Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:46

Evtanaziya...


Evtanaziyaya icazə yalnız müalicəolunmaz, dözülməz əzablar verən xəstəlik halında verilir

Evtanaziyaya icazə yalnız müalicəolunmaz, dözülməz əzablar verən xəstəlik halında verilir

Hollandiyaya «mədəni inqilab» lazımdır. Ancaq hər şeyi tarixin gəmisindən tullayan yox, ahıl, məhəbbət və qüvvəsini itirən insanlara həyatda yeni məna əldə etməyə imkan verə biləcək bir inqilab… Düzdür, özünü öldürməyə qərar verən 86 yaşlı Obbe Terpstra cəmiyyəti tənqid etmir. O, «Eyn Vandax» televiziya verilişinə özü haqda açıq danışıb, bir şərtlə ki, onun haqqında reportaj yalnız ölümündən yarım il sonra efirə çıxacaq. Bununla Obbe Terpstra Hollandiyada könüllü həyatdan getmək üçün qanunvericilik bazasının olmaması probleminə diqqət çəkmək istəyirdi. Söhbət evtanaziyadan gedir. Evtanaziyaya icazə yalnız müalicəolunmaz, dözülməz əzablar verən xəstəlik halında verilir. Amma iztirabları insana bütün mənasını itirən həyatın özü verdiyi halda nə etməli barədə qanunda heç nə deyilmir.


Obbe Terpstra: «Düşünmək üçün arvadım öləndən sonra çox vaxtım olub. Nəyə lazımdır bu qədər iztirab? Mən ölmək istəyirəm! Bu, qadağandır, amma mən yenə də ölmək istəyirəm. İstəyirəm ki, sizin sayənizdə insanlar mənim hekayəmi eşitsinlər. Ola bilsin, kiməsə qəribə görünəcək ki, mən ölüm haqda belə danışıram. Lakin axı bu, daha sağlam yanaşmadır, nəinki ölümün gəlişini gəzləmək və gözləmək...»


…Ötən ilin iyulu. Obbe Terpstranın sevimli həyat yoldaşı uzun sürən üzücü xəstəlikdən sonra vəfat edib. Terpstra yavaş-yavaş tənha, tam qaranlıq dünyasına qapılır – tezliklə o, tamamilə kor olacaq. O, artıq insanlar arasında qalmağın heç bir mənasını görmür, istəyir ki, doğmaları onu daxilən möhkəm, dərrakəli insan kimi yadda saxlasınlar, sabah pis qoxuyan bitki kimi yox. Terpstra heç vaxt situasiyanın onun üzərində üstünlüyü ələ keçirməsinə imkan vermirdi.


Obbe Terpstranın oğlu Albert atasından çox əzab çəkir. Albert də arvadını itirib. İndi o, atasının intihar planlarını bilən yeganə adamdır. Ölümü sürətləndirmək (evtanaziya) Hollandiyada qanunla cəzalandırılır. Terpstra ictimai mövqeyini korlamamaq üçün planı hətta özünün sahə həkiminə də bildirməyib.


«Hazırda mən bu sirrin, xəlvəti hazırlıqların, atamı ölmək istəyində dəstəkləmək zərurətinin və bunun bütün proqnozlaşdırılan nəticələrinin yükü altında özümü olduqca yalnız hiss edirəm», – deyə Albert Terpstra bildirir.


– Siz atanızı çox sevirsiniz?


- O qədər çox ki, əgər o, həyatının qalanını dözülməz iztirabda keçirməkdən qorxursa, mən onu bu cür taledən xilas etməyə hazıram. Mən bunu edə bilərəm.


Obbe Terpstranın hekayəsini «Eyn Vandax» verilişi nümayiş etdirdikdən sonra redaksiyaya tamaşaçıların rəyi ilə dörd mindən çox məktub daxil olub. Reportajı bir neçə dəfə təkrarlayıblar, həmçinin eyni hekayələri olan bəzi hollandlarla müsahibələr yazıblar. Məlum olub ki, yaşlı adamların çoxu Terpstra ilə həmrəydirlər, ancaq onların istəklərini insani yollarla təmin edəcək mexanizm yoxdur. Valideynlərinin iztirablarına daha sakitcə baxa bilməyən övladlar isə artıq onlara həyatdan getməyə kömək etməyə hazırdırlar, amma buna cürət etmirlər, çünki bu, qanunla cinayət sayılır. Məsələyə diqqətin olmaması onunla nəticələnir ki, bir çoxları həyatı ilə dəhşətli, ağrılı üsullarla vidalaşırlar, özlərini asırlar, qatarın altına atırlar, yandırırlar…


«Biz bir-birimizə hər şeyə görə təşəkkür etdik və mən evə yollandım»


Holland Annanın atası nisbətən sağlam idi. Amma həyat yoldaşının ölümündən sonra daha yaşamaq istəmirdi. Əvvəlcə, Anna ona təskinlik verməyə, əyləndirməyə çalışırdı. Atasının daha yaşamamaq qərarının nə qədər ciddi olduğunu Anna birinci dəfə uğursuz intihar cəhdindən sonra onun həyatını xilas edən tibb personalına qəzəbləndiyi vaxt dərk edib: «Mən daim onu ziyarət edirdim, elə həmin gün də yanına gəldim», – deyə Anna bildirir: «Və o, dedi ki, mən nə istədiyimi bilirəm və yalnız bir çıxış yolu qalır - özümü asacağam. Bəlkə bu amansız səslənir. Amma siz təsəvvür etməyə çalışın ki, o, başqa cür hərəkət edə bilməzdi. Hər şey qarajda baş verdi. O, artıq qarmaq hazırlamış, onu tavandakı tirə vurmuşdu. Yaxınlarda keçirdiyi ürəktutmasından sonra atamın gücü tükənmişdi və mən gördüm ki, qarmaq zorla dayanır. Və dedim: Ata, əgər sən belə cəhd etməyə hazırlaşırsansa, səndə heç nə alınmayacaq, yıxılacaq, ombanı sındıracaq, mən də yenidən səni xəstəxanaya aparacağam və hər şey təzədən başlayacaq...Çətin ki, sənin daha belə bir imkanın olacaq. O, məndən soruşdu ki, ona kömək edə bilərəmmi? Və mən...bunu etdim. Nərdivan və çəkici götürdüm və qarmağı elə vurdum ki, artıq qopub düşməsin. Bəli, bax belə...Atam o qədər xoşbəxt və minnətdar görünürdü ki! Sonra biz oturub yenidən hər şey barədə danışdıq. Mən ona dedim ki, onun bunu etməsi məcburi deyil, amma qət edibsə, qərarına hörmətlə yanaşıram. Biz vidalaşdıq. Hər şeyə görə, bir-birimizə təşəkkür etdik. Və mən evə getdim. Ürəyimdə ümid edirdim ki, o, bunu etməyəcək. Amma ağlımla əksini düşünürdüm…»


«40 faiz insanın könüllü ölüm hüququ ideyasını dəstəkləyir»


Televiziya sorğusunun nəticələrinə əsasən, hollandların 39 faizi böyük əqrəbalarının ölmək istəyi ilə üzləşib. Rəyi soruşulanların 40 faizi insanın könüllü ölüm hüququ ideyasını dəstəkləyir. Hər il 1500 adam həyatını intiharla başa vurur, bu, gündə dörd adam edir, özü də intihar edən kişilərin sayı qadınlardan iki dəfə çoxdur. Səbəb çox vaxt müalicə edən həkimin evtanaziya hüququndan imtina etməsindədir. Beləliklə, məsuliyyət özünü öldürənin qohumlarının üzərinə qoyulur.


«Könüllü həyatdan getməyin müdafiəsi üzrə Niderland Cəmiyyəti»nin sədri Rob Jonkyerin fikrincə, nə isə bir institut yaratmaq lazımdır ki, yaşamaq arzusunu itirənlər öz əqrəbalarının yerinə müraciət edə və orada bu problem üzrə ixtisaslaşan psixoloqdan professional yardım ala bilsinlər: «Hesab edirəm ki, bu problemin həlli intihar aktının texniki baxımdan yüngülləşdirilməsində yox, ümumi-mədəni şüurun dəyişdirilməsində, ətrafdakılara görə, böyük məsuliyyət daşıyan cəmiyyətin qurulmasındadır», - deyə Rob Jonkyer bildirir: «Yəni dəyərlər dəyişdirilməlidir ki, həyat yalnız siz sağlam, cavan, yaraşıqlı və varlı olanda məna kəsb etməsin, insan çox xəstə olanda, hətta qismən sərbəstliyini itirəndə belə, özünü ləyaqətli hiss edə bilsin. Hazırda bizim cəmiyyətdə belə insanlar qiymətləndirilmir. Onlardan bəzisi özlərini qiymətləndirməməyə başlayır və həyatın mənasını itirirlər».


XS
SM
MD
LG