Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:13

«Batumi və Poti limanları ilə yükdaşımalar azala bilər»


2006-cı ildə Gürcüstan dəmiryolunun yükdaşımalara görə gəliri 257 milyon lari olub

2006-cı ildə Gürcüstan dəmiryolunun yükdaşımalara görə gəliri 257 milyon lari olub

Dəmiryol xətti ilk dəfə Gürcüstanda Poti və Zestafonini birləşdirdi. Bu hadisə çoxdan 1871-ci ildə olub. Onun üstündən bir il keçmiş - 1872-ci il oktyabrın 10-da isə Potiyə Tbilisinin özündən qatar gəldi. Bundan sonra Gürcüstanda dəmiryol xəttinin tikintisi sürətləndi. 1883-cü ildə Tbilisi-Bakı xəttinin tikintisi başa çatdı, 1899-cu ildəsə Gürcüstanla Ermənistan arasında xətt işə düşdü. Sərnişin və yük daşımaq üçün XXI əsrdə bir neçə alternativ ortaya çıxsa da, dəmiryolunun əhəmiyyəti azalmadı.


Ancaq hazırda dəmiryol qarşısında yeni tələblər qoyulur. Bu gün dəmiryol xətti sürətli, ucuz olmaqla yanaşı, daha artıq ölkələri birləşdirməlidir. Qısaca desək, bu gün dəmir yolu nəqliyyat arteriyasının vacib sahələrindəndir. Gürcüstanda dəmiryolu hətta siyasi amilə çevrilib.


Ötən əsrin 90-cı illərinin əvvəlində Gürcüstan Rusiyaya «blokada» elan etdi. Az sonra isə dəmiryolu daşımalarının qorunması məqsədi, daha dəqiq desək bəhanəsilə Abxaziyaya qoşun yeridildi. Bu da müharibənin başlanmasına rəvac verdi. Son illər Abxaziya dəmiryolu xəttinin bərpası yönündə aparılan müzakirələr nəticə vermir, elə hey yarıda qırılır. Səbəb də münaqişə edən tərəflər arasında razılığın əldə olunmamasıdır.


Bununla belə, Gürcüstan dəmiryol xəttinin mövqeləri getdikcə möhkəmlənir-2006-cı ildə Gürcüstan dəmiryolunun yükdaşımalara görə gəliri 257 milyon lari olub. Ötən il Gürcüstan dəmiryolu 22 milyon 603 min ton yük daşıyıb, bu da 2005-ci illə müqayisədə 3 milyon 616 ton çoxdur. Gürcüstan Dəmiryol İdarəsinin təqdim etdiyi rəqəmlər belə deyir. Daşınan yük arasında neft və neft məhsulları üstünlük təşkil edir. Yeni dəmiryol xətti - Qars-Axalkalaki-Tbilisi-Bakı xətti ilə təxminən 15 milyon yük daşınacağı gözlənilir. Bu haqda müqavilə də elə bu həftə fevralın 7-də Tbilisidə imzalanıb. Təxmini hesablamalara görə, yeni layihənin qiyməti 600 milyon dollar təşkil edir. Gələcəkdə bu layihə dəmiryol xətti ilə Türkiyəyə, oradan isə Aralıq dənizi ölkələrinə çıxış imkanı verir.


Gürcüstan İqtisadi Təhlükəsizlik Assosiasiyasının sədri Gia Xuxaşvili yeni layihənin üstünlükləri və əyər-əskikliklərindən danışır. Onun qənaətincə, üstün cəhətlər bunlardır: «Müəyyən mikrostruktur yaradılacaq. O qismən də olsa bölgənin biznes mühitinin inkişafına təsir göstərəcək. Burda biznes bir sadə səbəbdən inkişaf etmir, məhsul dövriyyəsi çox deyil. Dəmiryolunun yaxşılaşdırılması bu sahədə canlanma yaradacaq. İş yerləri yaradılacaq. Əlbəttə bu müsbət amildir».


Son illər Cənubi Qafqazda reallaşdırılan bütün layihələr kimi Qars-Tbilisi-Axalkalaki-Bakı dəmiryol xəttinin tikintisi də siyasi yönümlü hesab edənlar da var. Gürcüstan-Azərbaycan-Türkiyə üçbucağı siyasi ağırlığa malikdir. Bu layihə yeni müttəfiqin - Vaşinqtonun tənqidləri ilə də üzləşdi. Ağ Ev layihəni maliyyələşdirilməsində iştirakdan imtina etdi. Ermənistan prezidentinin mətbuat katibi Viktor Soqomonyan bəyan etdi ki, ölkəsi bu cür «iqtisadi layihə» adı altında maskalanmış, əslindəsə tam siyasi layihələrin qəti əleyhinədir, ABŞ-ın layihənin maliyyələşdirilməsində iştirakdan imtina etməsi də Yerevanın atdığı addımların nəticəsidir.


Buna baxmayaraq layihəni Azərbaycanın özündə maliyyələşdirənlər tapıldı.


Gia Xuxaşvili Qars-Axalkalaki-Tbilisi-Bakı dəmiryol magistralının tikintisini dəstəkləsə də, bəzi riskin olduğunu da deyir: «Deməliyəm ki, indiki halda ölkələr üçün bəzi risklər var. Bu gün yük daşınmalar Qardabani-Batumi istiqamətindədir, əgər əlavə yükdaşımalar olmasa, o zaman ölkədən daşınan yük iki istiqamətə bölünməlidir. Başqa sözlə desək, Batumi və Poti limanları ilə yükdaşıma əhəmiyyətli dərəcədə azala bilər».


Daşınacaq yükün azalacağı və ya çoxalacağı haqda heç nə demək istəmirəm, amma yayda Batumi qatarına bilet tapmaq ildən ilə çətinləşir, bu faktdır. Bu istiqamətdə hərəkət edən qatarlar hər cür rahatlığa və şəraitə malikdir deyə istirahətə yollananların çoxu avtobus və marşrut taksilərlə yola çıxmaqdan imtina edib, qatara üstünlük veriblər. Jurnalist Dodo Şonava çox tez-tez Tbilisidən Batumiyə səfər edir. O, acar televiziyasının qrup rəhbəridir. Dodo deyir ki, qatarla səfər edir: « Batumi sürət qatarı o qədər rahatdır ki, mən başqa nəqliyyat növü ilə yola çıxmağı ağlıma da gətirmirəm. Əvvəla, düz beş saatdan sonra lazım olan yerə çatırsan. Qatarın özündə hər cür şərait var. Televizora da baxa bilirsən».


Batumiyə səfərin ancaq xoş xatirələrlə bağlı olduğunu yayı Acarıstanda keçirən ermənilər də yaxşı bilirlər. Bu məqsədlə xüsusi reys Batumi-Yerevan reysi də açılıb. Sözünü qısası, Qafqaz indi elə bir məqama yetişib ki, dəmiryolu xətti yenidən müxtəlif ölkələri birləşdirir.


Günün bütün mövzuları

XS
SM
MD
LG