Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:12

Güzəştli ipoteka məbləğinin artırılması istisna edilmir


İpoteka Fondunun şöbə rəisləri İlham Kələşov və Hafiz İbrahimov

İpoteka Fondunun şöbə rəisləri İlham Kələşov və Hafiz İbrahimov

Azərbaycanda ipoteka kreditlərinin şərtləri sadələşdirildi və güzəştli ipoteka verilməsinə başlandı. Bununla bağlı «Azadlıq» radiosunun internet forumunun suallarını Azərbaycan İpoteka Fondunun rəsmiləri-Əməliyyat şöbəsinin rəisi Hafiz İbrahimov və Hüquq şöbəsinin rəisi İlham Kələşov cavablandırır


-Bildiyimə görə, ipoteka krediti verilərkən girova yalnız ev qoyulmalıdır. Axı mənim özümün evim yoxdur, məgər kreditlə aldığım ev özü girov deyilmi? İlkin ödəniş üçün pulum yoxdursa, bunu bank ödəyə bilərmi?


-İpoteka alınması üçün qaydalara əsasən, kredit verilərkən ipoteka kreditləri daşınmaz əmlakın ipotekası ilə təmin olunmalıdır. Mahiyyət etibarı ilə bu ya yaşayış sahəsi olmalıdır, ya da torpaq sahəsi. Ümumilikdə, alınan evin özünün ipotekasından söhbət gedirsə, həmin evin özünü də girov kimi qoymaq mümkündür. İlkin ödənişə gəldikdə isə əvvəllər bu 30% idi, prezidentin 23 yanvar 2007-ci il tarixli fərmanı ilə qaydalarda dəyişikliklər oldu və ilkin ödənişin məbləği 15%-ə endirildi. Həmin fərmanla ipoteka kreditlərinin Zəmanət Fondunun yaradılması nəzərdə tutulub ki, gələcəkdə həmin fondun sığortaladığı kreditlərin ilkin ödəniş məbləğinin sıfır faizə endirilməsi nəzərdə tutulur.


-Mən hazırda aspirantam. Lakin 2003-cü ildən Milli Elmlər Akademiyasında çalışıram. 3 il dövlət qulluğu ilə bağlı güzəşt mənə aid edilə bilərmi?


-Güzəştli kredit götürməsi üçün aspirantın elmi dərəcəsi və ailəsi olmalıdır. Dövlət qulluğu ilə bağlı tələb isə aspirantlara şamil olunmur. Həmin vətəndaş yalnız ümumi şərtlərlə ipoteka krediti ala bilər.


-Adımda ev ola-ola ipoteka krediti göturə bilərəmmi?


-Vətəndaşın adında ev olması onun ipoteka krediti alması üçün maneə deyil, bir vətəndaş hətta üç ipoteka krediti də götürə bilər.


-Xaricdə yaşayan azərbaycanlılar və xarici ölkə vətəndaşları üçün şərtləriniz necədir?


-İpoteka kreditləri yalnız Azərbaycan vətəndaşlarına şamil edilir. Xarici ölkə vətəndaşlarına isə ipoteka krediti verilmir.


-Yeni tikilən binalarda ev almaq üçün kredit verilirmi?


-Yeni tikililərdə də mənzillərin alınması nəzərdə tutulub, amma, söhbət konstruksiyası başa çatmış binalardan gedir. Yeni tikilidən mənzil almaq mümkündür, yalnız bu zaman digər ayrı bir əmlakın-yaşayış sahəsinin və ya torpaq sahəsinin ipotekasını qoymaq nəzərdə tutulur.


-Yeni şərtlərə ipoteka krediti nə vaxtdan verilməyə başlayacaq?


-Yeni şərtlərlə ipoteka krediti artıq 23 yanvar 2007-ci il tarixdən verilir.


-Güzəştli kredit götürmək üçün hansı sənədlər tələb olunur?


-Güzəştli kreditlər götürmək üçün ümumilikdə tələb olunan sənədlər bunlardır:


Vətəndaşın şəxsiyyət vəsiqəsinin sürəti;


Əgər evlidirsə, nikah haqqında şəhadətnaməsinin sürəti;


İş yerindən rəsmi gəliri əks etdirən arayış;


Əmək müqaviləsinin və ya əmək kitabçasının sürəti (sürətlər həmin şəxsin işlədiyi müəssisənin kadrlar idarəsi tərəfindən təsdiq olunmalıdır)


-Mənim 40 yaşım var. Həyat yoldaşımın isə 33 yaşı. Mən kredit ala bilərəm?


-İpoteka kreditləri alınması üçün yaşa olan yeganə tələb vətəndaşın pensiya yaş həddinə qədər krediti ödəyib qurtarmasıdır. Yəni sual verən şəxs kredit götürə bilər.


-Kredit götürəndən sonra mən iş yerimi dəyişsəm və ya işdən çıxsam, amma ipoteka kreditini ödəməyə üçün maliyyə imkanım olsa, bu hazırda mənə kreditin verilməsində problem yaratmaz ki? Digər sualım da budur ki, tutaq ki, mən banka krediti 1 və ya bir neçə ay gecikdirsəm, bu hansısa sənədlə tənzimlənirmi? Yoxsa, hər ay mütləq ödəniş etmək zəruridir?


-Əgər kredit götürdükdən sonra vətəndaş iş yerini tərk edirsə, bu barədə banka məlumat verməlidir, lakin o, aylıq ödənişləri ödəməyə davam edirsə və onun kredit qabiliyyəti qorunursa, onda heç bir problem yoxdur. Gecikdirməyə gəldikdə isə, vətəndaş borc ödənilməsini üç aydan çox gecikdirilərsə, onun ipoteka qoyduğu əmlaka tutuma yönəldilir.


-Kredit almaq üçün nə qədər maaş almalıyam?


-İpoteka krediti götürmək üçün maaşın azlığına və ya çoxluğuna heç bir tələb qoyulmur. Əgər borcalanın şəxsi vəsaiti kifayət etmirsə, onun yaxın qohumları, ailə üzvləri onunla birlikdə birgə borcalan qismində çıxış edə bilərlər və bu zaman onların da aylıq rəsmi gəlirləri nəzər alına bilər.


-Gələcəkdə güzəştli ipoteka kreditinin məbləğinin artırılması gözlənilirmi?


-Hazırda güzəştli ipotekanın məbləği 35 min manatdır, gələcəkdə əmlak bazarında daşınmaz əmlakın qiymətinə müvafiq olaraq, ola bilsin ki, onun məbləğinin artırılması nəzərdə tutulsun.


-Mən filologiya elmləri namizədiyəm amma, hazırda elmi işlə məşğul olmuram. Mənə güzəştlər şamil edilirmi?


-Əgər siz gənc ailə kateqoriyasına aidsinizsə və elmlər namizədisinizsə güzəştlərdən faydalana bilərsiniz. Hansı sahədə çalışmağınız əhəmiyyət kəsb etmir.


ƏTRAFLI FORUMA BAX


Günün bütün mövzuları

XS
SM
MD
LG