Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:46

Artıq çəkidən azad olmağın yolu


Bakıda poliklinikaların birində piylənməyə qarşı plakat

Bakıda poliklinikaların birində piylənməyə qarşı plakat

«Mənim çəkim normadan artıqdır. Arıqlamaq üçün nə qədər çalışsam da, hər cür pəhriz saxlasam da xeyri yoxdur, gündəngünə kökəlirəm». Bu sözləri deyən Sevda xanım evdar qadındır. Gün ərzində az hərəkət edir. Artıq uzun müddətdir ki, kalorili yeməklər yeməkdən imtina edib. Amma, buna baxmayaraq, artıq çəkidən yaxasını qurtara bilmir ki, bilmir.


Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda 40-55 yaş arasında hər dörd qadından biri Sevda xanım kimi piylənmədən əziyyət çəkir. Azərbaycanda kişilər arasında orta statistik çəkinin normal - 71 kq olmasına baxmayaraq onların arasında da bu problemlə üzləşənlər az deyil. Piylənməyə kalorili və yarımhazır yeməklər, oturaq həyat tərzi ilə yanaşı həm də, müxtəlif endokrin və psixi xəstəliklər də səbəb ola bilir.


Orqanizmdə artıq çəkinin olması isə bir çox xəstəliklərə də yol açır. Məsələn, həkimlər piylənmənin şəkər diabeti, gipertaniya, ürək və sonsuzluq kimi xəstəliklərin əmələ gəlmə riskini artırdığını deyirlər. Bəs kökəlməyin, piylənmənin qarşısını almaq üçün nə etmək lazımdır? Endokrinoloq Könül İsmayılova fiziki işlə məşğul olmağı məsləhət görür: «Kökəlmənin, piylənmənin qarşısını almaq üçün ən effektiv üsul kalorili yeməkləri menyudan çıxarmaq və fiziki aktivliyi artırmaqdır. Hər gün ən azı yarım saat açıq havada yüksək templə gəzmək lazımdır. Daha çox meyvə tərəvəzə, süd məhsullarına üstünlük vermək məsləhətdir».


Hazırda əksər apteklərdə arıqlamaq üçün müxtəlif növ preparatlar da satılır. Könül İsmayılova deyir ki, belə preparatları həkim məsləhəti olmadan qəbul etməyin ağır fəsadları ola bilər. Çünki, bu dərmanlar arasında mənbəyi, tərkibi bilinməyənlər də var ki, onlar orqanizmə daha çox mənfi təsir göstərirlər. O ki, qaldı artıq çəkinin, piylərin cərrahiyyə yolu ilə aradan qaldırılmasına, Könül İsmayılova bu üsulun ən son mərhələ olduğunu deyir: «Bu cür əməliyyatların effekti var. Bunlar arasında mədənin daraldılması daha çox effekt verir. Amma məsləhətlidir ki, əvvəlcə qidanı azaltmaqla, fiziki aktivliyi artırmaqla arıqlamağa cəhd göstərilsin. Çünki, nə qədər olmasa da əməliyyat cərrahi müdaxilədir və bunun müxtəlif fəsadları ola bilər».


Günün bütün mövzuları

XS
SM
MD
LG