Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:47

Avtomobillərin qiyməti gömrükdə iki dəfə bahalaşır?


Ölkədə 800 minə qədər nəqliyyat vasitəsi var. Ən azı elə bu qədər insan da maşın almaq arzusundadır
Ölkədə 800 minə qədər nəqliyyat vasitəsi var. Ən azı elə bu qədər insan da maşın almaq arzusundadır

«Almaniyadan o boyda yolu gəlirsən, incimirsən. Ancaq, Azərbaycana çatanda maneələr başlayır… Başlayırsan rüşvət paylamağa. Maşının gömrük sənədlərini qaydaya salanda isə əsil zülm başlayır. Hələ indi yaxşıdır. Böyük növbələr yoxdur. Dekabrda növbəni 200 dollara satırdılar…»


Bunu atası ilə birgə maşın biznesi ilə məşğul olan bir gənc iş adamı deyir. Onların marşrutu belədir: Almaniya-İtaliya-Yunanıstan-Türkiyə-Gürcüstan və nəhayət Azərbaycan. Gənc iş adamının sözlərinə görə, yol boyu çox xərcləri çıxmasın deyə elə avtomobildəcə gecələyirlər: «Axır vaxtlar da qiymətləri qaldırıblar. Əgər, maşını orada 5 min dollara almısansa təqribən bir o qədər də maşının sənədlərinə xərcin çıxır. Vəziyyət çox pisləşib…»


Qüvvədə olan qanunvericiliyə görə, yaxın xaricdən gətirilən minik avtomobillərinə yalnız aksiz vergisi tətbiq edilir. Uzaq xaricdən gətirilən avtomobillərə isə aksiz vergisindən başqa əlavə dəyər vergisi, gömrük-əməlyyat haqqı və bir də idxal rüsumu tətbiq edilir. Fərz edək ki, hansısa iş adamı Azərbaycana 2000-ci ildə istehsal olunan «Mersedez-230» markalı minik avtomobili gətirib. Həmin maşının daxili yanma mühərrikinin həcmi 2300 kub santimetrdir.


«Azərbaycanda xaricdən gətirilən avtomobillərlə bağlı sadələşdirilmiş vergi sisteminə keçilərsə, qiymətlər qat-qat ucuzlaşar. Bundan da elə ilk növbədə sadə insanlar bəhrələnərlər»

Maşına idxal rüsumu tətbiq edilərkən onun mühərrikinin həcminə uyğun hesablanır. Əgər maşın təzədirsə mühərrikin həcminin 1 kub santimetri 40 sentə, köhnədirsə 70 sentə hesablanır. 2000-ci ildə istehsal olunan «Mersedes-230» markalı avtomobilin idxal rüsumu bu hesabla 1610 Amerika dolları edir. Sənədləşdirmə zamanı sonrakı prosesdə maşının qiyməti dəyərləndirilir. Yenə fərz edək ki, sözü gedən markalı avtomobili gömrük işçiləri 5 min dollar dəyərləndirdilər. Bu məbləğin üzərinə isə 25 dollar gömrük-əməliyyat haqqı və təqribən 600 dollar aksiz vergisi gəlir. Aksiz vergisi bu ilin yanvar ayının 1-dən tətbiq edilməyə başlayıb. Sonra da cəmi məbləğdən 18 faiz əlavə dəyər vergisi tutulur. Beləliklə, həmin maşının Azərbaycanda sərbəst dövrüyəyə buraxılması üçün təqribən 3500 dollar rəsmi rüsum ödənilir. Əgər, üstəlik sənədləşdirmə zamanı maşının qiyməti dəyərindən ucuz qeyd edilibsə bu zaman sahibkar gömrük işçisinə əlavə rüşvət də verməli olur. Əslində ona görə də bütün bu proses təkcə alverçilərin yox, xaricdən özünə avtomobil gətirən və ya gətirdən sadə insanın da narazılıqlarına səbəb olur. Hər halda Sulutəpə qəsəbəsindəki Avtomobillərin Gömrük Qeydiyyatı İdarəsinin qarşısında gözləyən sadə insanlardan bəziləri bu narazılığı açıqca bildirməkdən çəkinmirdilər.


Narazılıq təkcə rüsumların çoxluğundan və rüşvət hallarından deyil. Sadə insanların demələrinə görə, bir də onları bezdirən əsassız süründürməçilikdir. Onlara hətta sənədlərinin sürətini kənarda çıxarmağa imkan vermirlər. Avtomobillərin Gömrük Qeydiyyatı İdarəsindəki sürət çıxaran aparat xarab olanda isə əsassız yerə gözləməli olurlar. Gənc iş adamı deyir ki, ötən ilin dekabrında qiymətlərin yenidən artacağı gözləndiyindən Gömrük Qeydiyyatı İdarəsinin qarşısında uzun növbələr yaranmışdı. Həmin vaxt sürət çıxaran aparatın xarab olması onlara az qala bir iş gününü itirməyə başa gəldi: «Orada da bir sənədin surətini 10 manata çıxarırlar…»


Halbuki, Bakı şəhərində istənilən özəl xidmət sahəsində bir səhifənin sürətini 5 qəpiyə çıxartdırmaq mümkündür. Gənc iş adamı deyir ki, istər yenilik kimi aksiz vergisinin tətbiqindən, istərsə də son bahalaşmalardan sonra Azərbaycana xaricdən gətirilən avtomobillərin qiyməti təqribən 1000 dollar artıb.



«Orada da bir sənədin surətini 10 manata çıxarırlar…»

«Turan» İnformasiya Agentliyinin əməkdaşı Sarvan Rizvanov deyir ki, əgər bir ölkədə nəqliyyat vasitələrinə olan ehtiyacın ən azı 30 faizi daxili imkanlar hesabına ödənilmirsə onda xaricdən gətirilən maşınlara bu qədər yüksək rüsum tətbiq edilmir. O, qeyd edir ki, rəsmi statistikaya görə ötən il Azərbaycanda 121 avtomobil istehsal edilib. Bu isə hələ daxildə kütləvi avtomobil istehsalı demək deyil. Üstəlik ekspert ehtimal edir ki, həmin avtomobillər Azərbaycana kənardan gətirilərək yenidən yığılıb: «Ermənistanda da Gürcüstanda da sadələşdirilmiş vergi sistemi var. Təqribən 200 dollar ödəyib xaricdən gətirdiyin maşını dövrüyəyə buraxırsan. Azərbaycanda isə özün istehsal etmədiyin bir maşına görə həm büdcəyə, həm də şəxsi ciblərə küllü miqdarda vəsait toplanır…»


Sarvan Rizvanov deyir ki, əgər Azərbaycanda da xaricdən gətirilən avtomobillərlə bağlı sadələşdirilmiş vergi sisteminə keçilərsə qiymətlər qat-qat ucuzlaşar. Bundan da elə ilk növbədə sadə insanlar bəhrələnərlər. Onun sözlərinə görə problem təkcə rüsumların yüksək olmasından və sənədləşdirmə zamanı süründürməçilikdən ibarət deyil. Qanunvericiliyə edilən son düzəlişlərdən sonra Azərbaycana xaricdən gətirilən avtomobillər sərəhəddi keçdimi 3 gün ərzində sənədləşdirilməlidir. Əks halda avtomobil dəyərinin 20 faizindən 100 faizinə qədər cərimə edilə bilər. Bu isə xaricdən yenicə gətirdiyin avtomobili itirmə təhlükəsi ilə üzləşmək deməkdir…


Məsələylə bağlı Gömrük Komitəsinin də mövqeyini öyrənmək mümkün olmadı. Komitədən tələsməməyi məsləhət görürlər…


Azərbaycanda 800 minə qədər nəqliyyat vasitəsi var. Onların təqribən 70 faizi minik avtomobillərdir. Yəqin ki, Azərbaycanda ən azı elə bu qədər də insan avtomobil almaq arzusundadır. Deməli, söhbət yüz minlərlə insanın marağından gedir…


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG