistanda prezident seçkisi keçirilib. Türkmənistanda olan ATƏT Parlament Assambleyasının nümayəndə heyətinin üzvlərindən biri - Xose Soares seçkinin qeyri–azad və ədalətsiz olduğunu deyib. Açıq Cəmiyyət İnstitutunun Türkmənistan layihəsinin direktoru Erika Dayley isə deyir ki, bu seçkidə seçicilərin seçim imkanı yox idi. Namizədlərin platformasında hansısa ciddi fərq olmayıb və onlar eyni siyasi partiyanı təmsil ediblər. Xanım Dayleyə görə, bəzi demokratik ölkələrdə belə səsvermə - prezident seçkisinin birinci mərhələsi kimi keçirilir, yəni belə səsvermə ilə bir partiyanın əsas namizədi müəyyən edilir.


Beynəlxalq Böhran Qrupunun Mərkəzi Asiya üzrə nümayəndəsi Mixail Hol isə «Azadlıq» radiosuna deyib ki, seçkinin keçirilməsinin səbəbi Türkmənistanın növbəti dövlət başçısının prezidentliyini legitimləşdirmək idi: «Seçkinin keçirilməsi bir fakt kimi maraqlıdır. Türkmənistanın yeni hökuməti öz xalqına və dünya ictimaiyyətinə bir növ legitimlik nümayiş etdirmək istəyir, buna görə də bu seçkilər bir müsbət əlamətdir ki, Türkmənistanda nəyisə dəyişə bilər».


Açıq Cəmiyyət İnstitutunun nümayəndəsi Erika Dayley isə deyir ki, neçə nəfərin iştirakından asılı olmayaraq seçkinin keçirilməsi vacibdir. Çünki Türkmənistan xalqının ilk dəfə kimisə seçmək imkanı oldu. Və onlar ölkədə dəyişikliklər etməyi vəd edən, mövcud qadağaları pozan və sosial problemlərdən danışan şəxsi seçdilər.


Türkmənistan hökuməti fevralın 12-də elan edib ki, seçki kampaniyası zamanı verilən vədlərdən biri – internetdən istifadəni asanlaşdırmaq idi və bu artıq reallığa çevrilir. Türkmənistanın yeganə internet provayderi «Turkmentelekom» ölkədə ilk internet-kafe açdığını elan edib.


«Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə hesab edir ki, Türkmənistanın təzə prezidenti xarici siyasət məsələlərində onun sələfindən fərqli olaraq daha ehtiyatlı mövqe tutacaq: «Bu, ilk növbədə, yeni prezidentin mövqeyinin həm beynəlxalq aləmdə, həm də ölkənin daxilində, idarəetmə elitasının içərisində nə dərəcədə güclü olub-olmamasından asılıdır. Saparmurad Niyazov Türkmənistanın bütün sahələrinə nəzarəti əlində cəmləşdirmişdi, onun iradəsi də ölkədə heç bir mübahisə predmeti olmurdu. Amma təzə prezident Türkmənbaşının mövqeyindən yüz faiz çıxış edə bilməyəcək. Çünki ona ən azı hakimiyyət üzərində nəzarəti bərqərar etmək lazımdır».


Türkmənistanda seçkinin nəticələri rəsmən fevralın 13-də elan ediləcək, fevralın 14-nə isə yeni prezidentin inauqurasiyası təyin olunub.


Günün bütün mövzuları

XS
SM
MD
LG