Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:52

Türkmənistanda prezident seçkisi başa çatıb


Bu, Türkmənistanın tarixində alternativ əsasda keçirilən ilk prezident seçkisidir
Bu, Türkmənistanın tarixində alternativ əsasda keçirilən ilk prezident seçkisidir

Rəsmi məlumata əsasən, seçicilərin 95 faizindən çoxu səs verib. Ancaq «Azadlıq» radiosunun müxbirlərinin bildirdiyinə görə, seçicilərin iştirakı bundan xeyli aşağı olub. Xüsusilə paytaxt Aşqabad və ölkənin şərqində seçkidə az adam iştirak edib.


Prezidentlik uğrunda 6 namizəd mübarizə aparır. Bu, ölkənin tarixində alternativ əsasda keçirilən ilk prezident seçkisidir. Təhlilçilər hazırda prezidentin səlahiyyətlərini icra edən Qurbanqulı Berdımuhammedovun şanslarını daha yüksək qiymətləndirirlər.


Yeni prezidentin andiçmə mərasimini fevralın 14-ə planlaşdırıb.


Türkmənistanın sabiq Xarici İşlər naziri, hazırda mühacirətdə olan müxalifət lideri Avid Kuliyev deyir ki, seçki qanuni hesab oluna bilməz, çünki prezidentliyə namizədləri xalq yox, qanunverici orqan olan Xalq Məclisi seçib.


«Seçki haqqında yalnız onu demək olar ki, seçki qanuni, xalqın seçkisi deyil. Fikrimcə, Türkmənistanın demokratik yola qədəm qoyması üçün bir ilə yeni, əsl seçki keçirilməlidir».


Türkmənistanın müxalif Respublika Partiyasının sədri Bayram Şixmuradov isə bildirir ki, Türkmənistanda seçkilər çoxlu pozuntularla keçib. Amma o, seçkinin legitimliyi ilə bağlı məsələ qaldırmağı düzgün saymır:


«Legitimlik məsələsi çox mürəkkəbdir. Amma hamı tərəfindən qəbul edilmiş normalar nöqteyi-nəzərindən yanaşsaq, indidən aydındır ki, seçki çoxlu pozuntularla keçirilib».


Cənab Şixmuradov eyni zamanda deyib ki, Türkmənistanda indiki vəziyyət nəzərə alınsa, seçkinin legitimliyini şübhə altına almaq qeyri-konstruktivlik olardı.


«Əməkdaşlıq qurmaq üçün səy göstərmək lazımdır» – deyə Türkmənistan müxalifətinin nümayəndəsi bildirib. O əlavə edib ki, mahiyyətcə, seçkilər formal xarakter daşıyırdı, çünki, hazırda prezidentin səlahiyyətlərinin icra edən Qurbanqulı Berdımuhammedovun prezident seçiləcəyi əvvəlcədən şübhə doğurmurdu.


Seçkilərdən sonra ölkənin inkişaf perspektivlərinə dair öz proqnozlarını bölüşən Şixmuradovun fikrincə, «seçkilərdən asılı olmayaraq islahatlar qaçılmazdır»:


«Türkmənistan 15 il diktaturada yaşayıb, ona görə də dərhal demokratiyanın yaranmasını gözləməyə dəyməz. Amma müəyyən «mülayimləşmə» artıq faktdır və bu proses dönməzdir».


Türkmən siyasətçisi hesab edir ki, yaxın gələcəkdə hakimiyyət bir sıra addımlar atmalıdır: siyasi məhbusları azad etməli və BMT-nin xüsusi qurumları, o cümlədən Qırmızı Xaç Komitəsi ilə əməkdaşlıq qurmalıdır.


Ölkəyə müxalifətin qayıtmasının mümkünlüyünə toxunan Şixmuradov bildirib ki, «əsas olan sərhədi keçmək yox, ölkə daxilində işləmək imkanının verilməsidir».


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG