Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:24

Qiymətlər yenə qalxdı


«Biz də istəyirik, rahat avtobuslarda gedək»
«Biz də istəyirik, rahat avtobuslarda gedək»

Fevralın 12-dən şəhərlərarası, şəhərətrafı, qəsəbələrarası nəqliyyatda da gedişhaqqı artdı. Tarif Şurasının qərarı ilə qiymət gedilən yolun uzunluğuna görə, hesablanacaq. Bakı avtovağzalının rəhbərliyi sərnişinləri qiymət artımından agah etmək üçün əlindən gələni əsirgəməyib. Səhər tezdən bütün bilet kassalarının üstündə yeni qiymətlər asılıb. Vaxtaşırı bu haqda səsgücləndiricilərlə élan verməklə yanaşı, sualı olanların «qaynar xətt»ə zəng vurmaları xahiş edilir.


Beyləqana yola düşən Nüsrət baba elanı eşidər-eşitməz narazılığını bildirir: «Bahalanır? Az bahalandırmışdılar ki?! Zülm edirlər bu camaata. Qiymətləri aşağı salmaq lazımdır».


Ötəri mən də qiymətlərə göz gəzdirirəm. Deməli, ölkənin ən uzaq bölgələrindən sayılan Qazaxdakı Qırmızı körpüyə gedənlər 8 manat, Qaxa yola düşənlər 6 manat 53 qəpik, Balakənə yollananlar isə 7 manat 16 qəpik ödəməlidirlər.


Ucarın Lək kəndindən olan Əliyar Əhədov deyir ki, ayda, iki ayda bir mer-meyvədən, toyuq-cücədən, qatıqdan-pendirdən bir xurcun düzəldib Bakıya nəvə-nəticəsini görməyə gəlir. İndisə o, bu səfərləri təxirə salmalı olacağını düşünür: «Eşitmişəm qiymət artıb, münasibətim də pisdir. Çünki əhalinin güzəranı ağırdır. Hökumət qiymət artımından əvvəl sosial vəziyyətimizi düzəltsəydi, onda başqa məsələ. Camaata çətindir, çox çətin».


Əliyar kişi deyir ki, kənddə altı nəfərdilər. Oğlu işləmir. Ailəni onun və arvadının aldığı təqaüdlə dolandırırlar. Bakıya da həkimə gəlibmiş, amma müalicə haqqı üçün elə qiymət eşidib ki, kor-peşman geri qayıdır.


Özünü Kərəm kimi təqdim edən ortayaşlı bir kişi isə deyir ki, artıq bir neçə gündür vağzalda gecələyir. Pulu olmadığından heç kim onu Yevlaxa qədər aparmaq istəmir. Nə yol maşınları, nə də böyük avtobuslar: «Qohum evinə gəlmişdik. İndi qayıda bilmirik»

Sonra dediklərinə onu əlavə edir ki, indiki dövrdə gərək hər şeydən bir qədər kəsəsən, məsələn, həkimdən, pal-paltardan, yeməkdən. İndi də nəvə-nəticəni görməyə gəlmək üçün yolu kəsilir: «İki aydan bir gəlirəm. Bahalanandan sonra yəqin ki, az-az gələrəm».


Bakıda iki oğlu ali təhsil alan Qumral xala isə deyir ki, yəqin oğul-uşağı yaydan-yaya görərik. Gəncəyə gedən Süsən xala isə onun sözünü yarıda kəsir: «Benzin qalxıbsa, təqaüd artıbsa, yol haqqı da artmalıydı. Yoxsa manatın məzənnəsi ölərdi…»


Kürdəmirdən olan Kəklik xala isə qiymət artımından elə avtovağzalda xəbərdar olub. Deyir ki, xəbərim olsa, hazırlıqlı gələrdim, məcburam, əlimdə-ovcumda olanı son qəpiyinə kimi bilet puluna verim. Hərçənd gileylənmir də:


«Neçə vaxtdı qiymət arta-arta gəlir. Onlarla razılaşmışıqsa, bununla da barışacağıq, nə əlacımız var».


Məmməd Əhlimanov isə fikirləşir ki, yol pulu artırsa, xidmət də yaxşılaşdırılmalıdır: «Azərbaycan Avropaya yaxınlaşmaq istəyir. Biz də istəyirik, rahat avtobuslar gətirilsin. Sivil adamlar kim çay, kofe içə-içə gedək, sərnişinlərə mədəni xidmət göstərsinlər, kassada qəşəng qızlar işləsinlər».


Şəhərlərarası sərnişindaşınması ilə məşğul olan «MTrans» Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbəri Mübariz Abbasov deyir ki, onlar sərnişindaşımada keyfiyyəti artırmaqla bağlı biznes-plan hazırlayıblar, ancaq kommersiya sirri olduğundan hələlik açıqlamırlar. Sürücü Fazil Qafarovun dediklərindənsə belə başa düşürəm ki, çətin ki, onlar yaxın vaxtlarda xidməti yaxşılaşdırsınlar: «On dəfə qiymət artmalıdır ki, mən də dolana bilim…»


«MTrans» MMC-nin rəhbəri Mübariz Abbasov isə deyir ki, qiymət artımından bəlkə də narazılar var, amma gün ərzində onlara şikayət daxil olmayıb.


Özünü Kərəm kimi təqdim edən ortayaşlı bir kişi isə deyir ki, artıq bir neçə gündür vağzalda gecələyir. Pulu olmadığından heç kim onu Yevlaxa qədər aparmaq istəmir. Nə yol maşınları, nə də böyük avtobuslar: «Qohum evinə gəlmişdik. İndi qayıda bilmirik».


Kərəm deyir ki, bu qiymət artımından sonra çətin kimsə ona yaxın dura. İndi ümidi onadır ki, avtovağzalda tanışdan-bilişdən biri rastına çıxa və onu mənzil başına çatdıra. Bunu deyib tələsik Gəncə avtobusları dayanan istiqamətə yollanır…


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG