Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:38

Qalstukla çəkilmiş şəkil ittiham sübutu kimi…


İnsan haqları müdafiəçisi Saleh Kamrani

İnsan haqları müdafiəçisi Saleh Kamrani

«Amnesty International» Təşkilatının məlumatına görə, İran azərbaycanlısı olan insan haqları müdafiəçisi Saleh Kamrani keçən ilin sentyabrın 18-də azadlığa buraxılıb. O, 2006-cı il iyunun 14-dən Evin həbsxanasının 209-cu bölməsində saxlanıb. Bu müddətdə psixoloji işgəncələrə məruz qalıb. Təşkilat deyir ki, Saleh Kamrani xəstəlikdən əziyyət çəkməsinə baxmayaraq ona dava-dərman vermirlərmiş. Buraxılmamışdan beş gün əvvəl - 2006-cı il sentyabrın 13-də isə o, İranın İslam Cinayət Məcəlləsinin 500-cü maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrum edilib. Hökmün icrası 5 il dayandırılıb. Bu maddə «rejimə qarşı təbliğat» məsələsiylə bağlıdır.


«Amnesty International» bəyan edir ki, Saleh Kamrani birnəfərlik kamerada saxlanılıb. Dediyinə görə, həbsdə ona psixoloji işgəncə veriblər. Konkret ona həyat yoldaşının da həbs ediləcəyi ilə bağlı hədə-qorxu gəliblər. Normal yatmasına isə imkan verməyiblər. Çünki gecələr onu uzun-uzadı sorğu-sual edirmişlər. O, 97 gün birnəfərlik kamerada saxlanıb. Ancaq hərdənbir kamerasına başqa məhbuslar da gətirirmişlər ki, sonradan məhkəmədə tək saxlanmasından şikayət edə bilməsin.


2006-cı ilin iyulunda isə İnqilab Prokurorluğu onun işini istintaqa göndərib. Saleh Kamrani həyat yoldaşının həbs ediləcəyi ilə bağlı hədələrə son qoyulması və həbsdə olan vəkili Ramin Məhəmmədxaninin azad olunması tələbi ilə yeddi gün aclıq da edib.


Ona qarşı olan sübutlar kimi isə 15 il ərzindəki çıxışları, müsahibələri, yazışmaları, lentə yazılan telefon danışıqları, sms mesajları, başqa şəxslərin, o cümlədən qardaşının ona qarşı olan ifadələri, hətta qalstukla çəkilmiş şəklindən də istifadə olunub.


Günahına gəldikdə isə, o, «Amnesty International» kimi insan hüquqları təşkilatları ilə əlaqə saxlamaqda, xaricilərlə, o cümlədən, israillilərlə əlaqə qurmaqda ittiham olunub. «Amnesty International» hesab edir ki, Saleh Kamrani yalnız iranlı azərbaycanlıların və başqalarının hüquqlarını müdafiə edən hüquqşünas kimi peşəkar fəaliyyətinə görə həbs edilib. Təşkilat bildirir ki, Saleh Kamrani azadlığa çıxsa da, hakimiyyət orqanları ona və ailəsinə təzyiq edir, peşəkar fəaliyyəti ilə məşğul olmamasına çalışırlar.


Günün bütün mövzuları

XS
SM
MD
LG