Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:33

Avstriya polisi pedofillərin ən böyük internet şəbəkəsini ifşa edib


İstintaq zamanı 8 terabayt həcmdə kompyuter faylları müsadirə olunub
İstintaq zamanı 8 terabayt həcmdə kompyuter faylları müsadirə olunub

Avstriya polisi bildirib ki, tarixdə pedofillərin ən böyük internet şəbəkəsini ifşa edib və bu işdə onlara Böyük Britaniya, ABŞ və Almaniyadan olan həmkarları kömək ediblər. Uşaq pornoqrafiyasına dair materiallar istehsal edən və onu internet vasitəsilə yayan cinayətkar qruplaşmanın fəaliyyətinin qarşısı alınıb.


Avstriya polisinin əməkdaşları ötən ilin yayında Vyanadakı internet şirkətlərdən birinin işçisindən məxfi məlumat alıblar. O, öz kompyuterini yoxlayan zaman uşaqların iştirakı ilə pornoqrafik video çarxlara rast gəlib. Sonradan aydın olub ki, həmin çarxları onun kompyuterinə Böyük Britaniyadan olan xakerlər yollayıblar. İstintaq pornovideonun Şərqi Avropa ölkələrindən birində istehsal olunduğunu müəyyən edib. Araşdırmalarda məlum olub ki, bu çarxlar internetə Böyük Britaniya ərazisindən yüklənib, sonradan da Rusiya saytlarından birinə yerləşdirilib. İstintaq əməliyyatları başlanandan sonra isə bu sayt bağlanıb.


Polisin məlumatına görə, pornoqrafik videofilmlərin çəkilişində həm yeniyetmələr, həm də çox kiçik uşaqlar iştirak ediblər. Onların ən böyüyünün yaşı 14-ü ötmürdü. Pornofilmi əldə etmək üçün internet istifadəçisi üç aya 89 ABŞ dolları ödəməli idi. Avstriyanın hüquq-mühafizə orqanlarının nümayəndələri saytdan video çarx alıblar, bu da onlara lazımi dəlilləri verib.


Vyana polisinin əməkdaşı Harald Qremel: «Ümumilikdə, biz uşaqların iştirakı ilə çəkilən pornoqrafik video çarxları yükləyən 2 mindən çox istifadəçinin IP-ünvanını aşkarlamışıq. Onlar Əlcəzairdən tutmuş Venesuela, İslandiyadan tutmuş Cənubi Afrikaya qədər dünyanın 77 ölkəsindən olan internet istifadəçiləridir».


İstintaq zamanı 8 terabayt həcmdə kompyuter faylları, 30-dan çox stasionar kompyuter və 7 noutbuk, disket və videokassetlər müsadirə olunub. Britaniyada 29, ABŞ-da 600, Almaniyada 400, Fransada 114, Avstriyada isə 23 adam uşaq pornoqrafiyası videosunu yükləməkdə şübhəli bilinir. Avstriya polisi başqa ölkələrin hüquq-mühafizə orqanlarının nümayəndələri ilə istintaqın gedişinə dair məlumat mübadiləsi aparır. Şübhəlilər ən müxtəlif yaş və peşə sahibləridir: tələbələr və işsizlərdən tutmuş dövlət qulluqçularına qədər. Amma şübhəlilərdən heç kim hələlik həbs olunmayıb. Avstriyanın hüquq-mühafizə orqanları aparılan istintaqı uğurlu adlandırırlar, bildirirlər ki, bu, Ore əməliyyatından bu yana pedofillərə qarşı ən iri beynəlxalq təhqiqatdır. 1999-cu ildə həyata keçirilmiş Ore əməliyyatı zamanı uşaq pornoqrafiyası yayan Amerika saytlarından birinin ofislərində axtarış aparılıb. Məlum olub ki, saytın bütün dünyada 250 mindən çox abunəçisi var. Ore əməliyyatı zaman minlərlə kişi həbsxanaya düşmüşdü.


Avstriya ilə həmsərhəd olan Almaniya polisi də pedofiliya ilə mübarizəni sərtləşdirib. Saksoniya-Anhalt federal torpağında bu yaxınlarda baş verən hadisə Almaniyada böyük ictimai rezonans doğurub. Yerli polis müəyyənləşdirib ki, pedofillərin çoxu internetdən pornoqrafik videofilmlərin yüklənməsinə görə «Visa» və «Master Card» kredit kartları ilə hesablaşıblar. Pornoqrafik video çarxlara 20 günlük baxışın qiyməti 80 ABŞ dolları edib. Pullar xarici hesaba köçürülürdü, ehtimal ki, Filippinə. Şübhəlilər sırasına Maqdeburq şəhərinin orta məktəblərindən birinin müəllimi də düşüb. İstintaq naminə pedofilin adı açıqlanmır.


«Mənim dərin inancıma görə, pedofilin məktəbdə dərs demək haqqı yoxdur. İşçimin pedofil olması haqda məndə şübhə yarananda, bu barədə dərhal polisə xəbər verdim. Bu olduqca pis hadisədir. Bu pedofil müəllim dərsləri yaxşı aparır, sakit və xoşrəftar idi və məktəblilərdə rəğbət doğururdu» – deyə məktəbin direktoru Tomas Moader bildirir.


İstintaqda birbaşa iştirak edən Saksoniya-Anhalt torpağı polisinin əməkdaşı Torsten Mayer isə bunları deyir: «Pedofillər arasında öz peşələri ilə əlaqədar daim uşaqlarla işləyən insanlar – məşqçilər, müəllimlər, bədən tərbiyəsi müəllimləri də var. Bu çox qəribə fenomendir».


Müxtəlif ölkələrin hüquq-mühafizə orqanlarının səylərinə baxmayaraq, internetdə uşaqların iştirakı ilə çəkilmiş pornoqrafik filmlərin yerləşdirildiyi minlərlə sayt var. Çatlarda pedofillər uşaqlarla maneəsiz tanış olur, əvvəlcə onlara hədiyyə və pul təklif edirlər. Bəzən mümkün cinsi qısnamalardan şübhələnməyən uşaqlar tez-tez pedofillərlə əlaqəyə girirlər.


Sosial tədqiqatlara əsasən, pedofillər daha çıx 13-15 yaşlı yeniyetmələrə maraq göstərirlər.


XS
SM
MD
LG